Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin birində Azərbaycan Prezidenti İlham Əliyev hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlığın Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrildiyini vurğulayıb: “Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub. Qloballaşma şəraitinin sürətləndiyi müasir dünyada gedən mürəkkəb etnosiyası proseslərdə dinin yeri və rolu, beynəlxalq münasibətlərdə və cəmiyyət həyatında din amili və bəşəriyyətin gələcək taleyi naminə mədəniyyətlərarası dialoq kimi qlobal məsələlərin müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın belə müzakirələrə ev sahibliyi etməsi təsadüfi deyil. Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında bizim xalqımıza xas olan humanizm və multikultiralist dəyərlərin müstəsna rolu vardır. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir, beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, üçtərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsiplərinə əsaslanır. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir”.
Xalqımız milli kimliyimizin tərkib hissəsinə çevrilən, millətimizin ruhuna oturuşmuş tolerantlıq keyfiyyəti ilə özünün sülhməramlı, xoşniyyətli, xoşgörülü olduğunu həmişə sübut edib.
Bütün bunlara-deyilənlərə və həyata keçirilən əməli işlərə təbii ki, beynəlxalq ictimaiyyət də yaxından şahiddir. BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan-tolerantlıq məkanı” mövzusunda fotosərginin açılış mərasimi keçirilməsi də bunun isbatıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bir həftə davam edəcək fotosərgidə Heydər Əliyev Fondunun “Azərbaycan – tolerantlıq ünvanı” layihəsi çərçivəsində ölkəmizə dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənəcək.
Sərginin açılışı və BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun ali səviyyəli iclası münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış edən BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser bu il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gedişində bir daha ölkəmizin mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətinin şahidi olduğunu bildirib. Birləşmiş Millətlər Təşkilatı baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi bugünkü sərginin BMT Baş Məclisinin 68-ci sessiyası çərçivəsində açılmasının dünya birliyinin Azərbaycan dövlətinin multikulturalizm və tolerantlığın təmin olunması sahəsindəki fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu vurğulayıb. O, BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Sərginin açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov tədbirə toplanmış BMT-nin üzv ölkələrini təmsil edən nümayəndə heyətləri rəhbərlərini səmimi salamlayaraq, ölkəmizdə dini tolerantlığın çoxəsrlik tarixindən danışıb: “Multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. Son illərdə Azərbaycan dövlətinin, həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən irimiqyaslı beynəlxalq tədbirlər Azərbaycanı mədəniyyətlər və dinlərarası dialoqun tanınmış beynəlxalq mərkəzinə çevirib”.Komitə sədri ümumilikdə Azərbaycanda dini durumun stabil olduğunu, dövlət-din münasibətlərin sağlam bir zəmində qurulduğunu vurğulayıb: “Bu, birinci növbədə dövlətin dini etiqad azadlığını tam şəkildə təmin etməsi ilə bağlıdır. Azərbaycanda məlumdur ki, din dövlətdən ayrıdır. Ancaq dünyəvi dövlətin də bir neçə formaları, modelləri var. Son zamanlar bizim cəlb etdiyiiz xarici mütəxəssislər, tədqiqatçılar dəfələrlə qeyd edirlər ki, Azərbaycanda qurulan model pozitiv modeldir”.
Müstəqillik tarixində ölkəmizin tolerantlıq ənənələrini BMT-də tərənnüm edən bu ilk sərgi bir həftə davam edəcək. Sərginin Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka toplaşmış ali səviyyəli nümayəndə heyətləri, həmçinin BMT-nin nəzdindəki diplomatik missiyaların təmsilçiləri, bu beynəlxalq qurumun qonaqları və beynəlxalq media təmsilçiləri tərəfindən ziyarət edib.
Təntənəli mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən “Photolerance” (“Fotolerans”) adlı Beynəlxalq gənclər fotomüsabiqəsinin təqdimat mərasimi baş tutub. Müsabiqənin məqsədi müasir dünya gənclərinin foto sənəti vasitəsilə əks olunan tolerantlığa baxışlarını beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etmək və bu yaradıcı üslubla dini və mədəniyyətlərarası tolerantlığı dünya miqyasında təşviq etməkdir.
Layihənin beynəlxalq təqdimatını həyata keçirən dünya şöhrətli fotoqraf Reza Deqati belə bir beynəlxalq təşəbbüsün məhz dünyada sülhün və inkişafın təmin edilməsi məqsədilə yaradılmış BMT-nin mənzil-qərargahında keçirilməsinin böyük məna daşıdığını bildirərək, BMT-nin Sivilizasiyalar Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə layihəyə verdikləri dəstək üçün öz təşəkkürünü bildirib. Müsabiqənin 18-25 yaşlı gənclər auditoriyası üçün nəzərdə tutulduğunu bildirən sənətkar, bu nəcib təşəbbüsün vasitəsilə dünya gənclərinin milli, irqi və dini zəmində baş verən münaqişələrə qarşı mövqe nümayiş etdirmələri üçün təsirli vasitə olacağına öz inamını ifadə edib. Layihənin əhəmiyyətini qeyd edən BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser təmsil etdiyi qurumun bu təşəbbüsün dünya miqyasında tanıdılması və uğurla həyata keçirilməsi üçün çalışacağını vurğulayıb: “Photolerance” müsabiqənin qalibləri 2014-cü ildə BMT-nin Sivilizasiyalar Alyansının növbəti qlobal forumunda elan ediləcəklər”.
S.MÜRVƏTQIZI



