Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
APA-nın xəbərinə görə, iclasda komitənin MM-in 2016-cı il payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və 2017-ci il yaz sessiyasının iş planı layihəsi müzakirə olunub.
Komitə sədri Arif Rəhimzadə görülən işlər barədə geniş məlumat verib.
Millət vəkili Fəttah Heydərov bildirib ki, komitə ötən dövrdə uğurlu fəaliyyət göstərib, qəbul edilən qanunlar bələdiyyələrin fəallığına müsbət təsir göstərib.
Millət vəkili deputatların və bələdiyyələrin ölkədə kənd təsərrüfatının inkişafı sahəsində öz səylərini əsirgəməməsini zəruri saydığını deyib:
“Qəbələ rayonunda əsasən maldarlıqla məşğul olurlar. Yay aylarında Qəbələdə heyvandarlığın inkişafı üçün münbit şərait var, ancaq qışda aran rayonlarında qışlaqlara ehtiyac yaranır. Əvvəllər Qəbələ əhalisinin qışlaqlardan istifadə sahəsində problemi olmayıb. Amma son zamanlar bu sahədə müəyyən problemlərə rast gəlinir. Belə problemlər aradan qaldırılmalıdır ki, kənd təsərrüfatının, maldarlığın inkişafı daha sürətli olsun”.
Daha sonra iclasda komitənin MM-in 2016-cı il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı qəbil edilib, yaz sessiyasının iş planı layihəsi təsdiqlənib.
Layihəyə bələdiyyə torpaqlarının idarə edilməsi, statusu, maliyyələşməsinin əsasları haqqında qanunlara dəyişiklər, Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.