|
|
|
|
“Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsi Rusiyanın Qərbin birliyini pozmaq cəhdlərinin davamıdır”.
APA-nın “Business İnsider”a istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ müdafiə naziri Ceyms Mettis deyib.
O, bildirib ki, bu, Rusiyanın davamlı davranış tərzidir: “Onlar düşünürlər ki, bəzi şeylər edib, daha sonra bunu inkar edə bilərlər. Bununla onlar Qərb ittifaqının birliyini pozmağa çalışırlar”.
C. Mettis qeyd edib ki, Rusiya ABŞ-ın strateji rəqibi olmağı seçib və bu səhvə görə iki dövlətin yaxın münasibətlər qurmaq cəhdləri geridə qalıb.
Qeyd edək ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Rəsmi London insidentdə Rusiyanı günahlandırıb, Moskva isə bütün ittihamları rədd edir.