|
|
|
|

Dünyanın geosiyasi ağırlıq mərkəzinin Şərqə tərəf dəyişdiyi haqqında proqnozlar var. Cənubi Asiya regionunun bu prosesdəki rolu maraq doğurur. Həm də nəzərə almaq lazımdır ki, bölgədə ən çox əhalisi olan və demoqrafik vəziyyəti sürətlə dəyişən bir neçə ölkə yerləşir; Hindistan, Pakistan, Banqladeş... Bundan başqa, dünya lideri olmağa iddialı və ən çox insan potensialına sahib Çin onlara qonşudur.
Münaqişəli regionun "hind möcüzəsi'' və ''əfqan sindromu''
Cənubi Asiya qlobal geosiyasətin maraq dairəsində olan regionlardandır. Baxmayaraq ki, burada Yaxın Şərqdə olduğu kimi yüksək gərginlik yoxdur, perspektivdə həmin məkan "dünyanın ən qaynar nöqtələri'' sırasına daxil ola bilər. Bunun bir neçə səbəbi vardır.
Həmin bölgədə demoqrafik vəziyyət xeyli mürəkkəbdir. Hindistan dünyada əhalinin sayına görə ikinci yerdədir. Pakistan, Banqladeş, Şri-Lanka, Əfqanıstan və Nepalda insan artımı yüksək səviyyədədir. Bundan əlavə, Cənubi Asiya Çinlə həmsərhəddir. Bu ölkə isə əhalisinin sayına görə dünyada birinci yerdədir. Əgər Hindistanla Çindəki demoqrafik vəziyyəti birgə götürsək, bu məkanın bəşəriyyətin gələcək taleyində əsas rollardan birini oynaya biləcəyi qənaətini alarıq.
Onu nəzər alaq ki, Qərb analitikləri və strateqləri qlobal geosiyasi mənzərənin dəyişməsində demoqrafik faktora böyük önəm verirlər. Bu səbəbdən indidən Cənubi Asiyanın böyük dövlətlərin maraq dairəsində olduğunu deyə bilərik. Çin faktorunu isə ayrıca götürmək gərəkdir. Bu dövləti dünya liderliyi sahəsində ABŞ-ın əsas rəqibi kimi qəbul edirlər.
Analitiklərin proqnozlarına görə, Amerika əsas gücünü Çinlə mübarizəyə istiqamətləndirir. Bunun nə demək olduğu məlumdur. Hər şeydən əvvəl, Vaşinqton geosiyasi, siyasi, iqtisadi, mədəni, hərbi və informasiya sahələrində Pekinlə mübarizəni intensivləşdirəcək. Nəticədə, çoxlu sayda yeni problemlərin meydana gəlməsi mümkündür. Həmin prosesin Cənubi Asiya dövlətlərinə də təsir edəcəyi ehtimalı yüksəkdir. Lakin burada region ölkələrinin hər birinin özünəməxsus geosiyasi rolu vardır. Bu aspektdə onlar arasındakı fərq bir sıra parametrlər üzrə çox böyükdür. Analitiklər bu kimi məqamları nəzərə almaqla region dövlətlərinin perspektivləri və qarşılaşa biləcəkləri problemlərlə bağlı proqnozlar verirlər.
Hindistan Cənubi Asiyanın ərazicə ən böyük və inkişaf perspektivi yüksək olan ölkəsidir. Proqnozlara görə, yaxın 20 il ərzində Hindistan iqtisadiyyatı ildə orta hesabla 7-7,5% böyüyəcək. Hindistanın Ümumi Daxili Məhsulu (ÜDM) 2020-ci ildə 8 trilyon ABŞ dollarından çox olmalıdır. Bu, dünyada 3-cü göstəricidir (bax: Стратегический глобальный прогноз 2030 // ИМЭМО РАН; под ред. А.А. Дынкина. М.: Магистр, 2011. c.472). Sürətli iqtisadi inkişaf həm istehsalın artması, həm də hind malları və xidməti üçün xarici bazarın genişlənməsi hesabına baş verməlidir. Onu vurğulayaq ki, Hindistan yüksək texnologiyalar, ilk növbədə informasiya-kommunikasiya sahəsində perspektivli dövlət kimi qəbul edilir. İnformasiya texnologiyaları sahəsində bu ölkənin 2012-ci ildə payı 18% (70 milyard ABŞ dolları) təşkil edirdi. 2030-cu ildə bu rəqəmin 30%-ə çatacağı gözlənilir (bax: India’s International Trade. A Tech Segregated Perspective // www.cc.iift.ac.in; India clocks US 69.7 billion IT exports during FY 2011-12 // www.4malayalees.com).
Hesablamalara görə, 2020-ci ilə qədər Hindistanda əhali artımı yüksək tempini saxlayacaq. Həmin müddətdə orada insanların sayı 1,35 milyard təşkil etməlidir (bax: Census pegs India’s population at 1.2 bn. // www.indianexpress.com, 31 mart 2011). Təhsil sahəsində Dehlinin islahatları genişləndirəcəyi və Qərblə mütəxəssis mübadiləsini yeni səviyyə qaldıracağı da gözlənilir.
Bütün bunlar Hindistanın 2020-ci ilə qədər dünyanın ən güclü dövlətlərindən birinə çevriləcəyini deməyə əsas verir. Təbii ki, bu, onun problemlərlə qarşılaşmayacağı anlamına gəlmir. O cümlədən, bu ölkə üçün bir neçə risk faktoru mövcuddur. Məsələn, Cənubi Asiyanın şimal-qərbində vəziyyət sabitliyini itirə bilər. Bu da öz növbəsində Mərkəzi Asiyada xaos yaranmasına səbəb olar. Digər tərəfdən, Hindistanın Pakistanla münasibətlərinin kəskinləşməsi ehtimalı var. Nəhayət, humanitar-ekoloji sahədə qorxulu tendensiyalar meydana gələ bilər.
İmkan və risklərin qovşağında
Bu kimi məqamlara Hindistanın qlobal geosiyasi mübarizəyə cəlb edilməsi ehtimalını əlavə etmək lazımdır. Həmin kontekstdə bu dövlətin böyük ABŞ-Çin qarşıdurmasında hansı mövqedə dayanacağının regionun taleyinə ciddi təsiri olacaq. İndidən Dehliyə Vaşinqtondan, Moskvadan və Pekindən diplomatik mesajlar verilir. Amerikanın dövlət katibi Con Kerri isə Hindistana olan son səfərində bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını açıq bildirib.
Hindistanla yanaşı, Pakistan da qlobal geosiyasətin maraq dairəsində olan dövlətdir. Bəzi proqnozlara görə, bu ölkənin iqtisadiyyatı ildə 4-5% artacaq (bax: V.Belokrenitsinin yuxarıda göstərilən məqaləsinə). Orta sinfin inkişaf edəcəyi gözlənilir. Ölkədə kasıblıq həddi aşağı düşməlidir. Ancaq Pakistanda sürətli demoqrafik yüksəliş də proqnozlaşdırılır. 2020-ci ilə ölkə əhalisinin 250 milyona çatacağından danışılır (hazırda 198 milyondur). Bu cür əhali artımı, şübhəsiz ki, bir sıra sosial-iqtisadi problemlər meydana gətirə bilər.
Ancaq Pakistan üçün geosiyasi aspektdə daha mürəkkəb vəziyyətin mövcud olduğunu demək olar. Daxili siyasi gərginlik, terror hadisələri, radikal dinçilərin ölkədə geniş yayılması fonunda Vaşinqtonun təzyiqləri çətinliklər yaratmaqdadır. Bundan başqa, Pakistanın müsəlman nüvə dövləti olması bir sıra dairələrin qısqanclıqlarını yaradır. Kəşmir isə onun Hindistanla daim potensial münaqişə vəziyyətində olması deməkdir. Ən çox təhlükə isə Əfqanıstan istiqamətindən gözlənilir. Neçə illərdir ki, İslamabad bunun siyasi, iqtisadi və hərbi təsirini öz üzərində hiss edir.
Regionun digər dövlətləri olan Banqladeş, Şri-Lanka və Nepalın regional proseslərə təsirləri getdikcə artır. Bu ölkələr sosial-iqtisadi aspektdə elə də ümidverici nəticələrə malik deyillər. Yalnız Banqladeşin tədricən tərəqqi edə biləcəyi proqnozlaşdırılır. Onun demoqrafik cəhətdən daha dinamik cəmiyyətə malik olması pozitiv amil olaraq dəyərləndirilir. Şri-Lanka və Nepal isə vətəndaş müharibəsindən yeni qurtulmuş dövlətlər kimi bərpa mərhələsini yaşayırlar. Şri-Lankada 1983-2009-ci illərdə tamillərlə, Nepalda isə 1996-2008-ci illər ərzində maoistlərə qarşı gedən savaşda böyük itkilər olub. Şri-Lanka tamil döyüşçülərini məğlub etdisə, Nepalda maoistlər seçkidə iştirak edərək hökumətdə mövqe tutdular (bax: yuxarıdakı mənbəyə). Bu proseslər hər iki ölkənin mürəkkəb daxili sosial-siyasi problemlər qarşısında durduğunu göstərir. Eyni zamanda, regionda sabitsizlik yarada biləcək qaynaqların mövcudluğundan xəbər verir.
Nəhayət, dünya ictimaiyyətinə daha çox məlum olan Əfqanıstan! Sovetlərdən sonra NATO da "əfqan bataqlığına'' düşdü. İndi bütövlükdə region üçün təhlükə mənbəyidir. Böyük dövlətlər Əfqanıstandan qaynaqlanan dini radikalizmə qarşı birgə mübarizə proqramlarını müzakirə edirlər. ABŞ-ın 2014-cü ildə oradan əsgərlərini çıxarandan sonra böyük bir geosiyasi məkana terrorun yayılması təhlükəsi ola bilər. Hələlik bu istiqamətdə konkret bir nəticə alınmayıb. Əksinə, böyük dövlətlərin bir-birinə qarşı "əfqan sindromundan'' istifadə etmək cəhdlərinin olduğu müşahidə edilir.
Bütün bunlar Cənubi Asiyanın qlobal geosiyasətdə kifayət qədər ciddi əhəmiyyətə malik olduğunu göstərir. Burada iki tendensiyanı vurğulamaq olar. Birincisi, həmin regionun demoqrafik dinamikası sürətlə yeniləşir. Əhalinin intensiv artımı bir sıra geosiyasi, iqtisadi və mədəni problemlər yaradır. Həmin faktorun böyük dövlətlərin regiona istiqamətlənmiş siyasətlərinə ciddi təsir edəcəyini proqnozlaşdırmaq mümkündür. Bu aspektdə daha çox Rusiya, ABŞ və Çinin region uğrunda mübarizəsinin təsiri özünü göstərə bilər.
İkincisi, bölgə ölkələri daxilində olan daxili münaqişələrin həll edilməməsi region üçün potensial gərginlik mənbəyinin mövcudluğunu təsdiqləyir. Düşündürücüdür ki, Cənubi Asiyada bu təhlükə mahiyyətcə fərqli ziddiyyətlərdən qaynaqlanır. Məsələn, Hindistanla Pakistan arasında ərazi məsələsində ziddiyyət var, Nepalda maoistlər siyasi-ideoloji və dini faktora görə separatçı mövqedədirlər, Şri-Lankada etnik separatizm problem yaradır, Myanmada (Banqladeşlə sərhəddə) sırf dini dözümsüzlük (buddistlərin müsəlmanlara qarşı soyqırımı siyasəti) vardır.
Bu cür rəngarənglik təhlükə mənbələrinin geniş spektrə malik olduğunu göstərir. Həmin özəllik Cənubi Asiyada mürəkkəb geosiyasi oyunların aparılması ehtimalını yüksəldir. Qlobal səviyyədə mövcud olan geosiyasi reallıqlara görə hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq olar.
Newtimes.az



