|
|
|
|
Yazıçı-kinodramaturq
Gəlin səs-küylü sözlərdən qorxmayaq, onlar indi bizə lazım olacaq. Çünki mənim köhnə və sadiq dostum Elmira Axundova və onun müasir dövrün dahi siyasətçisi, dövlətimizin böyük rəhbəri, ümummilli lider Heydər Əliyevə həsr etdiyi sözün əsl mənasında titanik işi haqqındakı məqaləmdə bu sayaq sözlər tam yerinə düşür.
Heç bir mübaliğəyə yol vermədən qeyd edim ki, Elmira Axundovanın bu 6 cildliyi əsl qəhrəmanlıqdır və bu qəhrəmanlıq on il ərzində həyata keçirilib. Ən parlaq on il – yaradıcı şəxs üçün yüksəliş dövrü öz əhəmiyyətinə, dərinliyinə və parlaq professionalizminə görə nəhəng işə həsr edilib. Və bu iş möhtəşəm sonluqla yekunlaşdı: Heydər Əliyev haqqındakı kitabı, heç şübhəsiz, uzun ömür gözləyir.
Uzun illər ərzində Heydər Əliyev haqqında kitablar, araşdırmalar, məqalələr, bioqrafiyalar nəşr edilir və edilməkdədir. Onların bəziləri konyunktur xarakter daşıyır, bəziləri tamamilə qeyri-professionaldır, amma nə etmək olar? Axı biz senzuranın olmadığı, hətta hər bir müəllif üçün zəruri daxili senzuranın belə olmadığı demokratik bir cəmiyyətdə yaşayırıq; bu müqəddəs mövzuda hansısa istedadı, ölçü meyarı olmayanlar da yazıblar. Amma heç şübhəsiz dahi liderin həyat və fəaliyyətinə həsr edilmiş ciddi işlər də, dahi lideri yaxşı tanıyan müəlliflər tərəfindən yazılmış müasir dövrümüz üçün lazımlı əsərlər də olub.
Elmira Axundovanın altı cildliyi isə Heydər Əliyev haqqındakı araşdırma və məqalələr okeanında möhtəşəm qaya kimi ucalır.
Yəqin çox az adam kitabların ölməzliyi, əsərlərin uzunömürlüyü barədə düşünüb. Nə üçün klassiklərin kitabları yüz illərlə yaşayır? Nə üçün oxucuların hər yeni nəsli təkrar-təkrar Tolstoyun, Dostoyevskinin, Dikkensin, Balzakın, Şekspirin, Füzulinin, Cəlil Məmmədquluzadənin... kitablarına müraciət edir? Siyahını daha da uzatmaq olar. Müasir dövrün oxucularını (internet və ya çap variantından asılı olmayaraq) unudulmaz ədəbi əsərləri oxumağa nə vadar edir? Kitabda süjet nə qədər cəzbedici olsa da, onun ilk oxunuşu bizə daha maraqlıdır. Müəllifin fikir və ideyaları nə qədər dərin olursa-olsun, oxucu onu anlayıb dərk edəndə onları ya qəbul, ya da rədd edir.Hər dəfə geri dönmək elə də vacib deyil.
Obrazlar! Özümüzlə oxşar xüsusiyyətlər tapdığımız, fəxr etdiyimiz və bənzəmək istədiyimiz, nəcib davranışlarından, hətta jest və sevimli ifadələrindən örnək götürməyə çalışdığımız canlı insanlar səhifələrdən bizə boylanır. Klassiklərin kitablarını əbədiləşdirən də elə bu xüsusiyyətlərdir.
Dahilərin sehri məni hər zaman heyrətə gətirib.Səhifələrdəcə sadə sözlərdən möcüzəvi şəkildə canlı insan meydana gəlir və həmin obrazın yaradıcısı onu öz ardınca doğru olmayan yola aparmağa, ona xarakterinə uyğun olmayan hərəkət və ifadələr verməyə çalışdıqda, əksər hallarda obraz hətta öz yaradıcısına qarşı çıxır. Çünki həmin obrazlar artıq canlı insanlardır və ədəbi əsərlərin səhifələrində canlana-canlana, gözlərimiz önündəcə möcüzəvi şəkildə doğulan insan kimi bizi heyrətləndirirlər.
Elmira Axundovanın kitabında – Heydər Əliyevin təqlid etməyə, nə isə öyrənməyə çalışdığımız canlı obrazı, canlı və unudulmaz obrazı var. Nəhəng işin səhifələrində canlı Heydər Əliyev qarşımızda dayanır, biz bu müdrik insanı gah gülərkən, gah dövlətin cari işləri ilə məşğul olarkən, gah da KVN-çilərin çıxışlarında istənilən ünvana və istənilən doğru səbəbə yönəlmiş satiranı obyektiv qəbul edərək göz yaşları ilə ürəkdən qəhqəhə çəkərkən görürük; biz onu iş zamanı görürük, xalqın qarşısında, yüksək tribunalarda hərarətlə çıxış edən əvəzolunmaz və unikal natiq kimi müşahidə edirik, Vətənimizin ərazi bütövlüyünü qoruyan, öz dövlətinin və xalqının haqlı tələblərini qoruyan dahi siyasətçi, Allahdan gələn bir siyasətçi kimi qəbul edirik. Biz bu çoxcildliyin səhifələrində Azərbaycan qarşısında xidmətləri yorulmadan uğrunda çalışdığı xalq qədər böyük olan əvəzolunmaz şəxsiyyətin obrazını görürük.
Elmira Axundova həqiqətən də sözün əsl mənasında dahi şəxsiyyətin möhtəşəm, ecazkar abidəsini yarada bilib və bu abidə əbədi yaşayacaq. Azərbaycan xalqının düşmənləri bu abidəni heç zaman yıxa bilməzlər, çünki o artıq xalqın qəlbindədir. Bütün varlığı ilə öz xalqını, Vətənini sevən insanın obrazı milyonlarla insanın, bütün azərbaycanlıların ürəyində yaşayır.
Mərhum tarixçi Eldar İsmayılovla bir söhbəti xatırlayıram. Biz onunla bir məktəbdə paralel siniflərdə oxumuşduq. Bir dəfə o, mənə dedi: “Bilirsən, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycana nələr etdiyini anlamaq üçün Elmira Axundovanın kitabını oxumaq kifayətdir”. Bu fikir xoşuma gəldi və mən dedim: “Araşdırma məqaləsi üçün yaxşı ifadədir”. Və bir müddət sonra bu məqalə işıq üzü gördü. Əlbəttə, mərhum tarixçinin fikri həmin məqalədə daha geniş yer alıb və Elmira Axundovanın işini qısa və həcmli şəkildə dəqiq xarakterizə edir.
Mənə xas olmayan tənqidçi və ədəbiyyatşünas rolunda çıxış etmək, dahi şəxsiyyət haqqındakı bu möhtəşəm işi cild-cild, fəsil-fəsil, səhifə-səhifə araşdırmaq niyyətindən uzağam. Bu halda məqalə yox, müəllifin ardınca çoxcildik yazmalı olardım. Çünki Heydər Əliyevin həyat və yaradıcılığının əhatə olunduğu altı cildlikdə maraqsız, dolğun olmayan hadisələr və müəllifin dərin fikri ilə zəngin olmayan bir dənə də olsun məqam, bir dənə də “boş” səhifə yoxdur. Hər şey əvvəldən sona qədər azalmayan maraqla, həvəslə oxunur. Odur ki, kitabdan ayrılmaq qeyri-mümkündür; dahi şəxsiyyətin zəngin bioqrafiyası və fəaliyyəti detektiv roman, bestseller, bütün dövrlərin ən yaxşı bestselleri kimi təqdim edilir. Müəllifin yüksək professionalizmi də məhz elə bundadır.
O, ən çətin, ən məşğul, ən “toxunulmaz” insanlardan müsahibə alıb ki, onları danışdırmaq həddən artıq ağır işdir. Əksəriyyəti müəllifin birbaşa və cəsarətli suallarına cavab verməkdən yayınır, dolayı fikirlər deyirdi və onları yönləndirmək lazım gəlirdi və Elmira buna müəssər oldu. O, müsahibə aldığı yüksək çinliləri müxtəlif jurnalistik üsullarla danışdıra bildi və bu zaman onlar Liderin parlaq, möhtəşəm, unikal şəxsiyyəti barədə qiymətli və nadir məlumatları həvəslə təqdim etməyə başladılar.
Necə iti jurnalist duyumuna malik olmalısan ki, bir-birinə bu qədər bənzəməyən, tamam fərqli, həmin zamanlar demək olar ki, əlçatmaz olan insanlardan-Yeqor Liqaçov və Aleksandr Yakovlev, Nikolay Rıjkov və Yevqeni Primakov, Eduard Şevardnadze və Leonid Kuçma, Ramiz Mehdiyev və Ramil Usubov, Oljas Süleymenov və Roy Medvedyev və digərlərindən məlumat əldə edə biləsən. Və əlbəttə ki, ilk növbədə Heydər Əliyevin özü ilə söhbətlər bu fundamental işin ərsəyə gəlməsində böyük əhəmiyyət kəsb edirdi. Bu cür çoxsaylı hekayətlərdən, xarakter və maraqlı detalların səciyyəvi cəhətlərindən ibarət möhtəşəm kitabda yaradıcılıqla dolu on il ərzində doğma xalqının rifahı və doğma dövlətin suverenliyi, respublika sərhədlərinin möhkəmliyi və Vətənin ərazi bütövlüyündən daha vacib heç bir amalı olmayan həqiqi Rəhbərin obrazı son dərəcə dəqiqliklə yaradılıb. Kitabın bütün personajları, müsahibədə iştirak edənlərin hamısı Heydər Əliyevlə şəxsi söhbətlərindən maraqlı faktları qeyd ediblər. Yüksək ustalıq məktəbi keçmiş əsl professional jurnalist kimi Elmiranın bu işdə xidmətinin ölçüləri nəhəngdir. Səbəblər də ciddidir. Necə danışmayasan- bir tərəfdən təkrarolunmaz şəxsiyyət haqqında mövzu, digər tərəfdən nə istədiyini yaxşı bilən gözəl, ağıllı, istedadlı və inadkar qadın – bu hal jurnalistikada olduğu kimi həyatda da nadir haldır.
Pyeslərimdən birində işgüzar, sərt xarakterli qadın and içir:
– Kişi sözü! – o deyir.
– Kişi? – təəccüblü şəkildə ona etiraz edirlər. – Axı siz – qadınsınız.
– Bəli, qadınam, – o cavab verir. – Amma mənim sözüm kişi sözüdür.
Bilmirəm, bəlkə mən bu obrazı intuitiv olaraq, çoxdan tanıdığım, qadınlığına baxmayaraq kişi sözlü və kişi xarakterli, dürüstlüyünə əmin olduğu işin sonuna qədər gedən, satmayan, aldatmayan Elmiranın xarakterindən götürmüşəm. Heydər Əliyev məhz bu cür qadınlardan danışarkən deyirdi: “Onlar min kişiyə dəyərlər”. O, bir çox kişinin bacarmadığı halda xalqımızın düşmənlərinin cavabını verə bilirdi. Azərbaycan və erməni xalqlarının düşməni, Azərbaycan-erməni münaqişəsinin mənbəyində dayanmış əclaflardan biri Zori Balayan Elmiranın “Literaturnaya qazeta” da işlədiyi dövrdə onun jurnalist təzyiqi qarşısında təslim oldu, hətta şahidlərin dediklərinə görə Axundovanın redaksiya binasında olduğunu eşidəndə oranı tərk edirdi. Elmira münaqişənin məğzinə aydınlıq gətirilməsi işində çox və səmərəli çalışdı. Qarabağ münaqişəsi barədə alovlu məqalələrlə çıxış edəndə, daha sonralar Heydər Əliyevin atəşkəsə nail olduğu genişmiqyaslı müharibənin qızışdırılmasında erməni millətçilərin rolu haqqında danışanda sözü don vurmuş beyinlərə çatdı.
Həqiqət, dürüstlük – bax bu, təməl daşıdır, bax bu, incəsənətdə, ədəbiyyatda, publisistikada ən vacibidir. Müəllif bunu başı üzərində bayraq kimi qaldırdı və öz nəhəng işinin ilk sətrindən başlayaraq, sonunçu cildin son nöqtəsinə qədər bu meyara sadiq qaldı. Bu cildlərin bütün səhifələri müəllifin ürəyindən gələn böyük sevgi ilə– Azərbaycan xalqına və onun ümummilli lideri Heydər Əliyevə olan sevgi hissi ilə yazılıb. Çünki Elmira Axundovanın bu əsərində baş qəhrəmanın obrazından savayı liderin və yazıçının özünün də doğulub böyüdüyü Azərbaycanın və onun xalqının obrazı var.
Doğru və gözəl deyilib: “Əgər Yer üzündə yadplanetlilərin nümayəndələri peyda olsalar və bizi dərk etmək istəsələr, onların qarşısına Servantesin “Don-Kixot” kitabı ilə çıxmalıyıq”. Bu mənada, əgər dünyamızda kimsə dahi siyasətçi və dövlət xadimi Heydər Əliyevin şəxsiyyətini dərindən və hərtərəfli dərk etmək istəsə, biz ona bunun üçün Elmira Axundovanın kitablarını məsləhət görməliyik.
Müəllifin istifadə etdiyi bütün bu nəhəng materialı biz aşağıdakı bəndlər üzrə təsnifatlaşdıra bilərik:
1. Heydər Əliyevin yaxın adamlarının və silahdaşlarının, həmçinin, təbii ki, əsərin qəhrəmanın özünün xatirələri.
2. Arxiv materiallar.
3. Bu və ya digər dövrün məqalə və müsahibələrindən parçalar, həmçinin əliyevşünaslıqda ilk dəfə olaraq xarici düşmən səslərin mətnlərindən – “Azadlıq” və “Amerikanın səsi” radiostansiyalarından sitatlar, həmçinin 80-90-cı illərin Qərb qəzetlərindən parçalar. Bütün bunlar – ölkə prezidenti İlham Əliyevin göstərişi ilə qapıları müəllifin üzünə açılmış Heydər Əliyevin şəxsi arxivindən, həmçinin İTAR-TASS agentliyinin və prezident administrasiyasının arxivindən götürülüb.
Bütün bu fərqli materialları sistemləşdirmək, kağıza köçürmək, mövzulara bölmək və ən əsası vahid, bütöv orqanizmə çevirmək lazım idi. Müəllif bunun öhdəsindən məharətlə gəldi.
1-ci, 3-cü və 5-ci cildləri ümumiyyətlə, “Tanımadığımız Əliyev” adlandırmaq olardı. Elmira Axundovanın kitabında Heydər Əliyevin xüsusi xidmət orqanlardakı fəaliyyəti dövrü, onun orada işə necə başlaması, karyera pillələrində necə yüksəlməsi, hansı işə və istiqamətlərə kuratorluq etməsi barədə eksklüziv materiallar verilib.
“Kreml beşilliyi” adlanan 3-cü cild əliyevşünaslıqda tamamilə yeni sözdür. 1982-1987-ci illərdə Heydər Əliyevlə birgə işləmiş insanlardan müəllif şəxsən müsahibə alıb. Bundan əlavə Elmira nəhəng araşdırma işi aparıb: Heydər Əliyevin Nazirlər Sovetindəki fərmanlar, göstərişlər qovluqları, o dövrün Siyasi Bürosundakı stenoqramlar, Heydər Əliyevin silahdaşlarının və rus tarixçilərin o dövrlə bağlı memuarları öyrənilib. M.Qorbaçovla münasibətlərin pisləşməsinin səbəbləri və əsl mahiyyəti, Heydər Əliyevin “qarşısını necə kəsmələri”, infarkta kimin və nəyin səbəb olması, istefadan sonra Heydər Əliyevin necə yaşaması barədə ilk dəfə bu qədər dolğun və dəqiqliklə yazılır. Heydər Əliyevin özü tərəfindən arxivinin məhv edilməsi barədə unikal tarix burada diqqəti xüsusi cəlb edir. Bu kimi səhifələr reallığı əks etdirsə də, publisistikadan daha çox yüksək səviyyəli bədii nəsr təəssüratı yaradır.
Ümumiyyətlə, Heydər Əliyevin şəxsi həyatının unikal dəqiqlikləri bütün altı cildliyi əhatə edir .
Ulu öndərin həyatının ən az öyrənilən dövrünə həsr edilmiş 5-ci cild “Naxçıvan aşırımları” adlanır. Müəllif təqribən 800 səhifəlik kitabda çox nadir və maraqlı faktları qeyd edir.
Bu janrın ustası Roy Medvedyev Elmira Axundovanın kitabını oxuduqda “müəllifin möhtəşəm obyektivliyi”ni qeyd edib. Həqiqətən müəllif iti ucları hamarlamır və bütün “naqolay” suallara birbaşa cavab verir: Heydər Əliyev nə üçün hərbi xidmətdə qulluq edə bilməyib, prokuror Qamboy Məmmədovla bağlı hadisə nədən ibarətdir, nə üçün Heydər Əliyev korrupsiyaya qalib gələ bilmədi, baxmayaraq ki, o, öz məmurları ilə çox sərt davranırdı, hətta ən sadiq və yaxın adamlarına da icazə vermirdi ki, öz bağ evləri, maşınları olsun, namizədlik və doktorluq dissertasiyası müdafiə etsinlər və s. Müəllif həsəd oyadan obyektivliklə öz əsərinin qəhrəmanının təkcə gücünü deyil, həm də bəzən nümayiş etdirdiyi sadə insani zəifliyini göstərir – xüsusən həyat yoldaşı Zarifə xanımı itirdikdən sonra ciddi şəkildə həyəcan keçirməsi, ya da istefadan sonra doğmalarına “Vətənə qayıtmaqda mənə kömək edin” deməsi və s. Dahi şəxsiyyətin həyatındakı bu anlar onu insani keyfiyyətlərlə zəngin mülayim şəxs kimi bizlərə təqdim edir.
6 cildlikdə XX əsrin hadisələri barədə çox fərqli məlumatlar əks olunmaqdadır. Axı bu, faktiki olaraq SSRİ-nin təşəkkülü, inkişafı, böhranı və süqutu tarixidir. Heydər Əliyevin 50-60-cı illəri barədə danışarkən müəllif Xruşşov epoxasını canlı təsvir edir; 70-ci illərdən danışarkən Brejnevin, Kosıginin və onun silahdaşlarının mükəmməl portretini yaradır; 80-90-cı illər – Əliyevin Andropovla, Çernenko ilə, daha sonra Qorbaçovla qarşılıqlı münasibətləri, yenidənqurmanın bütün tarixi inandırıcı şəkildə qeyd olunur, 5-ci cilddə isə “SSRİ-ni necə dağıdırdılar” başlıqlı ayrıca fəsil mövcuddur. Hətta Azərbaycanın (1993-2003) müstəqilliyi barədə danışarkən müəllif respublikanı idarəetmə metoduna görə Heydər Əliyevlə B.Yeltsin və onun komandası arasında paralellər aparır, həmçinin, kitabda H.Əliyevlə V.Putinin də müqayisəsi verilir.
Yəni obraz havasızlıqda-real zamandan və məkandan ayrılıqda deyil, öz zamanının kontekstində təsvir olunur. Bu mənada zaman və tarix bu əsərin digər qəhrəmanlarıdır.
6-cı cildin 2-ci hissəsində Heydər Əliyevin insanlarla ünsiyyət metodları, yumoru, diplomat həssaslığı, istənilən həmsöhbətini cəzb etmək bacarığı, idarəçilik tərzi, yığcam tərkibli, lokal və geniş müşavirələri aparmaq məharəti barədə çoxlu sayda parlaq, canlı, bədii şəkildə təsvir edilmiş epizodlar mövcuddur. Və bütün bunlar insanların, canlı şahidlərin xatirələri vasitəsilə oxuculara çatdırılır. Bununla belə iqtisadiyyat, neft sahəsi, aqrar siyasət məsələləri ilə bağlı məqamlara gəldikdə burada rəqəmlər, hesablamalar, statistika öz sözünü deyir. Yəni elmiliyin, tarixiliyin, publisistikanın da bədii nəsr elementləri ilə vəhdətdə olduğu göz qabağındadır. Akademik İsa Həbibbəyli Elmira Axundovanın altı cildliyi barədə mənim də tam razılaşdığım fikir söyləyib. O fikri olduğu kimi burada qeyd edirəm: “... Azərbaycan ədəbiyyatında ilk siyasi-bioqrafik roman-tədqiqat yarandı”. Başqa sözlə, Elmira Axundova dahi liderin həyatı və fəaliyyətinə həsr olunan çoxcildliyi ilə Azərbaycan ədəbiyyatına yeni janr gətirdi. Bu, həqiqətən novatorluqdur və çox dəyərlidir!
Elmira Axundovanın kitabı haqqında məşhur insanların dediyi və mənim də həmrəy olduğum bir neçə fikri qeyd etmək istəyirəm.
Oljas Süleymenov:
“Mənəvi və bədii axtarışları və imkanları maksimal dərəcədə ifadə edən əsər müəllifin şah əsəri hesab edilir. Hər yazıçının şah əsəri olmur və ola da bilməz. Qələm əhlinin özünə verdiyi qiymət oxucunun ona verdiyi qiymətlə heç də həmişə üst-üstə düşmür.
Elmira Axundova altı cildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı roman-tədqiqatı hələ tamamlayana qədər bu əsəri öz həyatının əsas layihəsi adlandırıb. Romanın ilk üç cildi 2007-ci ildə çapdan çıxıb. Onlara ön söz yazmaq şərəfi mənə nəsib olub.
İndi, romanın sonuncu cildinin çapdan çıxması ərəfəsində qeyri-adi bir dövrdə yaşamış heyrətamiz insan haqqında bu heyrətamiz kitabın altı cildinin hamısını oxuyaraq bir səhifəlik sözardı yazıram.
Biz hamımız kömürün xüsusilə möhkəm, parlaq karbon kristallarına çevrildiyi partlayış borusunu xatırladan bu mürəkkəb zəmanədə yaşamalı olmuşuq. Bu ifrat temperaturlar və ifrat təzyiqlər xalqları bir növ sınağa çəkir. Bəzi qəbilələr yanıb kül olur, digərləri davam gətirərək möhkəmlənir, almazlar yetişdirirlər. Yəqin ki, minilliklərin qovşağında tarixin hökmü belə imiş. Elə şəxsiyyətlər yarandı ki, bəşəriyyət bu keçid dövrlərində özünü həmin şəxsiyyətlərə əsasən təyin edir.
Roman-tədqiqat qeyri-adi janrdır, bu, incəsənətlə elmin, subyektivliklə obyektivliyin, bədii həqiqətlə həyat həqiqətinin birləşməsidir. Bu müddətdə sənədli həqiqəti yaradıcı təxəyyülün bəhrəsi ilə tamamlamağa imkan verən roman yazmaq bundan qat-qat asan olardı. Lakin Elmira unudulmaz dövrün gerçək qəhrəmanı haqqında müasirlərinin gerçək hekayətlərini qələmə almaq qərarına gəldi. Bu canlı sənədlərə xas olan həqiqət həm də ona görə çox qiymətlidir ki, dünyamız gəlimli-gedimlidir. Roman üzərində işlədiyi on il ərzində müəllif yüzlərlə müsahibə alıb və onların əksəriyyəti bir də heç vaxt təkrarlanmayacaq: müsahiblərin bir qismi artıq dünyasını dəyişib.
Bu gerçək hekayətlərin səmimiliyi, açıqlığı, hadisələrin şahidlərini dilləndirməyi bacarmış müsahibin qeyri-adi ustalığı sayəsində sözün həqiqi mənasında sanballı sənədli proza nümunəsi və yazıçı-publisistin şah əsəri olan bir roman ərsəyə gəlib”.
Roy Medvedev:
“Mən tarixçi və siyasi bioqrafiyalar üzrə peşəkaram, Sovet və Rusiya Olimpinin demək olar ki, bütün liderləri haqqında yazmışam. Lakin bizim janrda indiyə qədər belə kitab olmayıb. Qətiyyətlə deyə bilərəm ki, bu, liderlər haqqında kitabların ən yaxşısıdır.
Burada bir neçə müxtəlif amil çox uğurla üst-üstə düşüb. Əvvəla, Heydər Əliyevin özünün heyrətamiz dərəcədə maraqlı şəxsiyyətini qeyd edək. Siyasətçilərin bioqrafı kimi deyə bilərəm ki, liderlərin çoxu haqqında yazmaq maraqsızdır... Mən Mixail Qorbaçov haqqında kitab yazmağa başladım, amma sonra bu işi bir kənara atdım. Çünki o, çox maraqsız, olduqca dayaz insandır. Mən deyərdim ki, yazıçı insanı iki ölçüdə şərh edə bilər. Heydər Əliyev isə elə insandır ki, onu dörd ölçüdə şərh etmək olar. Belə ki, bu insanla söhbət etmək, onunla razılığa gəlmək olardı, bundan əlavə, o, öz daxilindən ideyalar doğurur, çox şeyləri gerçəyə çevirirdi. Yəni o, çox dərin, maraqlı, orijinal şəxsiyyətdir və onun haqqında yazmaq maraqlıdır. Bu xoşbəxtlik, bu uğur Elmira Axundovaya nəsib olub.
... Arxivlərin tamlığı amili də mühüm rol oynayır. Ölkə rəhbərinin şəxsi arxivində işləmək qisməti tarixçilərin az bir qisminə nəsib olur. Yazıçı üçün belə bir liderin arxivinə düşmək sadəcə böyük qismətdir.
Müəllifin özünün, bu kitabı yazıb ərsəyə gətirmiş insanın istedadı da çox cəhətdən son dərəcə vacib və əsas amildir. Çünki o, obyektivdir. Obyektivlik vacibdir, bu nəqamda obyektivlik əsərin ədəbi məziyyətlərindən daha vacibdir. Mən yaxşı kitab yaza biləcək yazıçılar, tarixçilər, müəlliflər tanıyıram, lakin onlar yetərincə obyektiv deyillər. Burada isə müəllifin çox böyük obyektivliyi göz qabağındadır...”
Anar:
“Elmira Axundovanın çoxcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” əsəri ilə çox maraqla tanış oldum. Mənim fikrimcə, bu əsər böyük siyasətçinin ən müfəssəl və qiymətli bioqrafiyası olmaqla bərabər, həm də Azərbaycanın və bütövlükdə sovet ölkəsinin müasir tarixinin bütöv bir hissəsinin salnaməsidir. Faktlarla, sənədlərlə, o dövrün qəzetlərindən sitatlarla və ən başlıcası – hadisələrin iştirakçılarının şahid hekayətləri ilə zəngin olan bu əsər (müəllif bu hadisələrin şahidlərinin hekayətlərini uzun illər boyu, yorulmaz tədqiqatçıya xas olan səliqə-sahman və dəqiqliklə toplayıb) XX əsrin siyasi və ictimai həyatının çox mühüm və əhəmiyyətli süjetlərindən bəhs edən maraqlı bir roman kimi oxunur.
Əsərin qiymətli cəhəti ondan ibarətdir ki, Elmira baş vermiş proseslərin məxsusi konsepsiyasını zəngin material əsasında qurur və həmin proseslərdə Heydər Əliyevin həlledici rolunu parlaq şəkildə işıqlandırır. Əliyevin unikal şəxsiyyətinə qəlbən heyran olmuş müəllif heç yerdə subyektivliyə yol vermir, çox mürəkkəb problemlərin işıqlandırılmasına konyunktur mülahizələr onu şirnikləndirmir. Elmira həmişə tarixi həqiqətə sadiq qalır. Buna görə də oxucu bu gün artıq tarixə çevrilmiş hadisələrin müəllif traktovkasına etibar edir.
Tahir Salahov:
“...Heydər Əliyevin həyatı boyu – uşaqlıq və gənclik illərindən ta prezidentlik dövrünə qədər onunla yaxın ünsiyyətdə olmuş və ya işləmiş çoxsaylı insanları axtarıb tapmaqla, onların arasında sorğu aparmaqla Elmira xanım əsl jurnalist hünəri göstərib. Kitabda bu adamların dili ilə Dövr, Zaman özü danışır...
Kitab öz miqyasına, müəllifin mövzuya dərindən varmasına, ədəbi-bədii səviyyəsinə görə Ulu Öndərin xatirəsinə layiqdir, halbuki bu sözləri həmin mövzuda yazılmış başqa kitabların heç də hamısı haqqında demək olmaz.
İsa Həbibbəyli,
AMEA-nın vitse-prezidenti, akademik:
“Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyi Elmira Axundovanın çoxillik müşahidələrinin, axtarışlarının və yazıçı təcrübəsinin məntiqi nəticəsidir. Müəllif bu kitabda Ümummilli liderimizin mükəmməl bioqrafiyasını əks etdirib. Qeyd etmək lazımdır ki, Elmira Axundova öz fədakar əməyi nəticəsində bütöv bir elmi tədqiqat institutunun fəaliyyətinə bərabər iş görüb. Nəticədə Azərbaycan ədəbiyyatında ilk siyasi-bioqrafik roman-tədqiqat yaranıb.
Şübhə yoxdur ki, Elmira Axundovanın çoxcildlik romanı ölkəmizin ictimai-ədəbi fikrində böyük Heydər Əliyevin həyatı və onun dövrü haqqında möhtəşəm bir epopeya kimi öz layiqli yerini tutacaq”.
Nikolay Zenkoviç
(yeni tarix üzrə rusiyalı tədqiqatçı, çoxsaylı siyasi bioqrafiyaların müəllifi):
“Hörmətli Elmira xanım!
Dördcildliyiniz münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Bu, unikal əsərdir. Bunun nə demək olduğunu mən bilirəm. Sizin hünəriniz qarşısında baş əyirəm. Mən bütün işlərimi bir kənara qoyub bu dörd cildin hamısını birnəfəsə oxudum və onlara heyran olduğumu dərhal məktubla sizə bildirdim. Görünür, həmin məktub sizə çatmayıb. Sizə uğurlar arzulayıram. Dördcildlik münasibətilə sizi bir daha təbrik edirəm. Yəqin ki, müasirləriniz sizin öz üzərinizə necə titanik bir iş götürdüyünüzü hələ anlamır.
Çingiz Abdullayev:
“Elmira Axundova görkəmli siyasi xadimin həyatı haqqında çoxcildlik epopeya yaratmaqla, faktiki olaraq bütöv bir dövrün geniş mənzərəsini təqdim edir. Müəllifin peşəkarlığı və obyektivliyi onun müasirləri olan insanların çoxsaylı xatirələrində, materialın dərinliyinə varmasında, saysız-hesabsız sənədlərlə işləməsində vurğulanır.
Məlum olduğu kimi, kitabın ən başlıca fərqləndirici cəhəti orada həqiqətin çox olmasıdır. Bu baxımdan, Elmira Axundovanın çoxcildlik əsəri tamamilə birmənalı şəkildə belə bir nəticə çıxarmağa əsas verir: XX əsrin ikinci yarısında ölkəmizdə bu cür bioqrafiya yaradılmasına layiq olan unikal lider yaranıb. Belə bir möhtəşəm əsər yarada bilmiş müəllifin səbrinə və əməyinə yalnız heyran qalmaq olar”.
Tarix elmləri doktoru, professor Eldar İsmayılov:
“E.Axundovanın kitabının məziyyətləri haqqında çox yazmaq, çox danışmaq olar. Peşəkar jurnalist olan müəllif məhz bu peşənin nümayəndəsi kimi, tarixi mövzuda çox güclü, dolğun bir əsər yaratmağa nail olub. Əsər mükəmməl rus dilində yazılıb, rahat oxunur və mübaliğəsiz deyə bilərəm ki, oxucunu cəlb edir...
Əlbəttə, Azərbaycanın mərhum rəhbərinə insanların münasibəti müxtəlif ola bilər. Heç kəsin öz fikrini başqalarına zorla qəbul etdirməyə haqqı yoxdur. Lakin əgər istər bizim ölkədə, istərsə də onun hüdudlarından kənarda yaşayan insanları 30 ildən artıq müddətdə bu ölkənin qeyri-ordinar, görkəmli bir insan tərəfindən, sözün həqiqi mənasında Şəxsiyyət tərəfindən idarə edilməsinə inandırmaq arzusu varsa, onda, mənim fikrimcə, bu gün E.Axundovanın kitabından yaxşı analoq göstərmək çətindir”.
Rudolf İvanov (rusiyalı tarixçi, Naxçıvan xanları sülaləsi haqqında silsilə kitabların müəllifi):
“Bütün dünyada siyasi və dövlətçilik təfəkkürünün titanı kimi tanınmış, dahi titulu qazanmış dövlət lideri Heydər Əliyev haqqında çoxcildlik əsər yazmaq hər kəsin hünəri deyil. Amma Elmira xanım Axundovanın buna haqqı var. Özü də təkcə ona görə yox ki, o, Heydər Əliyevlə şəxsən tanış idi, xidməti fəaliyyətinə görə uzun illər boyu onunla yanaşı olub, necə deyərlər, onunla eyni hava ilə nəfəs alıb, onu səfərlərdə müşayiət edib, onunla ünsiyyətdə olub, Heydər Əliyev haqqında parlaq və düzgün yazılar yazıb. Həm də ona görə ki, bu əlamətdar əsərin – Heydər Əliyev haqqında çoxcildliyin müəllifi Elmira Axundova yüksək səviyyəli jurnalist və yazıçı kimi çoxdan tanınıb. O, olduqca savadlı, yüksək mənəviyyatlı və saf şəxsiyyətdir...
... Ulu Tanrı bizim başıbəlalı planetimizə Heydər Əliyev kimi dahiləri o qədər də səxavətlə və tez-tez bəxş etmir. Məhz bu səbəbdən, Azərbaycan millətinin vicdanı sayılan Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çoxdan gözlənilən çoxcildliyin çapdan çıxması epoxal əhəmiyyətli hadisədir.
Kitab tərsanələrində dümağ rəngli nəhəng bir layner – “Heydər Əliyev. Şəxsiyyət və Zaman” altıcildliyi suya buraxılmağa hazırlanır. Uğurlar olsun!”.
Beləliklə, bunlar Elmira Axundovanın kitabı barədə məşhur insanların fikirləri, əməyin obyektiv qiymətləndirilməsi idi. Bu fikirlərdən sonra yeni söz demək elə də asan məsələ deyil. Amma təkrar edirəm, bütün bunlar tanınmış Azərbaycan yazıçısı, jurnalisti Elmira xanım Axundova tərəfindən görülən nəhəng iş haqqında olan çoxsaylı fikirlərin çox az hissəsidir.
Mən çox istərdim ki, bu qiymətli əs
ər tələbə və yuxarı sinif şagirdləri üçün dərs vəsaiti formasında hazırlansın. Bu, gənclərin maarifləndirilməsi baxımından çox gözəl və vacib addım olardı.
Milli kinematoqrafiyada 30 ildən artıq çalışmış professional kinodramaturq kimi deyə bilərəm ki, Elmira Axundovanın kitabında film, ola bilsin serial üçün də əla materiallar var. Kitabları oxuyarkən mən tez-tez ulu öndərin davranışlarını, hərəkətlərini sanki ekranda izləyirmiş kimi beynimdə canlandırır, təsəvvür edirdim. Bunlar filmdə necə əla və möhtəşəm görünərdi! Kinematoqrafiyanın rolu heç nəylə müqayisə olunmaz dərəcədə ölçüyəgəlməzdir, kinoya milyonlar baxır, xüsusilə əgər söhbət dövrümüzün dahi şəxsiyyətlərinin həyatı və fəaliyyəti barədə olan kitabın ekranlaşdırılmasından gedirsə.
Romanın son hissəsinin müqəddiməsində müəllif yazır:
“Heydər Əliyev mənə bütün dünyanı göstərdi, yaradıcılıq üfüqlərimi heyrətamiz dərəcədə genişləndirdi, uzun illər üçün enerji və yazmaq ilhamı bəxş etdi. Dünyadan getdiyi andan bu günə qədər mən onun obrazı üzərində demək olar ki, daima düşünürəm...” Bu, müəllifin ulu öndərin xatirəsinə olan ehtiramının ifadəsi, sevgi etirafıdır.
Biz isə öz növbəmizdə Azərbaycan xalqının dahi oğlunun, müasir tarixin dahi şəxsiyyətinin dərk edilməsi işinə verdiyi bu qiymətli töhfəyə görə, unikal və möhtəşəm əməyinə görə Elmira xanım Axundovaya təşəkkür edirik və əminik ki, bu töhfə bizdən sonrakı nəsillərə xidmət edəcək.
Yekunda demək istəyirəm, mən Azərbaycanın tanınmış yazıçı-publisisti Elmira Axundova ilə dostluğumla fəxr edirəm və əminəm ki, o, bizim ədəbiyyatımız, cəmiyyətimiz üçün hələ çox işlər görəcək, Azərbaycanı dünya səhnəsində təmsil edən başqa əsərlər yaradacaq, vətənimizin adını, özünəməxsus incəsənətimizi, ədəbiyyatımızı, siyasətimizi, elmimizi uca tutacaq, dahi Heydər Əliyevin yolunu davam etdirən Prezidentimiz İlham Əliyevin də yorulmadan qayğısına qaldığı insanların, ziyalıların məşhur nümayəndələrini tərənnüm edəcək. Prezidentimiz də gözəl anlayır ki, əsl sərvət insanlar, Azərbaycan xalqı, yaradıcı ziyalılardır. Məhz bu sərvəti qoruyub saxlamaq lazımdır.