|
|
|
|
İranda tanınmış azərbaycanlı bəstəkara Həsən Dəmirçiniyə hökm oxunub.
APA xəbər verir ki, Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi Həsən Dəmirçini 6 ay azadlıqdan məhrum edib. Azərbaycanlı bəstəkar Azərbaycan türklərinin problemləri ilə bağlı keçirilən iclaslarda iştirak etmək, İran dövlətinin icazəsi olmadan Qaradağ zəlzələsindən zərər çəkmiş insanlara köməklik göstərmək və ianə toplamaq, musiqi kursları təşkil etmək, Azərbaycan musiqisini tədris etmək, ölkə daxilində və xaricindəki istiqlalçı (“separatçı”) qüvvələrlə əlaqədə olmaq və həbsxanadan çıxan azərbaycanlı siyasi məhbusların qarşılanma mərasiminə getməkdə günahlandırılıb. Məhkəmə prosesi iyulun 14-də keçirilib. Hakim Həmid Purbağır İran İslam Cəza Qanununun 500-cü maddəsini əsas götürərək 60-dan çox yaşı olan azərbaycanlı fəala belə bir cəza verib. Ancaq bu ittihamlara görə həmin maddənin tətbiqinin mümkün olmadığı bildirilir.