Dünən ULUS Fondu və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, problemlər, perspektiv vəzifələr" mövzusunda regional konfrans öz işinə başlayıb.
Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Ukrayna, Rusiya, İran, Gürcüstan, Qazaxıstan və Qırğızıstandan dəvət olunan mütəxəssislər iştirak edib.
Ali təhsil ocağının akt zalında keçirilən konfransın açılış mərasimində universitetin rektoru, akademik Abel Məhərrəmov çıxış edib. Konfransın əhəmiyyətindən danışan rektor Azərbaycan həqiqətlərinin dünya mediasında təbliğ olunmasının olduqca vacib olduğunu bildirib.
Daha sonra çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı professor Cahangir Məmmədli Azərbaycanın inkişaf modelindən danışıb, ölkədə multikultural, tolerant dəyərlərə xüsusi diqqətlə yanaşıldığını, dünyada dövlətimizin bu istiqamətdə gördüyü işlərin yüksək qiymətləndirildiyini deyib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə söyləyib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkandır: "Ölkəmiz multikultural, tolerant dəyərlərin təbliğatçısı olmaqla yanaşı, həm də dini və etnik ayrıseçkilik əziyyət çəkən dövlətlər sırasındadır. Keçən əsrin 90-cı illərində Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzə başlanılıb, torpaqlarımızın 20 faizi işğala məruz qalıb, bir milyondan artıq qaçqın və məcburi köçkün həyatına sürüklənib".
V.Səfərlinin sözlərinə görə, əfsuslar olsun ki, bütün bunlara baxmayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında maneələrlə üzləşirik. Burada erməni əks-təbliğatı özünü göstərir. Ona görə də, Azərbaycan dövləti daha aktiv fəaliyyətə keçərək həyata keçirdiyi beynəlxalq tədbirlər vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan və onun problemlərinə yönəltməyə nail olub".
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov isə qeyd edib ki, regionda vahid informasiya məkanın yaradılması istiqamətində işlər aparılır: "Son zamanlar bu sahədə böyük irəliləyişlər nəzərə çarpır. Lakin problemlər də kifayət qədərdir. Biz bu problemlərin həll olunması istiqamətində fəaliyyətimizi davam etdiririk".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid ULUS Fondunun fəaliyyətindən danışaraq qeyd edib ki, media ilə bağlı layihələr təşkilatın fəaliyyətində xüsusi yer tutur.
ULUS Fondunun prezidenti Şamil Şahbazlı isə qeyd edib ki, müxtəlif dövlətlərdən gələn mütəxəssislərlə birgə keyfiyyətli informasiya mübadiləsi aparmaq baxımından tədbirin əhəmiyyəti böyükdür.
ULUS Fondunun həmtəsisçisi, layihə rəhbəri Əlisəfa Mehdiyev isə konfransı həyata keçirməkdə əsas məqsədin regionda media üzərindən dostluq körpüsü yaratmaq olduğunu bildirib.
Tədbirin rəsmi hissəsindən sonra İstanbul Universitetinin professoru İrfan Çiftçi, general-leytenant Yaşar Aydəmirov, MDB İnstitutunun direktor müavini Vladimir Jarixin, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və digər yerli və xarici mütəxəssislərin mövzu ilə bağlı məruzələri dinlənilib.
Qeyd edək ki, ikigünlük konfrans bu gün başa çatır.
Ceyhun ABASOV