|
|
|
|
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin sənədli mənbələr fondunda Azərbaycanın aviasiya tarixinə aid maraqlı sənədlə bağlı araşdırmalar aparılır.
Muzeydən bildirilib ki, fondun sənədləri arasında indiyədək tariximizdə az məlum olan Əli Verdiyevin şəxsi sənədləri sırasında 1916-cı ildə ona verilmiş təyyarəçi patenti maraq doğurur.
Sənəddən məlum olur ki, 1891-ci il yanvarın 1-də Yelizavetpol şəhərində (indiki Gəncə) anadan olmuş Əli Verdiyev 1916-cı ildə Parisdə aviasiya məktəbini bitirib. Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən, Əli Verdiyev 1916-cı il iyunun 22-də “pilot-aviator” normativlərini tam yerinə yetirərək bu ada layiq görülüb. Bu patentin mövcudluğu Azərbaycan aviasiya tarixinə yeni şəxsiyyətin adını yazmağa tam əsas verir.
Muzeydə qorunan digər fotoşəkillərdən aydın olur ki, 1912-ci ildə Varşavada təhsil alan Əli Verdiyev sonralar Parisə yollanıb. Ehtimal olunur ki, azərbaycanlı təyyarəçi 1923-cü ilədək xaricdə olmuş, sonralar Vətənə qayıdıb.
Hazırda muzeyin müvafiq fondunda bu şəxsiyyətin həyat və fəaliyyətinin araşdırılması istiqamətində işlər davam edir.
GÜNEL



