İlahi! Sən Onlara rahatlıq ver...
İlahi! Təskin et!..
Sən onlara səma nəğmələri göndər,
təsəlli səp...
lll
Yox, Rüzgar! O cürə əsmə sən!
Torpaqda...
Torpağın altında
dipdiri ölülər var!
Diksinə bilər Onlar...
Alt-üst etmə torpağı ,ey Rüzgar,
Onlar onsuz da yazıq!
Tələf olubdur, Onlar!
lll
Orda Ölülər yatır...
Orda Ölülər dipdiri! Oyaqdır,Ölülər...
Zikkələri,səsləri oyaqdır!
Onların sümük xatirəsində,
indi yalnız
diri-diri
torpağa əndərilmiş Böyük Hürkü,
şaşqın qışqırıqlarının yaddaşı
yaşayır!
Bir də ki... “ Lənət sənə Faşizm!”-
“Lənət sənə, lənət sənə!..” - hayqırıqları yaşayır!..
lll
İndi Onlar dərin uğultularda
Simvolik Marsilyoza vıyıltısı oxuyur...
Sivil dünya bir şey anlasın deyə!
Xor oxuyurlar Onlar
Vəhşətə!!!
Dünya bir şey eşidə bilsin deyə!
lll
Hə,Rüzgar! Eşidə bilirsənmi,
Səslərin ən mükəmməli
Əsrin Simfoniyasını? - Ölülər himnini!-
Onlar yerin mantiya qatından
Məkrin Oyun işinin
məcmusunu-
məşum nəğmələrinin
Odasını oxuyur...
lll
Al Onların Güclü Faciəsini
qarışdır fırtınalı hirsinə, Səsləri....
Apar ötür onlara da -
O tay, bu tay Okeanı zəbt edib oturmuş,
Zorunlara! Atları Əflatun Fironlara da!
lll
Bəli, cahan!
O torpağın adı Məlul Xocalı!
Çəpəri qalın çəkilib...
Hərdən soruşuram Ondan
xəyalən:
“-Xocam!.. Məğlubum!.. Necəsən?
Yoxsa dağ çəkdi sinənə tarixi dilənçi -
Bəd Qonşu?-
Drammatik “Yazıq Erməni” ilə
Məşhur Qırmızı Qospodin?” -
O! Qospodi! Nə nazik əndişədə olmuşdur
Köhnə Sovet humanisti?-
Motoatıcı daşıyan
kütləvi qırğın maşını?-
“Möhtəşəm” bir Alay!!!
lll
Ah, mənhus düşüncə!
Necə yəni, Allah yaradanı sən,
Bir gecədə yox edəsən?!
Əhsən,ey İnsan,əhsən,
Sən bu antik işinlə
Xirosima dəhşəti, Xatın faciəsini də
Çox-çox arxada qoydun!
lll
Bəs əsiri-yesirlər? Bir deyil, on deyil,
Min-mindir,yüz mindir əsirlər!
Sarsılan, əzilən həyatlar -
yüz min,yüz min,
yüz min,yüz min...yüz mindir!
lll
Ah! Boğulur,cocuqlar,
Yorulur torpağın altında
Cocuqlar!
Əlləri,qolları yorulur...
Heç bir şey anlamır,Cocuqlar!
Cocuqlar top-top oynamaq istəyir,
torpağın altında.
Cocuqlar birtəhər ovunar
Havasız...
Torpağın altında...
Ancaq ki, ana məməsi istəyir
körpələr torpağın altında!
Heç bir şey anlamır inqaaalar!..
inqalar ana döşü əvəzinə
İndicə torpağı əməcəklər!..
lll
Ah, Rüzgar! Dostum ol!... Bura bax...
Sən torpağı süpürüb ötəndə,
şayəd görə bilirsənmi hərdənbir
belibükük əkinçi-biçinçi kölgələri...
Öpə bilirsənmi sən arada,
boşuna yellənən sünbüllü zəmiləri?
Bəs
O Nəhəng Ananı-Ən Nəhəng Qüssəni
Gördünmü?
Görmədiiiiin?..
O sənə heç bir şey demədiii?
Demədimi,
Bütün Oyaq Kölgələr - hamısı Ah?!..
Yox! Dedi! Mən eşidirəm Onu!
Eşidə bilirəm
Onların hamısını!
Bir-birinin ətəyini dartışdıran
Heç bir şey anlamadan
burnunu qurdalayıb
zırıldayan uşaqların
Ölüm Şərqilərini
Mən eşidə bilirəm!
lll
İlahi! Sən Onu sakit et!
Gözlərində alov var,
Alov alışır Onun, bu ilahi Fosforun...
Bütün sümüklərində; Xocalı yanırmış,
Xocalı alovda... Of, allah, allah, allah,
Xəritənin göbəyi - Qədim Mesopotamiya -
Bağdad da yanırmış!..
Onun göz çuxurlarında...
Bir yandan da çəkic döyür beynində,
Ona yad ahənglər.
Ağır qalay kimi basır,
Cənghacəng-canqacunq səslər...
Yorur Onu yeknəsəq yad ahəng!
Onun qulaqlarında
yerlə-yeksan olub qalmış
uşaqlarının səsi, yiyəsiz avazlar,
toz kimi, qum kimi ələnən
azan səsləri yaşayır!
lll
İlahi! Kömək ol! O təkdir!.. Anadır...
Tək qalıb... torpağın üstündə...
Biçarədir...
O elə köməksiz, elə müti ki!...
O Ruhdur!.. Güc gəlib torpağa...
Gəlib ki, oxusun
Laylasını üst qatda!..
Gəlib ki,
Eşitsin Onu Dünya üst qatda!..
Onunla bərabər hönkürsün
bu məşum nağıla
İnsan olan bəşər də!...
Axı qalın yorğan çəkir,
Nəhəng faciə üstünə
Üst Qatlar!
lll
Və son nəqarat, son epiloq kimi O,
elə hey hayqırsın: Cavabdehsiz!
Cavabdehsiz, Cavabdehsiz,
Cavabdehsiz, belində hərb gəzdirən
Cahanşümul Şümürlər!
Müntəzirsiz cavaba, Cahan Goreşənləri!
Dünyanı bazar bilən
Müsrəsna “Alış-veriş Əmiləri!..”
lll
Ah, göyərçin balaları neylədiz?
Neylədiz, Nəfəsləri? Əmilər!..
Hanı Səslərrr?!.
Amma sərçə deyildi Onlar,
Əmilər!
lll
Heç girirmi yuxunuza
sönən işıqlar, həyatlar,
lal baxan ləpirlər...
Üşüdürmü Sizləri hərdənbir
xərək-xərək Ölülər?
Təbəssümü qəfil kirimiş olan
Uşaqların məzlum pıçıltıları?
Əmilər!!!
lll
Ah, yetim baxır nəbatat...
O küknar hələ də ağlayır...
Yonur tökür saçlarını yoncalar,
o balaca qız üçün.
Çöl boyu qaçışan
“can gülüm can” oynayan uşaqlarçün
Darıxır yoncalar... ağaclar!
Bu ayrılıq felinə Sizsiniz günahkar,
Bəşəri Zalımlar!
lll
Əl çəkin! Qırın hərbin belini!
Dağıdın təbilini siz onun!
Doğrayın müharibə sözünü,
Siliniz lüğətlərdən!
İnsanı düşünün! Ürəksiz Məliklər!
Dünya Kələkbazları!
Dü-şü-nünn!!!
Dünya yalnız sizin deyil!
Düşünün!!!
Düşünməyə çox dəyər!..
lll
Ah, yetim baxır o Bağçabağ...
O qızın qıvırcıq tellərindəki
yaş danəciklərini...
parıltını...
danələri...axtarır... Bağçabağ!..
Ah, nə yazıq!..
lll
İlahi! Sən onları rahat et...