
Lord Mayk German Böyük Britaniya Parlamentində Liberal Demokrat Partiyasını təmsil edir. O, parlamentin Əmək və Təqaüd üzrə Komitəsinin sədridir. Lord Mayk vaxtilə Uels liberal demokratlarının lideri olub və Uels Assambleyasının baş nazirinin müavini vəzəifəsində çalışıb.
525.az-ın məlumatına görə, Lord German Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Trans Adriatik Boru kəməri (TAP) layihəsi, Britaniya investisiyalarının Azərbaycan iqtisadiyyatına yatırımı, Azərbaycan hökumətinin milli və dini azlıqlarla bağlı yürütdüyü siyasət, ölkəmizin BMT Təhlükəsizlik Şurasına yenidən sədrlik etməsi və beynəlxalq təhlükəsizliyin mühafizəsində rolu haqqında suallarına aşağıdakıları bildirib;
“TAP layihəsi Böyük Britaniyanı enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkə iqtisadiyyatı üçün zəruri olan təchizatın çoxşaxəliyini də artıracaq. Böyük Britaniyanın mövcud və gələcək ehtiyaclarının təminatına göstərdiyi dəstəyə görə Azərbaycana minnətdar olmaq lazımdır.
Azərbaycan hökumətinin dini və milli azlıqlarla bağlı yürütdüyü siyasət digər ölkələr üçün nümunədir. Azərbaycan regionda dözümsüzlüyə qarşı bufer kimi çıxış edir.
Azərbaycanın birbaşa xarici investiyasının 44,1 faizi Böyük Britaniyanın payına düşür. Bu, Böyük Britaniyanın Azərbaycanda perspektivli, etibarlı və uzunmüddətli sərmayəçi olmasına dəlalət edir. Təbii ki, həmin amillər iki ölkə arasındakı münasibətlərə xüsusi ton verir.
Qərb Azərbaycanın regionda, ümumilikdə dünyada sülhün və təhlükəsizliyin bərqərar olunması işinə verdiyi töhfələri yüksək dəyərləndirir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı artan rolu və şuraya yenidən sədrlik etməsi onu göstərir ki, Azərbaycan çox mühim qlobal təsirə malikdir. Şübhəsiz ki, bütün bunlar dünyanın digər yerlərində də Azərbaycanın nüfuzunu artıracaq və sülhün keşiyində duran ölkə imicinə öz müsbət təsirini göstərəcəkdir”.



