|
|
|
|

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi müraciət ünvanlayıb
Bu gün Ağdamın Ermənistan tərəfindən işğal olunmasından 20 il keçir. “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı beynəlxal ictimaiyyətə və təşkilatlar müraciət ünvanlayıb. Təşkilatdan 525.az-a verilən məlumata görə, müraciətdə bildilir ki, Azərbaycanın əbədi və əzəli torpaqlarını ələ keçirməklə mifik “Böyük Ermənistan” yaratmaq arzusunda olan Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasəti nəticəsində 20 il bundan əvvəl, 23 iyul 1993-cü ildə Ağdam rayonu erməni silahlı quldur dəstələri tərəfindən işğala məruz qalıb: “Rayonun 1154 kvadrat kilometrlik sahəsinin 882 kvadrat kilometri, yəni 76,5 faizi işğal edilib. Hazırda Ağdamın 122 yaşayış məntəqəsindən yalnız bir hissəsi Azərbaycanın, qalanları isə işğalçı Ermənistanın nəzarəti altındadır. Rayon ərazisindəki 1700 hektar meşəlikdə, 91,3 hektar kənd təsərrüfatına yararlı torpaqlarda bitki aləmi və torpaq məhv edilib. Təxmini hesablamalara görə, işğal nəticəsində Ağdam rayonuna 6,5 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Doğma yurd-yuvasından qovulmuş 128 min nəfər Ağdam sakini 20 ildir ki, respublikanın 59 rayonunda məskunlaşaraq, məcburi köçkün həyatı yaşamağa məhkum edilib”.
Müraciətdə vurğulanır ki, hərbi əməliyyatlar aparıldığı dövrdə Ağdam rayonunda 6 min nəfər şəhid olub: “İşğal zamanı 49 nəfər əsir götürülüb, 139 nəfər itkin düşüb. Beynəlxalq humanitar hüquq normalarına riayət etməyən ermənilər yaşından asılı olmayaraq girov götürdükləri yerli sakinlərə qarşı amansız olublar. Rayonun işğalı zamanı oradakı runi-əsəb xəstəxanasında müalicə alan 2 nəfəri qadın olan 7 ruhi xəstəni belə girov götürüblər. Acınacaqlı haldır ki, işğaldan sonra Ağdam kanalının yaxınlığında erməni vəhşiliklərinin qurbanı olmuş çox sayda qadın və uşaq meyidi aşkar olunub”.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Ağdam rayonunun Ermənistan tərəfindən işğalı günündə Birləşmiş Millətlər Təşkilatına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə başçılarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edərək, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altında olan torpaqların, o cümlədən Ağdam rayonunun Ermənistan silahlı qüvvələrindən azad olunması, I Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının Vətənə qaytarılması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün konkret tədbirlər görməyə çağırır.



