
Son zamanlar Avropa İttifaqı ilə Rusiya arasında geosiyasi mübarizənin yeni səviyyəyə qalxdığı haqqında informasiyalar yayılır. Bunun səbəbi kimi Ukraynanın Aİ-yə assosiativ üzv olmaq üçün müqavilə imzalamağa hazırlaşması göstərilir. Lakin ölkə daxilindəki siyasi proseslərin və xarici təsirlərin analizi vəziyyətin mürəkkəbliyini təsdiqləyir. Rəsmi Kiyev çətin seçim qarşısında qalıb. Bunun nə qədər davam edəcəyi məlum deyil. Bununla yanaşı, ekspertlər hər bir halda Ukraynanın Aİ-yə assosiativ üzv olacağını proqnozlaşdırırlar.
Moskva-Kiyev: ticarət müharibəsi kəskinləşir?
Ukrayna parlamentinin ölkənin Avropa İttifaqına assosiativ üzv olmasını nəzərdə tutan sənədi imzalaması geosiyasi mühitdə əks-səda doğurdu. Daha çox isə Moskvanı qıcıqlandırdı. Kremldən Kiyevə xəbərdarlıq xarakterli bir neçə mesaj verildi. Prezident Vladimir Putin Ukraynanın çəkə biləcəyi zərərdən danışdı. O, Ukrayna informasiya agentliklərinin geniş yaydığı müsahibəsində vurğulayıb ki, iki ölkə arasındakı iqtisadi əlaqələr sahəsində problemlər yarana bilər.
Çünki Kiyev Aİ ilə həmin sənədi imzalayandan sonra Ukraynada istehsal olunan malların ölkə daxilində satışı olduqca çətin olacaq. Nəticədə, Rusiya bazarına Ukraynadan mal axını intensivləşəcək. Aİ və Gömrük İttifaqının tarif sistemləri fərqli olduğundan sonuncu təşkilata daxil olan ölkələrdə müəyyən iqtisadi çətinliklər meydana gələ bilər. Bu səbəbdən, rəsmi Kiyev assosiativ üzvlüklə bağlı geniş düşünməlidir (bax: Татьяна Ивженко. Виктор Янукович желает занять два стула / "Независимая газета'', 5 sentyabr 2013).
İki ölkə siyasətçiləri arasında kəskin debatlar ənənəvi keçirilən "Yalta Avropa Strategiyası'' (YAS) forumunda baş verib. Ukrayna prezidenti Viktor Yanukoviç, Avropa İttifaqının genişlənmə məsələləri üzrə məsul şəxsi Ştefan Füle və Rusiya prezidentinin köməkçisi Sergey Qlazyevin iştirak etdiyi tədbirdə tərəflər açıq şəkildə arqumentlərini ortaya qoyublar. S.Qlazyev xəbərdarlıq edib ki, Ukrayna Rusiya ilə strateji tərəfdaşlıq statusunu itirə bilər (bax: Татьяна Ивженко. Евроинтеграция Украины может быть сорвана / "Независимая газета'', 23 sentyabr 2013).
Belə ki, assosiativ üzvlük faktiki olaraq fərqli geosiyasi xətt seçmək deməkdir və bu halda Moskva Kiyevlə olan ticari-iqtisadi sazişləri ləğv edə bilər. Rusiya nümayəndəsi Ukraynanın çəkəcəyi zərərin təqribi miqdarını da forum iştirakçılarının diqqətinə çatdırıb. Onun dediyinə görə, assosiativ üzvlük ilk ildə Kiyevin 35 milyard ABŞ dolları itirməsi ilə nəticələnəcək. Avropa İttifaqının Ukraynaya bu zərəri ödəyə biləcəyi isə böyük şübhə doğurur (bax: əvvəlki mənbəyə).
Ukraynanın baş naziri Nikolay Azarov S.Qlazyevin gətirdiyi arqumentlərin əsasının olmadığını forum iştirakçılarının nəzərinə çatdırıb. O vurğulayıb ki, oxşar situasiya 2008-ci ildə, Ukraynanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması zamanı yaranmışdı. Ancaq təcrübə göstərdi ki, ölkə heç bir ziyana düşmədi. Rusiya iqtisadiyyatına da həmin məsələyə görə zərər dəymədi. Ukraynanın iş adamları hesab edirlər ki, Aİ-yə assosiativ üzvlük ölkədə hər hansı ciddi iqtisadi problem yaratmayacaq. Lakin bütövlükdə iqtisadi-ticari sistemdə köklü dəyişikliklər baş verməlidir (bax: əvvəlki mənbəyə). Məsələnin ən çox maraq doğuran tərəfi məhz bu məqamla bağlıdır.
Yanukoviç yolayrıcında: Qərb, yaxud Şərq?
Prezident V.Yanukoviç tədbirdə əsas olaraq iqtisadi sistemdə həyata keçirilməli olan islahatlardan danışıb. O, Ukraynada bu prosesin lokal çətinliklər yarada biləcəyini istisna etməyib. Lakin onu da deyib ki, "başqa yol yoxdur''. Bununla rəsmi Kiyev ölkənin tam olaraq Avropa standartlarına uyğun sistemə keçməkdə qərarlılığını bir daha təsdiqləyib. Yalnız bu çərçivədə Kiyev Gömrük İttifaqı ilə bəzi punktlarda əməkdaşlıq edə bilər.
Həmin proseslərə Avropa İttifaqı və Ukrayna müxalifətinin yanaşması da maraqlıdır. Avropalı siyasətçilər assosiativ üzvlüyün Ukrayna ilə yanaşı, Rusiyaya da xeyir verəcəyini iddia edirlər. Onlar bütövlükdə Ukraynanı itirməkdən çəkinirlər. Məsələn, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bu ilin avqustunda açıq deyib ki, "Biz Ukraynanı itirə bilmərik”.
Avropa Parlamentinin Beynəlxalq məsələlər üzrə Komitəsinin rəhbəri Elmar Brok isə vurğulayıb ki, "Rusiyanın assosiativ üzvlüklə bağlı sənədi imzalamaması üçün Ukraynaya etdiyi təzyiq artır'' (bax: Татьяна Ивженко. Брюссель берет Киев под защиту / "Независимая газета'', 28 avqust 2013). Bunları vurğulamaqla avropalı siyasətçilər Ukrayna məsələsinə çox həssas yanaşdıqlarını ifadə edirlər. Onlar strateji aspektdə Kiyevin çox ciddi rol oynaya biləcəyinə inanırlar. Hesab edirlər ki, Aİ-nin Rusiya siyasətində bu məqam əsas yeri tutmalıdır.
Ukrayna müxalifəti bütövlükdə Aİ-yə assosiativ üzvlüyü dəstəkləyir. Yalnız kommunistlər Gömrük İttifaqına daxil olmağa üstünlük verirlər.
Ukraynalı ekspertlər Avropaya inteqrasiyanın bütövlükdə ölkənin inkişafı aspektində faydalı olacağı qənaətindədirlər. Doğrudur, onların bəziləri Rusiya ilə münasibətlərin strateji xarakter daşımasını uyğun görürlər. Belə görünür ki, ictimai rəydə Qərblə əməkdaşlığın dərinləşməsi meyli üstünlük təşkil edir. Bunun fonunda prezident V.Yanukoviçin Aİ və ya Gömrük İttifaqına daxil olmağın referendum vasitəsi ilə həll ediləcəyi ilə əlaqədar söylədiyi fikirlərin arxasında konkret mövqe seçimi durur.
Moskva hesab edir ki, Ukrayna prezidenti birmənalı olaraq Avropaya üstünlük verir. Bu səbəbdən onun qarşısına çətin həll edilən bir problem çıxarıb.
Yalta forumunun gedişində kuluarlarda Rusiyanın Y.Timoşenko məsələsini süni şişirtməklə məşğul olduğu haqqında informasiyalar yayılıb. Bu barədə Ukrayna siyasəti institutunun rəhbəri Konstantin Bondarenko və iqtisadçı Boris Kuşniruk açıq danışmışlar (bax: Татьяна Ивженко. Евроинтеграция Украины может быть сорвана / "Независимая газета'', 23 sentyabr 2013). Maraqlıdır ki, Elmar Brok Avroparlamentin adından belə bir fikir ifadə edib: "Əgər oktyabrın 15-ə qədər Koks-Kvasnevski komissiyası Timoşenko məsələsi ilə bağlı müsbət rəy verməsə, Ukraynanı ciddi problemlər gözləyir'' (bax: əvvəlki mənbəyə).
Bütün bunlar Ukraynanın geosiyasi seçimi ətrafında gərgin mübarizənin getdiyini göstərir. Məsələ həm ölkədaxili siyasi mühitin həssaslığı, həm də Qərblə Rusiyanın nüfuz uğrunda savaşı aspektində düşündürücüdür. Rəsmi Kiyev Y.Timoşenkonu əfv etmək fikrində deyil. Onun azadlığa çıxması və müalicə olunması ilə əlaqədar Aİ-dən verilən təkliflərin hamısını V.Yanukoviç rədd edir. Ekspertlər hesab edirlər ki, Ukrayna prezidenti Y.Timoşenkonun növbəti seçkidə iştirakını arzulamır. İndi həbsdə olan Timoşenko məhz 2015-ci ildə keçiriləcək prezident seçkisində iştirak etməyi şərt kimi irəli sürüb. Bunun üçün onun haqqında olan bütün cinayət maddələri ləğv edilməlidir. Məsələnin bu cür həll edilməsini isə Ukrayna rəhbərliyi mümkün saymır.
Belə bir vəziyyətin yaranması noyabr ayında Ukraynanın Aİ-yə assosiativ üzv olmasının qarşısını ala bilərmi? Şübhəsiz, nəzəri olaraq bu, mümkündür. Onu deyək ki, müxalifətdə olan məşhur boksçu Vitali Kliçko V.Yanukoviçə "Aİ-yə assosiativ üzv olmaqla bağlı müqavilə imzalanmasa, istefaya getməyə hazırsınızmı?'' sualını verib. O isə cavabında "...üzv olmasa həyat yenə davam edir'', - kimi qeyri-müəyyən fikir ifadə edib (bax: əvvəlki mənbəyə). Görünür, həmin problem hələ ölkənin siyasi səhnəsində gərginlik mənbəyi olaraq qalacaq. Bunun arxasında hansı geosiyasi qüvvənin dayandığı başqa məsələdir.
Ukraynanın Avropa və ya Gömrük İttifaqını seçməsi yalnız onun öz taleyi aspektində əhəmiyyətli deyil. Masa üzərinə geosiyasi güc kimi Avropa və Rusiyanın nüfuzu qoyulub. Kiyev öz geosiyasi kursunu müəyyən etməklə qüvvələr nisbətini dəyişmək iqtidarındadır. Moskva və Brüsseli həm qorxudan, həm də radikal mövqe tutmağa sövq edən problemin bu tərəfidir.
Newtimes.az



