|
|
|
|
Deyilənə görə, akademik Aleksandrov (SSRİ EA-nın sabiq prezidenti), akademik Yakovlevə (Sov.İKP MK-nın sabiq katibi) deyibmiş: “Uzunluğu verilən əyrinin uzunluğuna bərabər olan düz xətt parçasına bu əyrinin açılışı deyilir.
Açılmış zahirin düz görünsə də, için əyridir”. Hiddətlənən Yakovlev xəbər alıb ki, bəs sənin haran əyridir? Akademik Aleksandrov MK katibinin sözünü belə kəsib: “Mən Qaus əyrisiyəm! Ehtimalın normal paylanma əyrisi!”.
Növbəti müşavirələrin birində Yakovlev akademik Aleksandrova irad tutub ki, sənin şübhələrin həmişə əsassız olub. Akademik özünəməxsus təmkinini pozmadan “Yenidənqurmanın memarına” belə cavab verib: “Əsassız olsaydı çoxdan uçmuşdular. Əksinə, mənim şübhələrim sənin inamından əsaslıdır. Ona görə də qorxutmur səni. Niyə də qorxutsun?! Əminsən ki, uçan deyil, altında qalasan”.
Görkəmli Azərbaycan alimi, akademik Midhət Abasovun ömür yolu, sözün həqiqi mənasında, akademik Aleksandrovun dediyi Qaus əyrisidir! Ehtimalın normal paylanma əyrisi! Vətəndaş ehtimalının, ziyalı ehtimalının, müəllim ehtimalının normal paylanma əyrisi!
Midhət müəllim öz ömrü ilə çoxlarına sübut edə bilərdi ki, hər bir insanın içindəki şübhələr, çölündəki inamından əsaslıdır. Ona görə də akademik Abasov heç zaman haqqı nahaqqa vermədi. Doğrudur, arabir onun ürəyindən qənşərdəki “dəmir-beton kəllə sahiblərini” taranlamaq da keçib. Lakin həmən düşünüb ki, taran getmək hər iki tərəfin məhvi deməkdir. Bu dünyada taranlamaq uduzana yaraşır. Məhv olub məhv eləmək, məhv olub məhvə getmək insanlıq yolu deyil. Özü həmişə deyərdi ki, bax bu cür düşüncə, bu sayaq məntiq peşəkar ağayanalıq, peşəkar mənəviyyat, peşəkar əxlaq sayılmalıdır. Midhət müəllimin ömür kitabının hər sətrini oxuduqca çəkdiyi insanşünaslıq sərgisinin hər bir əsərini seyr etdikcə, bir daha məlum olur ki, bu ömür kitabının və həyat sərgisinin səbəbkarını, onun cismini və ruhunu bu qoca dünyada hər hansı bir işin maddi cəhətdən mənfəətdar olması və yaxud olmaması qətiyyən düşündürməyib. Çünki akademik Abasov daima özünü öz ruhundakı sentimentdən qoruyub. Rəhmətlik həmişə deyərdi ki, sentimental adamları həm ucuz satmaq olur, həm ucuz almaq. Sonra da əlavə edərdi ki, sentimental göz yaşları teatral göz yaşlarıdır. Yaylığında qlesirin ətri var. Özü demişkən, tənasübsüzlük, uyğunsuzluq, əndazəsizlik və həqiqi tən gəlməmək, ağlasığmazlıq, mənasızlıq onun qəlbini üzəndə belə Midhət müəllim insana və insanlığa tapınırdı. Çünki onun güvəndiyi mənəviyyat və ləyaqət işığı idi!
Bəli, akademik Abasovun kamilliyi bu zirvədə daha gözəl görünürdü. Dünən də, bu gün də, hətta sabah da Yer üzündə baş verən dəhşətləri faş eləmək dönüş nöqtəsi, qiymət şkalası, əxlaq kriteriyası əldə etmədən mümkün deyil. Çünki dünyanın bütün siyasi, iqtisadi və sosial problemləri şəxsiyyətlərin və peşəkarların mənəviyyat işığına möhtacdırlar. Nəyə və kimə lazım o təkamül və təfəkkür ki, onun inkişafının maddi tərəfi mənəvi tərəfini üstələyir?
Görkəmli alman filosofu Albert Şveyserin ən kamil tədqiqatlarından biri budur ki, təbiət insana mənəviyyat dərsi keçmir. Çünki bu nəhəng və mürəkkəb kainat xeyir və şər nədir bilmir. Təbiətin qoynundakı yırtıcı da, bu yırtıcının şikarı da ümumi bioloji qanunlara tabedir. Əgər antik dünyada Sokrat qədər yunan müdrikləri həyatın baş oriyentirini kosmosun qanunlarında axtarırdısa, Sokrat təntənə ilə bildirdi ki, özümüzü dərk edək. Bu hərəkəti ilə Sokrat təbiət aləmindən mənəviyyat aləminə ilk addım atdı. Midhət müəllimi bizlərə sevdirən əsas səbəblərdən biri budur ki, onun zəngin təbiət aləmi daima müdrik mənəviyyat aləmində addımlayıb. Doğrudur, Midhət müəllimin elmindən və təcrübəsindən faydalanan insanların eləsinə də rast gəlmişik ki, onları inamın və imanın tamamilə başqa formaları ruhlandırıb. Akademik Abasov üçün bütün bu təzadlar və ziddiyyətlər təbii görünüb: zəkaya inam, elmi-texniki tərəqqiyə inam. Midhət müəllim çoxlarından çox-çox əzəl dərk edib ki, bütün bu tanrıdan və mənəviyyatdan kənar formalar geci-tezi, kor-koranə bütlərə çevrilib. Akademik Abasovu bütün nəsillərə sevdirən əsas səbəblərdən biri də budur ki, onun insanlara bəxş etdiyi ümumbəşəri xeyir-dualar, həyatın yüksək mənasına, məişətin ali məqsədinə, estetik tələblərin obyektiv xarakterinə həsr etdiyi klassik və akademik ibadət məhəbbətin və mərhəmətin abajursuz lampasında nurlanır. Yalnız nurdan yoğrulan ömür dairəsi və həyat eşqi tarixin bütün dövrlərində insan zəkasının qüdrəti sayılan təfəkkür və təkamülün mənbəyini və köklü əsaslarını təşkil edib, yaradıb, qurub, təkmilləşdirib. Həmişə deyərdi ki, yalnız Nurun mahiyyəti xeyir və şəri dərk etməyin ilkin mənbəyi, yeganə müjdəsidir. Deyərdi ki, baxın Allaha, dinə, inam da buna bənzəyir. Quran və Bibliya onun üçün yalnız din və Allahdan bəhs edən kitab deyildi, həm də bizdən, insanlardan söhbət açan, bəşər nəslinin amansız həqiqətlər güzgüsündə əks etdirən projektor işıqlarıydı.
Dünyanı bürüyən ruhi düşkünlükdən, riyakarlıq, saxtakarlıq, əxlaqsızlıq bazarından söhbət düşəndə Midhət müəllim deyirdi ki, əfsuslar olsun ki, müxtəlif səbəblər üzündən bəzi nur sahiblərimiz axıracan səmimi olmağı bacarmırlar. Sonra da əlavə edərdi ki, “Mən Allahı dananlar cərgəsində əxlaqı təmiz insanlara rast gəlmişəm, fəqət axıracan səmimi olmayanların cərgəsində təmiz əxlaq sahibinə rast gəlməmişəm”.
Bəli, akademik Midhət Abasov həm Allahın aşiqi idi, həm də hər kəsə yetəcək qədər səmimiyyətin! Midhət müəllim insanın dilindəki yox, qəlbindəkinə qiymət verirdi. Akademik insanı hər bir vəziyyətdə şəxsiyyət görmək istəyirdi, düşünürdü ki, dualizm hər kəsin öz işidir.
Akademik dərk etdiyi həqiqəti axırıncı mərhələdə axtarmayıb, ömrü boyu soraqlayıb. Midhət müəllim hər kəlməsində sanki belə deyirdi: “Ey insan oğlu! İnsanın dünyada ən böyük səadəti faciəni üstələmək hünəridir, çünki dünyanın bütün faciələri səfehlikdən baş verir. Tarix boyu bəşəriyyət ağlasığmaz dəhşətlərə can ataraq, müsibətlər pəncəsində qıymalanıb. Fəqət dərd burasındadır ki, çox az müddət keçən kimi bu yaralar qaysaq tutub, fəlakətlər unudulub, faciələr yaddan çıxıb”.
Mənə söylənildiyinə görə, 1980-cı ildə Gürcüstan səfərindən Vətənə qayıdan Midhət müəllim yolüstü Zaqatala Turizm Bazasının qonaq evində istirahətdə olan mərhum akademik Ələddin Quliyevi ziyarət edir. Bir də görür ki, bazanın yay kinoteatrının səhnəsində qanadları yaralanmış bir ana qartal çırpınır. Ətrafına toplaşan Sovet turistləri onun yarasına acımaq əvəzinə, imkansız çırpınmasına rişxənd edirmişlər. Bu əcaib mühitdən, yersiz sataşmalardan bezdikcə uçub uzaqlaşa bilməyən qartalın gözlərinə qan sızmışdı. Zirvələr fəth eləyən qartal bu yarımlüt təlxəklərin qarşısında aciz qalmasına dözə bilmirdi. Midhət müəllim elə ordaca hirsindən və hikkəsindən qartal dimdiyinin anbaan necə çatlamasının şahidi olur. Elə həmin anlarda anası Fatma xanım qədər sevdiyi (on bir yaşı olanda Şura hökuməti atasını güllələyib) Azərbaycanı düşünür. Elə ordaca akademik Ələddin müəllimə deyir ki, qardaş, gün o gün olsun, yurdumuzda qaranquş dimdiklərini qartalların dimdikləri əvəz etsin. Azadlıq da, səadət də, müstəqillik və qüdrət də qartal yuvasında olur, qaranquş yuvasında yox! Ay Ələddin, arzum budur ki, xalqımızın “qanadları” hərdən yaralansa belə, bükülməsin, sınmasın, hikkəmizdən dimdiklərimiz çatlamasın.
Alim var ki, onun elmə yüksək vəzifə, şan-şöhrət həvəsi gətirir, alim də var ki, Vətən məhəbbəti, millət sevgisi! Akademik Midhət Abasovu elmə bağlayan Tanrı-Vətən-Millət sevdası olub. Midhət müəllimi elmə bağlayan Ata dünyası, Ana laylası, Ömür-gün Leylası olub!
Akademik Abasov müsahibələrinin birində demişdi ki: “İnsanın, xalqın və bəşəriyyətin vəzifəsi mütləq mükəmməllik haqda səmərəsiz arzulardan, ölüm kabuslarından, məhdud və şərəfsiz xidmətdən ibarət deyil, əksinə, insan, xalq və bəşəriyyətin vəzifəsi “yerdə olan hər şeyi” “göydə olan hər şeylə” razılaşdırmaqdan ibarət olmalıdır. Çünki yer üzündə Allahın hökmü, onun göydəki hökmünə tən gəlməlidir”. Akademik Abasovun ən böyük qüdrəti bax bu cür məntiqin yenilməz şeydası olmasındadır.
İtirə-itirə gəldiyimiz dünyada dəyərlər də ucuzlaşıb, insan taleyinin əlvan naxışları da. Elə ona görədir ki, seçilmiş insanlara sağlığında qiymət verməyi bacarmırıq. Hər şeyə tələssək də, müqəddəsləşən insanlarımızın qədir-qiymətini bilməkdə yaman gecikirik. Qəflət yuxusundan ayılanda isə çox gec olur. Gecikmiş canfəşanlıqlarsa toydan sonrakı nağaradan uzaq gedə bilmir və nə sızıldayan vicdanları, nə də narahat ruhları xilas edir.
Qoqol Rusiyadan Rusiyaya çağrılırdı. Keçmiş Rusiyadan gələcək Rusiyaya. Fəqət bu səfərdə qəza, bəla, faciə və müsibət, fəlakət və bədbəxtlik cilidi var... Rusiyanın “ölü canları”. Onun sözünə qüvvət, Mirzə Cəlil də bizi Azərbaycandan Azərbaycana çağırırdı. Keçmiş Azərbaycandan gələcək Azərbaycana. Bu səfərdə görünür, bizim də qəza, bəla, faciə və müsibət, fəlakət və bədbəxtlik cildimiz vardı...
M.Ə.Sabir sabun bişirəndə kirdən bədənləri deyil, könülləri təmizləməyi düşünüb. Sən də fani dünyamızda cıdıra çıxmamışdın, ömrün karvan yoluydu. Sən həmişə deyərdin ki, acgöz atı yəhərləyib sərvət və şöhrət cıdırına çıxanlar unudublar ki, mənzil dəvə belindədir. Həm də yalnız asta dəvə belindədir. Çünki bütün karvanların surətini asta dəvə nizamlayır. Bəzi nadanlar gileylənirlər ki, mənalı ömürlər də, mənasız ömürlər kimi mənasız ölümlə yekunlaşır.
Bəziləri də deyinirlər ki, bütün ömürlər mənasız olmasalar da, bütün ölümlər mənasızdır.
Əziz Midhət müəllim! Yerləri, göyləri dərk elədikcə nə ömürdə məna gəzdin, nə ölümdə! Dünyada qalacaq qədər dünya üçün, axirətdə qalacaq qədər axirət üçün mətanətin, məhəbbətin, mərhəmətin mübarək!
Rafiq ƏLİYEV
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü