|
|
|
|

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin 5 ili tamam olur.
Müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun olaraq qurulması məqsədi ilə 2012-ci ilin fevralın 13-də prezident İlham Əliyevin fərmanına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Komissarlıq, eləcə də Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı ləğv edilərək onların bazasında sözügedən Dövlət Xidməti yaradılıb. Geridə qalan bu illər ərzində Səfərbərlik Xidməti həyata keçirdiyi uğurlu fəaliyyəti ilə ictimaiyyətin diqqət mərkəzinə düşməyi bacarıb. Bu da qurumun qarşısına qoyulan öhdəlikləri layiqli şəkildə yerinə yetirdiyini, göstərilən etimadı doğrultduğunu deməyə əsas verir.
Səfərbərlik Xidmətinin fəaliyyətindən danışan Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov qeyd edib ki, gənclərin fiziki və mənəvi cəhətdən sağlam olmaları üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müxtəlif tədbirlər həyata keçirir: "Faktlar və müşahidələr, cəmiyyətin münasibəti göstərir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti, Azərbaycanda çağırış və səfərbərlik sistemi müasir standartlara cavab verir. Bu olduqca təqdirəlayiq haldır".
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, müharibə şəraitində yaşayan bir ölkə hərb sənayesinə, onun qurulmasına, hərbi işin təşkilinə böyük önəm verməlidir: "Bu baxımdan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkəmizdə hərbi sistemin inkişafı üçün bütün zəruri addımları atır. Azərbaycan dövləti hər zaman hərbi işin daha da yüksəlib müasir standartlara cavab verməsinə xüsusi diqqət yetirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması bu qəbildən olan təqdirəlayiq addımdır. Xidmət yaranandan sonra respublikamızda hərbi sistemin daha da təkmilləşməsi, müasir formada qurulması, hərbi çağırışçıların hazırlıq və məlumatlılıq səviyyəsinin artırılması istiqamətində olduqca mühüm işlər görülüb".
"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə deyib ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlər həyata keçirilir: "Səfərbərlik Xidməti öz fəaliyyəti dövründə normativ hüquq sənədlərinə, sözün müsbət anlamında yaradıcı yanaşaraq, bir dövlət orqanı kimi, öz mandat və missiyasının fəlsəfəsinə uyğun olaraq, dövlət-vətəndaş münasibətlərində yaddaqalan çalışmalarla seçilib. Etiraf edək, bu Xidmət öncəki illərdə müşahidə olunan bəzi mənfi tendensiyaların qarşısını alaraq, son illər çağırışçıların bölgüsündə ədalətliliyi təmin etməsi, elektron xidmətlərə keçməsi ilə daha çox diqqəti cəlb edib".
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov isə qeyd edib ki, aparılan ordu quruculuğu işlərinin nəticəsidir ki, 5 il bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb: "Bu illər ərzində Səfərbərlik Xidməti tərəfindən əsaslı tədbirlər görülüb, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilib. Ötən müddət ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib".
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov isə deyib ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir: "Uğurlu siyasətin nəticəsi olaraq müasir gəncliyimiz bu gün tariximizə, ənənələrimizə, mədəniyyətimizə bağlıdır, Vətəninə xidmət etməyə, torpağı üçün canından keçməyə hazırdır. Bu istiqamətdə aparılan işlərdə təbii ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin böyük rolu var".
S.Hüseynov hesab edir ki, Səfərbərlik Xidməti 5 il ərzində uğurlu fəaliyyət yolu keçib: "İnanırıq ki, fəaliyyətinin növbəti illərində Dövlət Xidməti gənclər təşkilatlarlı ilə daha sıx əməkdaşlıq quracaq, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, hərbi qulluğun təbliği istiqamətində yenilikçi layihələr və tədbirlər ilə çıxış edəcək".
"Virtual Qarabağ" İKT Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev isə bildirib ki, ötən 5 il ərzində Dövlət Xidməti qarşıya qoyduğu məqsəd və vəzifələrə nail olub, ordu ilə cəmiyyət arasında körpü rolunu oynamağı bacarıb: "Xüsusən, məktəb şağırdlərinin hərbi-idman oyunlarına cəlb edilməsi onların ordu sıralarında xidmətə hazırlanmasına təkan verir, gənclərin hərbi xidmətə, hərbi təhsilə maraqlarının artmasına səbəb olur. Bütün bunlar ümumilikdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun gücləndirilməsi işinə mühüm töhfə verir".
Milli QHT Forumu İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalı isə qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bir mərkəzi icra hakimiyyəti orqanı olaraq, vətəndaşlarımızın həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və digər önəmli vəzifələrlə yanaşı hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində dövlət siyasətini yüksək səviyyədə həyata keçirir.
Ceyhun ABASOV



