
Bu gün BSU slavyan xalqlarının dillərini tədris və təbliğ edən unikal tədris ocağıdır. Bu dillər sırasında Çex dili də vardır. Belə ki, universitetdə artıq 1996-cı ildən “Çex dili” və 2000-ci ildən isə “Çexiyaşünaslıq” ixtisası üzrə mütəxəssis hazırlığı həyata keçirilir. BSU-da həmçinin 2010-cu ildən Çex Dili və Mədəniyyəti Mərkəzi də fəaliyyət göstərir. Müasir texniki avadanlıqla təchiz edilmiş mərkəzin nəzdində bədii ədəbiyyat nümunələri, Çexiyanın tarixi, iqtisadiyyatı və Çex dili üzrə nəşrlərdən ibarət kitabxana müəllim və tələbələrin xidmətindədir. Mərkəzin əsas vəzifəsi Azərbaycan və Çexiya arasında mədəni əlaqələrin inkişafına yardımçı olmaq, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin universitetdə çexşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Mərkəzdə Çexiyanın tarixi və mədəniyyəti ilə bağlı tədbirlər, bu ölkənin dövlət, mədəniyyət və elm xadimləri ilə görüşlər, mühazirələr, seminarlar təşkil edilir. Çexiya Respublikasının nüfuzlu ali təhsil ocaqları ilə də BSU-nun sıx əlaqələri vardır.
Bu uğurlu əməkdaşlığın göstəricisi kimi ölkəmizdə rəsmi səfərdə olan Çexiya Respublikası Deputatlar Palatasının sədr müavini cənab Yan Hamaçek və onun başçılıq etdiyi nümayəndə heyəti 16 aprel tarixində BSU-nun qonağı olmuşlar. Çexiya Respublikası Avropa Məsələləri üzrə Komitənin sədri Yan Bauer, sədr müavini Frantişek Novosad, komitənin sədr müavini Yaroslav Lobkovits Novosad, üzvü Sonya Markova, komitənin katibi Lenka Mozqova, Çex Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Radek Matula, Azərbaycan Respublikasının Çexiyadakı Səfiri Tahir Tağızadə və başqaları da bu görüşə qatılmışdılar.
Görüşü giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev cənab Yan Hamaçeki və digər qonaqları salamladı: “Mən bu gün çexiyalı yüksək qonaqlarımızı universitetimizdə görməkdən məmnunluq duyuram. Güman edirəm ki, Azərbaycanla Çexiya arasında bu gün müəyyənləşən dostluq və əməkdaşlıq münasibətlərinin elmi, nəzəri istiqamətini çexiyalı həmkarlarımızla biz öz çiynimizə götürürük. Bu auditoriyada əyləşən tələbələrin sevincli günüdür, onlar digər tələbə dostlarından daha vüqarlı gəzirlər, çünki onların sizin kimi qonaqları gəlib”. BSU-da təhsil alan “Çex dili” və “Çexiyaşünaslıq” ixtisasına yiyələnən tələbələr haqqında ətraflı məlumat verən K.Abdullayev Çexiya universitetləri ilə sıx əlaqələrimizin olduğuna baxmayaraq, yeni əlaqələr qurmaq arzusunda olduğunu da dilə gətirdi: “İnanırıq ki, Azərbaycan və Çexiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsində Sizin ölkəmizə gəlişiniz xüsusi rol oynayacaq”. Rektor çıxışının sonunda görüşün baş tutmasında əməyi keçən səfir Radek Matulaya və səfir Tahir Tağızadəyə dərin təşəkkürünü bildirdi.
Çexiya Respublikası Deputatlar Palatasının sədr müavini cənab Yan Hamaçek universitet tərəfindən göstərilən səmimi münasibətə görə dərin təşəkkürünü bildirdi. Çexiya və Azərbaycan arasındakı yüksək iqtisadi əlaqələrdən ətraflı məlumat verən Yan Hamaçek bu münasibətlərin həm mədəni, həm də təhsil sahəsində də inkişaf etdiyini vurğuladı. İlk dəfə Bakıya 2008-ci ildə gəldiyini qeyd edən Yan Hamaçek bu gün paytaxtımızın daha surətlə dəyişdiyinin və inkişaf etdiyinin şahidi olduğunu bildirdi. “Əziz Azərbaycan gəncləri, siz fəxr etməlisiniz ki, gündən-günə güclənən və inkişaf edən bir ölkənin vətəndaşlarısınız. Müəllimlərinizin sizə verdiyi biliklər isə sizin ən böyük kapitalınızdır. Çex dilini yüksək peşəkarlıqla öyrənən, bu dili özlərinə ixtisas kimi seçən tələbələrə də öz dərin minnətdarlığımı bildirirəm” deyən Yan Hamaçek daha sonra tələbələrin çoxsaylı suallarını cavablandırdı.
BSU-da Çex dili və mədəniyyətinə tələbələrin marağından danışan rektor K.M.Abdullayev gələcəkdə universitetdə çexiyaşünaslıq üzrə təhsil alan tələbələrin Çexiya Respublikasının parlamentində təcrübə keçmələri barədə təklif irəli sürdü və bu təklif Yan Hamaçek tərəfindən müsbət qarşılandı.
Sonra çexiyaşünas tələbələr Çex dilində Karel Hynek Maçanın “Maj” şeiri və Mixal Davidin “Deti raje” mahnısını ifa etdilər.
Yan Hamaçek və onu müşayiət edən qonaqlar BSU-da fəaliyyət göstərən Çex Dili və Mədəniyyəti Mərkəzi ilə tanış oldular. Mərkəzin əməkdaşları tərəfindən Çex dilinə tərcümə edilmiş Hüseyn Cavidin “Şeyda ”əsərini cənab Yan Hamaçekə hədiyyə etdilər. “BSU-nun Qonaqları” kitabına xatirə sözlərini yazan cənab Yan Hamaçek tələbə və müəllimlərlə xatirə şəkli çəkdirdi.
Günay ƏLİYEVA



