|
|
|
|

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” bioqrafik silsiləsindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş “Zərifə Əliyeva” kitabının təqdimat mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın dünya tibb elminə verdiyi əvəzolunmaz töhfələrindən danışıb. Bildirib ki, son illər “Görkəmli adamların həyatı” seriyasından yazıçı Hüseynbala Mirələmovun “Heydər Əliyev” və “İlham Əliyev” kitabları da çap olunub. Müəllifin “Zərifə Əliyeva” kitabı 2010-cu ildə Moskvadakı “Molodoya qvardiya” nəşriyyatında rus dilində çap olunub. Bu il isə “Azərbaycan” nəşriyyatında Kifayət Əhmədqızının tərcüməsi ilə “Zərifə Əliyeva” kitabı Azərbaycan və ingilis dillərində işıq üzü görüb. Bu kitablar bir nəslin üç böyük şəxsiyyətinə müəllifin dərin ehtiramının ifadəsidir.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev isə Zərifə xanım Əliyevanın daim Azərbaycanı düşündüyünü, insanlar üçün çalışdığını, ehtiyacı olanlara həmişə kömək durduğunu diqqətə çatdırıb.
Nazir müavini bu seriyadan olan kitabların bundan sonra da yazılmasının vacibliyini bildirib.
Digər çıxış edənlər də 16 fəsildən ibarət olan “Zərifə Əliyeva” kitabının məziyyətlərindən danışıb, görkəmli şəxsiyyətin zəngin həyatını və elmi fəaliyyətini əks etdirən maraqlı bədii-publisistik materialların və fotoşəkillərin toplandığı kitabın bu böyük insana həsr olunan çoxsaylı qiymətli nəşrlər arasında özünəməxsus yer tutduğunu söyləyib.
Qeyd edilib ki, kitabda fakt və xatirə, bədii təsvir, lirik tərənnüm və fəlsəfi mühakimə bir-birini tamamlayır. Kitabda göz həkimi, humanist insan Zərifə xanım Əliyeva barəsində yer almış bir-birindən maraqlı xatirələrin işığında onun obrazı daha nəcib, səmimi və ülvi təsir bağışlayır.
Kitabın müəllifi H.Mirələmov isə çıxışında nəşrin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür etmiş və bioqrafik silsilədən yeni-yeni kitablar yazacağını söyləyib.
Tədbirdə, həmçinin Zərifə Xanım Əliyeva ilə bağlı “Vəfa dərsi” adlı klip nümayiş etdirilib.
Tədbirin sonunda isə iştirakçılar Milli Kitabxana tərəfindən təşkil olunmuş “Zərifə Əliyeva-90” kitab sərgisinə baxıblar.
GÜNEL



