Məlum olduğu kimi, Rusiya Dövlət Dumasının deputatları - Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sovet Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər.
Onlar bununla bağlı Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıblar.
Bu müqavilənin pozulması, Türkiyə kimi Azərbaycanın da maraqlarına toxunur. Müqavilənin şərtlərinə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.
Siyasi şərhçi Arzu Nağıyev hesab edir ki, bu müqavilənin ləğv edilməsi ümumiyyətlə absurd bir məsələdir: "Söhbət təbii ki, 16 mart 1921-ci ildə Rusiya Sovet Sosialist Federativ Respublikası və Türkiyə arasında bağlanan müqavilədən gedir. Bu gün Rusiya və Türkiyə arasında yaranan gərginlikdən istifadə edən Rusiya həmin müqavilənin ləğvi məsələsini gündəmə gətirməyə çalışır və bununla da Türkiyədən bir sıra ərazilərin Ermənistana verilməsinə çalışır. Bu müqavilənin pozulması Gürcüstan və Azərbaycanın da maraqlarına toxunur. Bizim üçün vacib məsələlərdən biri Naxçıvanın taleyidir. O da məlumdur ki, bu müqavilə Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakı olmadan qəbul edilib. Bu müqavilənin dəyişdirilməsi ilə bağlı təklif birinci hal deyil. Hətta 1945 -ci ildə SSRİ Türkiyəyə ərazi ilə bağlı iddialar irəli sürüb, digər böyük dövlətlərin təsiri ilə 1953-cü ildə onu bu fikirdən daşındırıblar".
A.Nağıyev bildirib ki, ümumiyyətlə bu müqavilənin ləğvi və ya ona yenidən baxılması, bütün beynəlxalq hüquq normalarına ziddir: "Birincisi BMT-nin sərhədləri tanınan dövlətlərlə bağlı qərarları var. İkincisi, ümumiyyətlə RSFSR yox, Rusiya SSRİ-nin varisidir. Müasir Türkiyə isə ancaq 1923-cü ildə yaranıb. Azərbaycan, Ermənistan və Gürcüstan isə 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olub.Yəni, bu gün nə RSFSR, nə də Osmanlı İmperiyası var. Eyni zamanda, Rusiyanın birtərəfli olaraq müqaviləni pozmağa hüquqi əsası yoxdur. Hətta əgər Rusiya birtərəfli qaydada müqaviləni pozursa, o da onun öz işidir. Burada əsas məqamlardan biri odur ki, müqaviləyə əsasən Türkiyə və Rusiya Naxçıvanın və Acarıstanın zaminləri,qarantlarıdırlar. Moskva bundan imtina edirsə, zənnimcə Türkiyə bundan imtina etməyəcək və bağlanan müqavilənin müddəalarına sadiq qalacaqdır. Bir sözlə, bu məsələ aralarında yaranan gərginlikdən istifadə edən Rusiya tərəfindən Türkiyəyə və ümumiyyətlə regiona edilən siyasi bir təzyiq vasitəsidir. Məqsəd təbii ki, nüfuz sahibi kimi özünü göstərməkdən başqa bir şey deyil".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya parlamentində "Türkiyə ilə imzalanmış Qars müqaviləsi qüvvədən düşməlidir" çağırışlarından narahat olmağa dəyməz.
Onun sözlərinə görə, birincisi, bu müqavilə pozularsa yaranacaq durum Türkiyədən çox Rusiyanın maraqlarına toxunacaq: "Çünki Türkiyə kimi Rusiyanın da üzərinə götürdüyü öhdəlik və məhdudiyyətlər var. Bu öhdəlik və məhdudiyyətlər ortadan qalxacaqsa Türkiyə üçün Cənubi Qafqazda istədiyi kimi hərəkət etmək üçün məhdudiyyət qalmayacaq. Ermənistanın narahatlığı üçün ciddi əsaslar yaranacaq. İkincisi, Naxçıvanın təhlükəsizliyindən də narahat olmağa dəyməz. Qars müqaviləsi pozulacaqsa Azərbaycan Naxçıvanın təhlükəsizliyi ilə bağlı Türkiyə ilə ikitərəfli qarantör müqaviləsi bağlaya bilər. Türkiyənin Naxçıvanda hərbi bazası olacaqsa Ermənistan ora burnunu soxmağa risk etməyəcək".
Politoloq bildirib ki, bu illər ərzində Qars müqaviləsinin varlığı Rusiyanı nədənsə çəkindirirmiş və ya Kreml bu müqavilənin bəndlərinə riayət edirmiş: "Dağlıq Qarabağ və ətraf rayonlar işğal altındadır və Rusiya birbaşa işğalçı Ermənistana dəstək verdiyini gizlətmir. Bunun özü Qars müqaviləsinə ziddir. Rusiya beynəlxalq müqavilələrə hörmətlə yanaşsaydı Krımı işğal etməzdi. Halbuki, 1994-cü ildə Budapeştdə imzalanan sazişə görə Ukrayna nüvə silahlarının Rusiyaya verilməsi müqabilində Kreml qeyd-şərtsiz Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dolayısıyla heç zaman Krıma göz dikməyəcəyini vəd etmişdi. Lakin bu vədin ömrü cəmi 20 il çəkdi".
Qeyd edək ki, 2015-ci il noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələri Rusiyanın Su-24 təyyarəsini vurduqdan sonra iki ölkənin münasibətləri kəskin şəkildə pisləşib. Türkiyə tərəfi bunu Rusiyanın onun hava məkanını pozması ilə izah edib, lakin Moskva bu faktı inkar edir. Moskva türk mallarının Rusiyaya tədarükünə məhdudiyyətlər qoyub, həmçinin Türkiyəyə turist vəsiqəsi satışını qadağan edərək Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib.
Ceyhun ABASOV