rok-n-roll xatirəsi
bir xatirəm yaşayır növbahar kafesində
bir ruh kimi yaşayır guya ki bəxtiyardı
təsəlli aramıram daha yağmur səsində
bir zamanlar dünyada başqa bir adil vardı
bu kafeyə gələrdi soyuq şərab içərdi
hər günü son gün kimi yaşayardı dünyada
dost dediyi adamın günahından keçərdi
sevdiyi bir qadını öldürərdi röyada
lennonun eynəyinə bənzəyirdi eynəyi
bir rok-n-roll havası vardı dərdli başında
heç sözünə baxmazdı ritmi pozuq ürəyi
saqqalı ağarmışdı hələ otuz yaşında
ölümün yalnızlığı səsləyir onu bəzən
umudun ağ yelkəni uzaqlaşır hər səhər
növbahar kafesini əbəs axtarırsan sən
sənə demişdim axı labirintdi bu şəhər
pəncərəmin şüşəsinə yazdığım şeir
pəncərəmin şüşəsində və masanın üstündə
titrək işıq ləkələri kağız qələm və saat
bardaqda bir fincan su
yağlı boya kətan tütün və tənhalıq qoxusu
deməli mən bu evdə yaşayıram hələ
deməli davam edir həyat
həyat belə davam edərsə əgər
mən ölüm şərabımı son damlasına qədər içməliyəm
şirin candan vaz keçməliyəm
son dəfə bir gözəl musiqi dinləməliyəm
sonra durub vəsiyyət şeirimi yazmalıyam
son siqaretimi çəkib özümü asmalıyam
v zelyonıy veçer pod oknom
na rukave svoyom poveşus*
ilk şeirimi yazdığım zaman şairləri ölümsüz bilirdim
o gecə ay doğmuşdu dağların üstündə
o gecə mən gümüş aya ismarladım
baxtsız talesiz şairləri
indi ürək ağrısı ilə xatırlayacam
insanın böyük adına bağışladığım şeirləri
türk kafesində köhnə dostumu xatırlayıram
buludlar sınıb tökülür buludlar
umudlar qafası sərxoş umudlar
bir səhər aynaya baxanda
laxtalanmış qan ləkəsi görəcəksən yaxanda
onda qoca mefistofel gülümsəyər üzünə
sən o gündən düşmən olarsan özün özünə
fəqət uzun yollar var hələ sənin önündə
bəlkə bir yağmur mələyi
bəlkə bir sevda çiçəyi
xilas edəcək səni günlərin bir günündə
bir küçə davasında dost olmuşduq biz
sonra pivə günəş dəniz
qum üstündə futbol
və ağlı başdan alan rok-n-roll
unut umu küsüləri unut
mən çoxdan qapamışam haqq hesab dəftərini
yalqızlıq bir silahdı tətiyi qapıya bağlı
indi sən nə söyləsən anlamsız olacaq
ayrılıq havasına gözlərimiz dolacaq
mən sənin portretini çəkəcəkdim
özü də pəncərə önündə
ayrılıq girdi araya ayrılıq
yasəmən qoxulu bir yaz günündə
mən bir ömür boyu şəhər şəhər daşıdım umudun cəsədini
hər qapı arxasında bir insan dramı
bir məhəbbət macərası
bir ayrılıq hekayəsi
bir faciə yaşanır
yalnızlıq bir silahdı fələyi ürəyə bağlı
bir güçə davasından sonra dost olmuşuq biz
bir ruzgar kimi keçdi gəncliyimiz
bilirəm, bilirəm səni sırtından vurdu qədər
bir gün məni axtarsan əgər
sən bildiyin türk kafesində olacağam yenə
sən məni unutsan da mən dua edəcəyəm sənə
sentimental melodiya
məndillə gözünü silən bir qadın
ürəyində gizlədib ağısına həyatın
ilahi gözləri sözünə baxmır
göz yaşı içindən həm axır həm axmır
bütün rənglər qeyb olub bu şəhər
dən
soyuq yağış yağır bu gün səhərdən
qadının ağlayan gözləri peşman
əski nəğmələrin sözləri peşman
qadının gözləri könlünə düşmən
niyə bu qadına ürək açdım mən
tül pərdəli pəncərədə sislər dumanlar
bir-birinə qarışıb gerçəklərlə dumanlar
hər damla göz yaşına arzu umud və roya
sentimental bir sevda, sentimental melodiya
saz ovqatı
pəncərədə qarğa tükü qaranlıq
ay görünmür tanrım söylə ay hanı
əsən rüzgar sanki durur bir anlıq
dənizdə çırpınır gecənin canı
buzovna yolunda işıqlar sönüb
umud yarpaqları göyə sovrulur
yenə eski günlər geriyə dönüb
dərd ürəkdə qovğa kimi qovrulur
ağlıma nazımdan bir misra geldi
o şeirin havası doldu içimə
kor küçə fənəri gözünü sildi
aylardan may ayı, günlərdən cümə
bir lal aşıq çaldı qara sazını
qara sazda yuva qurub ürəyim
aynada oxudum alın yazımı
aynada qeyb oldu uçan mələyim
ölüm haqqında metofizik düşüncələr
bir şair də itirdik bu şəhərdə
məndə bir şəkli qalıb bulvarda çəkdirmişik
bir də telefon nömrəsi
hələ də hələ də qulağımdadı
içki məclisində şeir oxuyan səsi
insan insanı ölümündən tanır demiş bir şair
ölüm dəyimdidə bilməyib bizim dostluğumuzu
amma axşamlar çayxanaya gəlmir daha
mən ondan incimirəm köhnə
dost düşmən olmaz
bəzən gizlicə utanıram onun şeirlərindən
utanıram pəncərəmdən gülümsəyən
gözəl səhərdən
mətbəxdə oturmuşam bəzən səhərə qədər
qaranlıq pəncərədə ay işığında şəhər
və masanın üstündə bir fincan qara kədər
ölüm haqqında
metofizik düşüncələrə dalıram
zamansızlıq içində yaşayıram sanki mən
dünyadan dörd əlli yapışıb
yaşamaqda israr edirəm
hər gecə bir ulduzdan
başqa bir ulduza gedirəm
bir zamanlar mən də şair idim
təpədən dırnağa qədər
ürəyimdə bülbüllər yuva qurardı
ürəyimdə bülbüllər qafamda qəza qədər
bir şair də itirdik bu şəhərdə
indi mərmər başdaşından
bizə baxıb gülümsəyir ödünc aldığı ölüm
hər gün bir az ölüb dirilməyə bənzər
başa gələcək bəlaları ulduz falıyla yozmaq
bir rüzgarla qeyb olacağımızı bilə-bilə
oturub şeir yazmaq
ay qeyb oldu göy üzündə bir ara
qaranlıqda fit çalır sərxoş külək
mən özüm özümdən qaçıram sanki
sinəmin altında plastik ürək
mən bir faciə qəhrəmanıyam bu anda
gecə qan qoxuyur köhnə limanda
Parisdə yağışlı bir cümə günü
sesar valexonu gördüm yuxuda
Parisdə yağışlı bir cümə günü
sümüyü sızlayır qərib şairin
suç kimi daşıyır qürbət yükünü
ayaqları səndərləyir ağrıdan
nə bir köhnə dost var nə təzə düşmən
yağışdan qaçıram sərsəri kimi
yağışlı bir gündə öləcəyəm mən
okeanın o tayında məmləkət
okeanı üzüb keçir ehtiyac
məmləkətim belə umrunda deyil
sesar valexonun qarnı acdı ac
yuxudan ayıldım yağış yağırdı
gözlərim elə bil bir kor quyudu
məni kürəyimdən vurdular şair
yağış cinayətin izini yudu
köhnə dəyirmanın göyərçinləri
bir meyxana küncündə dərddən gəbərir qərib
başı üstünə bir mələk qanadlarını gərib
bütün bəlalardan qoruyur onu
aynada mələyin bəyaz kölgəsi
burası tanrıların adamına şahid
sivil bir avropa ölkəsi
dördkünc pəncərə çərçivəsində
qotik lyüteran kilsəsi
beysbol papağını gözü üstünnə basıb arxadaş
güzgüyə pəncərəyə baxacaq halımı var
boyunundan quran asıb məmləkətdən yadigar
küçələrdə meydanlarda sərsəri bir maskarad
günahları əf edir lyütarın kilsəsi
adamı röyadan ayırdı ustad
kilsə zənglərinin ət kəsən səsi
qürbət bir yükdü çiyinlərində
şaşırmış kimi bir halı var
bu axşam nə tutulacaq yaşıl budağı
nə də sığınacaq bir xəyalı var
buzovna bağlarında yaşadığımız günlər
heç onun yadına düşürmü indi
zamanı geriyə döndərə bilsəm
qürbət qəhər edər səni deyirəm qoca dendi
macəra dolu gənclik yaşamışdı Bakıda
köhnə dəyirmanın yanında
səhərlər sevda və umud
axşamlar alkoqol axardı qanında
köhnə dəyirmanın göyərçinləri sevərdi onu
o da çox sevərdi göyərçinləri
dəyirmanın yanında köhnə bir kafe vardı
bir zamanlar orda görüşərdik biz
burdan yüz addımlıqda hökumət evi
burdan yüz addımlıqda kitabxana
burdan yüz addımlıqda dəniz
burdan yüz addımlıqda ayrılıq həsrəti
burdan yüz addımlıqda qürbət
gizli sevda
çox əski bir macəradı bu gizli sevda
adını belə xatırlamadığın bir qadının
isti qariflarında açdın gözünü
masada şərab tütün meyvələr yasəmənlər
pəncərdə qaranlığa bütünmüş şəhər
gözlərini açar açmaz durub söydün özünü
kürəyində tale kimi daşıdığın bir kədər
şəhər hələ oyanmayıb yuxudan
küçələr boş kafelər bağlı
əski bir macərada ilişib qalıb
iyirmi bir yaşının olmayan ağlı
qadın dişi canavartək uyuyurdu yataqda
bir də qara pişik vardı otaqda
qadının gözlərindən çalınıb səadəti
qadını dünyaya bağlayan şey pişiyin sədaqəti
qadını boğub öldürmək keçdi ağlından bir an
bəlkə də boğacaqdın sən pişiyə qıymadın
saata baxdın dayanıb zaman
iki kəlmə söz yazıb masa üstə qoymadın
barmaqların ucunda çıxdın evdən
bayırda qış, qiyamət rüzgar və qar
saat neçədə çıxır vağzaldan
səni bu şəhərdən alıb aparacaq qatar