Firəngiz AĞALAR
Küçə ilə gedən gözləri parlayan, yüngül, qəşəng don geyinmiş gənc, cazibədar bir qızı gözləriniz önünə gətirin:
Bahar gəlib, ağaclar çiçəkləyib, xoş rayihə yayan külək onun yüngül donunun ətəyi ilə oynayır. Bu qız artıq vurulub. Amma kimə? Hələ məlum deyil, lakin artıq onun gözlərində sevgi işartıları parlayır, bütün gənc vücudu ilə ətrafa suallar yağdırır: “Axı hardasan, mənim əzizim?” Artıq elə bir vəziyyət yaranıb ki,kimsə təsadüfən ona yaxınlaşsa, hər hansı bir kompliment desə, yaxud kinoya getməyi təklif eləsə, o, öz özünə deyəcək: Bu – Odur! Artıq qız özü oğlanın əvəzinə fikirləşəcək, özünə nə lazım olduğunu müəyyənləşdirəcək.
İndi siz deyin: o konkret insana vurulub yoxsa öz fantaziyalarına? Əlbəttə, fantaziyalarına. Bəs bu fantaziyalarla evlənəndən sonra kimlər bir yerdə yaşayır?
Sevgi nədir? Bu suala hərənin öz xarakterinə uyğun cavabı var. Şairlər də sevgidən yazır və hərəsi də bu hissi özünəməxsus qələmə alır. Deyirlər, sevgi nevrozun müalicə olunmalı formasıdır. Simptomlara baxmaq kifayətdir: eyni adam haqqında danışmaq, ürəyin çırpınması, əllərin əsməsi, titrəmə, yuxunun pozulması. Hətta bu nevrozun elə şiddətli formasıdır ki, burada bütün canlılara xas olan özünüqoruma instinkti də işləmir. Deməli, sevgiyə tutuldunsa, bu, artıq adi xəstəlik deyil, ölümcül bəladır.
Bəzi mütəxəssislər əmindirlər ki, sevgi beyində zülal hüceyrələrinini istehsalı ilə təzahür edən mürəkkəb biokimyəvi prosesdir. Təxminən 1 il sürən bu proses isə bütün canlılarda nəslin davam etdirilməsi üçün kifayət edir. Bu prosesin başlaması çox romantik səslənməsə də, qeyd etməliyik ki, insan feromonlarının işə düşməsi ilə start götürür.
Hər bir insan qəlbində öz mənəvi xüsusiyyətlərinə, genetik koduna və tərbiyəsinə uyğun ideal obrazı yaşadır. İdealımızla qarşımıza çıxanı müqayisə etmək üçün elə də çox vaxt lazım olmur. İnsana baxmaq kifayətdir ki, xoşuna gəlib–gəlmədiyini hiss edəsən. Hələ onun gözünün, saçının rəngini, boyunun ölçüsünü bilməmiş, təhtəlşüurundakı ideal obrazla eyniləşdirirsən. Beləcə, ideal obrazla real insanın müqayisəsi tamamilə üst-üstə düşür – əla! Bu da sizə ilk baxışdan sevgi! Bütün həyatı boyu unudulmayacaq sevgi...
Bəs tez-tez vurulanlar neyləsin? Hisslərin soyuduğunu hiss edən kimi sevgini alovlandırmaq üçün yeni qığılcımlar axtarmağa başlayırlar. Böyük ədib Anatol Frans yazırdı ki, sevgi yalnız başlanğıcda gözəldir. Ona görə də biz yenə, yenə, yenə vurulmaq istəyirik. Amma görək istəklərimiz həyatın reallığı ilə üst-üstə düşürmü? Bəlkə elə ən yaxşısı öz hisslərindən qorxmamaqdır? Bəlkə elə həyatın mənası da həmişə sevmək və sevimli olmaqdadır?..