Məşhur bir təyyarə bileti axtarma saytının yaydığı məlumatlara görə, ərəb və Balkan ölkələrinin Türkiyəyə marağı gedərək artır.
Şirkətin apardığı araşdırmanın nəticələrinə görə, Türkiyə ilə yaxın əlaqələri olan ərəb və Balkan ölkələri turistik səfərlər üçün bu ölkəyə gəlməyə üstünlük verir.
İqtisadi və ticari əlaqələrlə yanaşı, son illərdə bu ölkələrlə münasibətlərə seriallar da təsir edib. Türkiyə seriallarının bu bölgələrdə Amerika və Latın Amerikası istehsalı olan serialları belə geridə qoyduğu məlum olub.
Bosniya-Hersoqovina, Xorvatiya, Kosovo, Makedoniya və Serbiya kimi Balkan ölkələrindən Türkiyəyə təyyarə bileti axtarışları 2011-ci illə müqayisədə 2012 və 2013-cü iillərdə iki dəfəyə yaxın artıb. Araşdırmaya görə, son dövrlərdə yayımlanan türk serialları sayəsində bu ölkələrdə Türkiyə mədəniyyətini daha yaxından tanımaq istəyənlərin sayı artıb.
Ərəb ölkələrindən, xüsusilə Küveyt, Qətər, İordaniya, Yəmən və Livandan Türkiyəyə bilet axtaranların sayı 100, Bəhreyn və Səudiyyə Ərəbistanından bilet axtaranların sayı isə 200 faiz artıb. Ərəb turistlər xüsusilə türk seriallarının çəkildiyi yerləri və platformaları ziyarət etmək istəyir.
TRT