|
|
|
|

Aprelin 5-də Gəncə şəhəri vətən torpaqlarının bütövlüyünün bərpası uğrunda şəhid olan övladını torpağa tapşırıb.
Cəbhədəki son döyüşlərdə şəhid olan Milli Ordumuzun zabiti, kapitan İnqilab Çingiz oğlu Quliyevin dəfn mərasimi Gəncə şəhərində əsl ümumxalq birliyi nümunəsinə çevrilib.
Gəncənin Şəhidlər Xiyabanına toplanmış, çoxu gənc olan minlərlə insan şəhidin nəşini vətənpərvərlik şüarları ilə qarşılayıblar. İgid zabitimizin dəfn mərsimində doğmaları ilə yanaşı, şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Gəncə şəhər rəhbərliyi, Qarabağ və Əfqanıstan müharibələri veteranları və ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər.
Dəfn mərasimində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizin xatirəsinin dövlət tərəfindən daim uca tutulduğu vurğulanıb, hər bir Azərbaycan vətəndaşının ölkə başçısının əmri ilə hər an işğal olunmuş torpaqlarımızın azad etməyə hazır olduqları bildirilib.
Əllərində Azərbaycan bayraqları, əklillər və qəhrəmanıq şüarları tutmuş çoxsaylı insan axınının müşayiəti ilə şəhid Quliyev İnqilab Çingiz oğlu əsgərlərin yaylım atəşi altında torpağa tapşırılıb.
Şəhidin ruhuna dualar oxunduqdan sonra onun cənazəsinin büründüyü müqəddəs Azərbaycan Bayrağı əbədi olaraq saxlamaq üçün şəhidin atasına təqdim olunub. Şəhərin minlərlə insanının qatıldığı dəfn marasimi xalq və ordu birliyinin təntənəsinə, xalqımızın ölkə başçısı ətrafında daha sıx birləşməsinin ifadəsinə çevrilib.
"Oğlum İnqilab Vətən eşqi ilə alışıb-yanan, torpaqlarımızın bütövlüyü naminə şəhid olmaqdan çəkinməyən ürəkli bir gənc idi. Bir qocaman müəllim kimi, şəhid atası kimi, bu gərgin, amma qürurlu günlərdə bir daha gənclərimizi qəhrəmanlarımızdan nümunə götürməyə çağırıram. Mən əminəm ki, ordumuzun rəşadətini nümayiş etdirdiyi bu son günlərdə xalqımızın birliyi bir daha möhkəmləndi"-deyə, şəhidin atası Çingiz Quliyev bildirib.
Qeyd edək ki, Tərtər istiqamətindəki döyüşlərdə canından keçmiş İnqilab Quliyev Kəlbəcər rayonunda anadan olub və uşaqlığını orada keçirib. İnqilab nümunəvi ailə başçısı, iki azyaşlı uşaq atası olub. Allah rəhmət eləsin!
Zakir Muradov
Gəncə



