|
|
|
|

Erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun 27 yaşlı zabiti baş-leytenant Elnur İsgəndər oğlu İsgəndərov doğulduğu Şəki şəhərində böyük izdihamla torpağa tapşırılıb.
“Report”un məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, şəhər sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Şəki rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər şəhidin yaxınlarına Allahdan rəhmət diləyib, onun qanının yerdə qalmayacağını söyləyiblər.
Şəhidin dəfnindən sonra xatirəsinə yaylım atəşi açılıb və Azərbaycan bayrağı şəhidin atasına verilib.
Qeyd edək ki, şəhid baş-leytenant E.İsgəndərov ailəli olub və bir körpə övladı var.



