|
|
|
|

Günün ikinci yarısında keçirilən prosesdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Müslüm Tarverdiyev ifadə verib.
"Report"un məlumatına görə, o, dindirilən zaman təqsirləndirilən Şamil Abduləliyevi zərərsizləşdirdiyini deyib:
"Onun əlində bıçaq və beşbarmaq var idi. Şamili yerə yıxan zaman onun arxa cibində qumbara aşkar olundu. Hadisə zamanı yaralıları Təcili Tibbi Yardım maşını ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına və Daxili İşlər Nazirliyinin hospitalına apardılar. Mən ona xəsarət yetirməmişəm. Bilmirəm, ola bilsin ki, Şamil atışma zamanı xəsarət alıb".
M.Tarverdiyev Nardarandakı əməliyyata Kərim Əlimərdanovun tapşırığı ilə getdiklərini bildirib: "Onların atəş açacağını gözləmirdim. Atəş qəfil açıldı".
Vəkil Yalçın İmanov hadisə nəticəsində həlak olan polislərdə rezin güllə olub, digərlərində isə əsil güllə olduğunu bildirib.
M.Tarverdiyev isə əməliyyata əlavə polis qüvvəsi cəlb edilmədiyini vurğulayıb: "Əməliyyatda cəmi 20 polis əməkdaşı iştirak edib".
Şamil Abduləliyev hadisə nəticəsində 3 güllə yarası aldığını və kənd sakinləri tərəfindən xəstəxanaya aparıldığını qeyd edib: "İdarədə üzləşmə zamanı polis əməkdaşı məndən üzr istədi".
Proses sentyabrın 14-də davam etdiriləcək.



