
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə görüşüb. APA-nın məlumatına görə, görüşdən sonra keçirilən mətbuat konfransında Elmar Məmmədyarov təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə Azərbaycanla ATƏT arasında əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, “Helsinki +40” prosesi ətrafında müzakirələr aparıldığını deyib.
Nazir yaxın vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə daha bir görüş keçirməyi planlaşdırdığını deyib.
“Biz həmsədrlərin səsləndirdiyi və “Böyük səkkizliyin” sammitində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri tərəfindən təsdiqlənmiş prinsipləri əsas götürərək irəliyə doğru hərəkət etmək niyyətindəyik”.
XİN başçısı ATƏT sədri ilə görüşündə Minsk Qrupunu öz fəaliyyətini daha da intensivləşdirməyə çağırıb. Onun sözlərinə görə, Minsk Qrupunun iclasları daha tez-tez keçirilməlidir: “Mən Ukraynadan ATƏT-ə sədrlik edən ölkə kimi Vyanada belə iclasların daha tez-tez keçirilməsini xahiş etdim”.



