
Son dövrlər aparılmış genişmiqyaslı abadlaşdırmalar nəticəsində respublikamizin yaşayış məntəqələrində kütləvi istirahət məkanlarının sayı da xeyli artırılıb.
Həmçinin iri şəhərlərimizdəki “klassik” parklar və bağlar da insanların daha da rəngarəng istirahəti naminə müasir tələblərlə rekonstruksiya olunub. Bunlar əlbəttə, çox müsbət bir haldır. Amma insanların rahatlığı mütləq surətdə ana təbiətlə bağlıdır. Təbiətə dəyən zərbə insan həyatına da zərbədir. Odur ki, mütəxəssislər də parklar və bağlar salınarkən, yaxud yenidən qurularkən ilk növbədə düşünülməmiş, elmi əsaslara söykənməyən addımlardan çəkinməyə çağırırlar. Xüsusən də ona görə ki, son dövrün ən çox mübahisə yaradan və insan həyatına təhlükəli olduğu iddia edilən - geni dəyişdirilmiş məhsullar məsələsi yalnız qida sahəsini deyil, ətraf mühiti də təhdid etməyə başlayıb. Artıq park və bağlarımızda transgen mənşəli bitkilər -ağac və kollar, ənənəvi yerli növ yaşıllıqları get-gedə daha çox əvəzləməkdədir. Gəncənin məşhur “Sərdar bağı” da bu təhlükədən sovuşa bilməyib.
Hazırda “Xan bağı” adlandırılan, əslində tarixən “Sərdar bağı” kimi tanınan bu gözəl təbiət guşəsi Gəncənin mərkəzi hissəsində 6 hektarlıq bir sahəni tutur. Gəncənin işğalından 43 il sonra, dağıdılmış iç qalanın ön hissəsində, 1847-ci ildə Rus çarının Qafqaz canişini, el dilində desək, sərdarı tərəfindən xüsusi fərmanla salındığından gəncəlilər onu bu cür adlandırıblar. Sözügedən fərmanla bura Krımdan, Batumdan, Tiflisdən, Lənkəran zonasından, həmçinin uzaq Hindistandan nadir ağaclar və kollar gətirilib. Gəncədəki bağ məşhur Kislovodsk şəhərindəki parka oxşar olaraq ərsəyə gətirilib. Nakam, amma qürurlu şairimiz Əhməd Cavadın Gəncəyə həsr etdiyi şeirindəki “Bura Şahsevəndir, bura Bağmandır; Bura Sərdar bağı, bura Ozandır...” misraları da buraların vəsfidir.
Amma zamanın, çox vaxt təbiətin ziyanına olan axarı, bu unikal təbiət guşəsində də öz amansız izlərini qoyub. Əvəlcə, parkın torpaq və bitki örtüyünün təbii havalanmasına xidmət edən, həmin Kislovodsk parkındakı kimi kərpic ovuntusu ilə döşənmiş mərkəzi xiyabanı və digər gəzinti yolları 1970-ci illərdə başdan-başa asfaltlandı. Son təmir zamanı, 2010-cu ildə isə bu cığırlar müxtəlif tikinti materialları ilə döşəndi. Amma mütəxəssislər ən ciddi təhlükənin təmirlər zamanı parkın faunasını, onun təbii tarazlığını pozan amillər olduğunu bildirirlər. Bu haqda bizimlə öz fikirlərini bölüşən bioloq-alim, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Zaur Hümbətov son dövrlər parksalmada dekorativ məsələlərə uyaraq, geni dəyişdirilmiş ağac və kolların əkilməsinin geniş vüsət aldığını və bunun yaşıllıqların gələcəyinə heç də müsbət təsir etməyəcəyini bildirir.
“Transgen ağac və kolların xüsusiyyəti elədir ki, onlar yalnız ilk 5-6 ildə normal bitki inkişafı qanunlarına tabedirlər. Sonrakı illərdə isə bu bitkilər birdən-birə, bir növ dəlicəsinə sürətlə qol budaq, həmçinin kök ataraq ətrafdakı yaşıllıqlara, xüsusən təbiətimizlə harmoniyada olan yerli bitkilərə öldürücü təsirlər göstərə bilirlər. Transgen bitkilər yaxın əkin arealında fotosintez, tozlanma, su qəbuletmə və digər təbii proseslərə ciddi təsir edərək, yerli növləri sıxışdırırlar. Hətta mən deyərdim, “Xan bağı”nda son təmir zamanı əkilmiş transgen bitkilər bağın mərkəzi Çinarlı xiyabanındakı möhtəşəm ağaclara belə bu və ya digər şəkildə zərərli təsirini göstərir”-deyə, mütəxəssis bildirir.
Doğrudan da Sərdar bağının Çinarlı xiyabanı öz gözəlliyi ilə unikal bağsalma mədəniyyəti nümunəsidir. Elə bu yazıya verdiyimiz 1909-cu ilə aid “Yelizavetpol mənzərələri” seriyasına aid fotoaçıqcada da həmin xiyabanın əks olunması buna sübutdur. Amma son illər burada bir neçə qədim çinar ağacının gözlənilmədən aşması bəlkə də təbiətin həyəcan siqnalıdır. Uşaqlıqda burada xəzan vaxtı yerə düşən çinar yarpaqlarının böyüklüyünə təəccüblənərdik. İndi onların kiçilməsi də yəqin bir xəbərdarlıqdır.
Həmsöhbətimiz həmçinin parklarda rekonstruksiya aparılarkən mütəxəssislərin rəylərinə əsaslanmanın vacibliyini bildirir.
“Düşünülməmiş işlərin nəticəsidir ki, 2010-cu ilin təmiri zamanı bu qədim bağda bir sıra qiymətli ağaclar ləğv edilib. Məsələn, unikal Dəfnəgilas ağacları, oksigen istehsalçısında rekordçu olan Ardıc ağacları bu bağdan tamamilə silinib; Palmayarpaq ağcaqayının isə cəmi bir nümunəsi qalıb”-deyə, o,bildirir.
Bununla belə, indi də Sərdar bağında 80-ə dək ağac və kol növləri var ki, onun da əksəriyyəti nadir nümunələrdir - yarpaqları aynadakı buz kristallarını xatırladan möhtəşəm Qafqaz şamı, payızın axırlarında xoş ətri buraları götürən Osmantut - Ətirli zeytun, “beşbarmaq” iynə yarpaqları ilə seçilən uca Veymut şamı, yumpuq boyda qərzəkli meyvəsi olan Hindistan qozu da o sıradandırlar.
Onu da xatırladaq ki, Sərdar bağında adı tariximizə düşmüş bir sıra şəxslərlə bağlı izlər də var. Sovet İttifaqı Qəhrəmanı adına layiq götülmüş ilk azərbaycanlı olan İsrafil Məmmədov və görkəmli bəstəkar, uşaqların sevimli “Cücələrim” mahnısının da müəllifi olan Qəmbər Hüseynli bu bağın yuxarı və aşağı cinahlarında dəfn ediliblər.
Bağın kənarında isə Gəncəni 1588-ci ildə tuta bilmiş Osmanlı sərkərdəsi Fərhad paşa tərəfindən inşa ediən müdafiə qalasının bir fraqmenti durur. Həmin bu iç qala 1804-cü ildə çar generalı Sisianovun qoşunu ilə vuruşan Cavad xan üçün son döyüş istehkamı olmuşdu. Burda gözəl bağ salınması haqda fərman verən canişin Mixail Vorontsov da Sisianovun alaylarından birinin komandiri olub. Kim bilir, bəlkə o, Gəncəyə belə bir töhfə verməklə burda tökülən qanlara görə öz günahını da yumaq istəyibmiş.
Zakir MURADOV
Gəncə



