|
|
|
|

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi və Xidmətin yaradılmasının 5-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin X - XI sinif şagirdləri arasında keçirdiyi “Sabahın əsgəri” adlı yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi üçün Xidmətin Aparatında tədbir təşkil olunub.
Xatırladaq ki, müsabiqəyə ötən il dekabrın 1-dən bu ilin yanvarın 18-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına təqdim olunmuş yazılar buraxılıb. Təqdim olunan yazılarda gənc nəslin hərbi vətənpərvərliklə bağlı duyğu və düşüncələri, onların milli dövlətçilik ənənələrimizə ehtiramı, qüdrətli ordu quruculuğu yolunda görülən işlərə özünəməxsus münasibəti, sabahın əsgəri haqqında anlayışı əksini tapmalı idi. Müsabiqəyə təqdim olunan yazıların təbliğat, maarifləndirmə, çap məqsədilə Xidmətin nəşrlərində istifadə edilməsi də nəzərdə tutulub.
Müsabiqənin yekunları ilə bağlı mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, müsabiqə qalibləri və qonaqlar iştirak ediblər.
Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açaraq müsabiqə haqqında məlumat verib. O, 2016-cı ilin dekabr ayının 1-dən 2017-ci ilin yanvar ayının 18-dək davam edən müsabiqəyə təqdim edilmiş yazıların münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblərin müəyyənləşdirildiyini vurğulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik-leytenant Yusif Mirzəyev müsabiqənin qaydaları və qiymətləndirmə meyarları haqqında məlumat verib.
Tədbirin sonunda “Sabahın əsgəri” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Əslən Ağdam rayonundan olan, Kəlbəcər rayonu 56 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Yılmaz Səfərov “Mən sabahın əsgəriyəm!” sərlövhəli yazısına görə müsabiqənin 1-ci mükafatına layiq görülüb. Kəpəz rayon 15 saylı orta məktəbin şagirdi Səbinə Verdiyeva 2-ci, Şəki şəhər fizika, riyaziyyat və humanitar təmayüllü liseyin şagirdi Zəhra Qasımlı 3-cü yeri tutub. Bir qrup iştirakçıya isə həvəsləndirici mükafatlar verilib. Qaliblərə müvafiq hədiyyələrlə yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəxri diplomları təqdim edilib.
MÜŞFİQ




