
İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev respublikanın şimal bölgəsinə səfəri çərçivəsində Siyəzən rayonuna gedib.
Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Siyəzən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Prezident İlham Əliyevə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq işləri barədə məlumat verib.
Daha sonra prezident İlham Əliyev Siyəzəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyevə məlumat verilib ki, Mərkəzin yerləşdiyi ərazi Siyəzən şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Siyəzənin ən gözəl yerlərindən birinə çevirib.
Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Qeyd edilib ki, 3 mərtəbədən və 14 otaqdan ibarət olan Mərkəzin müasir orijinal layihə əsasında inşasına 2013-cü ilin yanvarında başlanılıb və iyul ayında başa çatdırılbı. Ümumi sahəsi 1200 kvadratmetr olan Mərkəzdə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir.
Diqqətə çatdırılıb ki, Mərkəzdə Prezident İlham Əliyevin Siyəzənə səfərləri ilə bağlı foto guşə də yaradılıb. Binanın birinci mərtəbəsində muzey, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcəkdir. Mərkəzin ikinci mərtəbəsində isə konfrans zalı, dizayn və rəsm studiyaları, sərgi salonu vardır. Üçüncü mərtəbədə isə müasir internet klub, kitabxana və xarici dil öyrədən kurslar yaradılıb.
Mərkəzlə tanışlıqdan sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
İyulun 18-də prezident İlham Əliyev həmçinin Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.
Məlumat verildi ki, inzibati binanın inşasına 2013-cü ilin yanvarda başlanılmış və iyul ayında başa çatdırılıb. İkimərtəbəli binanın ümumi sahəsi 753 kvadratmetrdir.
Binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi qoyulub. Burada Ümummilli Liderin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən YAP-ın fəaliyyəti ilə bağlı gördüyü işləri əks etdirən fotoguşələr yaradılıb. Tarixi sənəd və eksponatların da sərgiləndiyi binanın iclas zalında müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şərait var. Bütün otaqlar zəruri avadanlıqla təchiz olunub, kompüterlər quraşdırılıb, kitabxana yaradılıb.
Diqqətə çatdırıldı ki, YAP Siyəzən rayon təşkilatı 1995-ci il fevralın 10-da təsis olunub. Özündə 42 ilk təşkilatı birləşdirən qurumun 3 min 240-dan çox üzvü var. Onların 32 faizini qadınlar, 28 faizini isə gənclər təşkil edir. Yeni binada təşkilatın daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın həyəti tamamilə abadlaşdırılıb, yaşıllıq salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Dövlət başçısı binada yaradılmış şəraitdən razılığını bildirib.
İyulun 18-də həmçinin Siyəzən şəhərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə barədə dövlətimizin başçısına məlumat verdi. Bildirilib ki, layihə Azərbaycan Hökuməti və Dünya Bankının vəsaiti hesabına həyata keçirilir.
Prezident İlham Əliyev Siyəzən şəhərinin su təchizatı şəbəkəsinin planı, su təchizatı və kanalizasiya qurğularının yerləşmə sxemi, kanalizasiya şəbəkəsinin planı, çirkab sutəmizləyici qurğunun sxemi ilə tanış olub. Qeyd edilib ki, Siyəzən rayon mərkəzinin əhalisini içməli su ilə təmin etmək üçün layihədə su mənbəyi kimi ikinci Bakı su kəməri qəbul edilib. Layihələrdə yeni qurğuların texniki parametrləri öz əksini tapıb.
Prezidentə məlumat verilib ki, Fransanın “SADE” və Azərbaycanın “RAMKO” şirkətləri arasında imzalanmış tikinti müqaviləsi əsasında Siyəzən şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və tikintisinə başlanılıb. Şəhərin bütün evləri su və kanalizasiya şəbəkələrinə qoşulub. İkinci Bakı kəmərindən suyun götürülməsi və şəhərə paylanması üçün 100 kubmetrlik təmizləyici su anbarının, 1000 və 3000 kubmetrlik su anbarlarının tikintisi başa çatdırılıb. Çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir. Layihənin həyata keçirilməsi ilə Siyəzən şəhər əhalisini 24 saat ərzində içməli su ilə təmin etmək mümkün olacaq.
Prezident İlham Əliyev şəhərə suyun verilməsini bildirən düyməni basıb.
Azərbaycan Prezidenti işlərin uğurla başa çatdırılması ilə əlaqədar tapşırıqlarını verib.
Azərbaycan prezidenti İlham Əliyev iyulun 18-də Siyəzən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında da iştirak edib.
Prezident İlham Əliyevə məlumat verilib ki, rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyətinin yeni tikilən inzibati binasında yaradılan şərait bir daha təsdiq edir ki, ölkədə dövlət idarəçiliyi sistemi işinin stimullaşdırılması diqqət mərkəzindədir.
Qeyd edildi ki, müasir memarlıq üslubunda inşa olunan bina həm də rayonun görkəminə xüsusi gözəllik verir. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib. Binadakı otaqlar müasir tələblərə cavab verir. Heydər Əliyev prospektində inşa olunmuş binanın fasadı yerli tikinti materialları ilə üzlənib. Binanın tikintisinə 2012-ci ilin oktyabrında başlanılmış və 2013-cü ilin iyulunda başa çatdırılıb. İnşaat işləri büdcə vəsaiti hesabına həyata keçirilib. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, iki müasir bəzək elementi, işıqlandırma sistemi müasir standartlara uyğun şəkildə quraşdırılıb.
Binanın girişində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qoyulub. Burada dahi rəhbərin Siyəzənə səfərlərini əks etdirən fotoguşə yaradılıb. Bina müasir idarəetmə metodlarından istifadə olunması üçün bütün texniki şəraitlə təchiz edilib.
Diqqətə çatdırılıb ki, inzibati binada sakinlərlə və yerli icra nümayəndəlikləri ilə videokonfrans zalı, operativ idarəetmə mərkəzi də var. Bütün bunlar icra hakimiyyətinin əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədi ilə yaradılıb. Müasir standartlara cavab verən səs, istilik, işıq sistemləri ilə təchiz edilən 128 nəfərlik konfrans zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi mümkündür.
Vurğulanıb ki, rayon icra hakimiyyətində, həmçinin onlayn videoqəbul da yaradılıb. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun Məşrif, Zarat, Eynibulaq, Sədan və Böyük Həmyə icra nümayəndəlikləri şəbəkəyə qoşulub.
Görülən işlərdən razılığını bildirən prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
İyulun 18-də Azərbaycan prezidenti İlham Əliyev Siyəzəndə Gənclər Mərkəzinin açılışında da iştirak edib.
Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə məlumat verilib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş Gənclər Mərkəzinin inşasına 2012-ci ilin aprelində başlanılmış və 2013-cü ilin iyulunda başa çatdırılıb. Layihənin smeta dəyəri 714,91 min manatdır.
Qeyd edilib ki, ümumi sahəsi 1634 kvadratmetr olan Gənclər Mərkəzi 3 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində bar, bilyard zalı fəaliyyət göstərir. Mərkəzdə, həmçinin Dövlətçilik Muzeyi yaradılmışdır. Muzeydə Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları, pul əskinasları, medal və tarixi sənədlər toplanıb.
Bildirilib ki, Mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, bilyard, oyun avtomatları zalları, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir. Bütün kompüterlər sürətli internetə qoşulub. Bu Mərkəz rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaq.
Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.



