
Politoloq Cümşüd Nuriyev Ermənistan prezidenti Serj Sarkisyanın AŞPA-dakı çıxışında Azərbaycanın ünvanına səsləndirdiyi bəzi ittiham və hədələrə münasibət bildirib. O, Ermənistan prezidenti S.Sarkisyanın “başını itirdiyini” diqqətə çatdırıb. C.Nuriyev Ermənistan prezidentinin belə çıxış etməsinə onu vadar edən digər məqamların olduğunu qeyd edib. Onun sözlərinə görə, düşmən ölkə prezidentinin bu cür fikirlər səsləndirməsinə əsas verən amil, erməni müxalifətinin onu qumarbaz adlandırması olub. Politoloq belə deyib: “Məsələ ondan ibarətdir ki, erməni müxalifəti Serj Sarkisyanın Avropada qumarda 70 milyon avro vəsait uduzduğunu gündəmə gətirib. Millət vəkili Səməd Seyidov ona sual verəndə o, Ermənistan müxalifətinə deyə bilmədiklərini söyləyərək, bir növ hayfını millət vəkilimizdən çıxmağa başlayıb. Amma o, bununla özünü biabır edib. Sarkisyan Ermənistanı işğalçı kimi təqdim etməklə ölkəsinin vəziyyətini daha da ağırlaşdırıb. O, hədələyici çıxışlar edərək bildirib ki, əgər Azərbaycan hücum etsə, Ermənistan torpaqlarımızın 25-30 faizini də işğal edəcək. Görün bu adam nə qədər siyasətdə piyada adamdır ki, Ermənistanı işğalçı dövlət kimi tanıtmaqla yanaşı, onun növbəti işğalçılıq siyasətini gündəmə gətirir. Əslində xristian həmrəyliyi olmasaydı, Avropa Parlamenti Sarkisyanın bu çıxışına görə bəyanat verməli idi. Lakin onların bu məsələyə münasibət bildirməmələri, ikili standartlara malik olduqlarını göstərir. Bununla Avropada yalançı demokratiyanın olduğu üzə çıxdı. Sarkisyan bu hərəkəti ilə Avropa Birliyinin siyasətinə tüpürdü. Eyni zamanda Rusiyaya bir mesaj göndərdi ki, əgər mən belə bir addım atmalı olsam, sən də məni dəstəkləməlisən. Belə səviyyəsizi tribunaya çıxarıb sonra da, onun çıxışına cavab verməmək Avropa Birliyinin bir daha səviyyəsiz olduğunu və islam dünyasına qarşı çıxdığını gündəmə gətirdi”.
Azərbaycan tərəfindən bununla bağlı atılacaq addımlara gəldikdə isə politoloq məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanat verməli olduğunu bildirib. Onun düşüncəsinə görə, eyni zamanda qeyri-hökumət təşkilatları məsələ ilə bağlı bəyanatla çıxış etməlidirlər: “Azərbaycanda kifayət qədər qeyri-hökumət təşkilatı, eləcə də Qarabağla bağlı təşkilatlar var. Onlar bu məsələ ilə bağlı etiraz bəyanatı ünvanlaya bilərlər. Bundan əlavə, Parlament də bu məsələyə münasibət bildirməlidir. Ona görə ki, Sarkisyan Azərbaycan deputatına qarşı çıxış edib. Ümumiyyətlə, ölkəmizdə bu məsələlərə qarşı ciddi üsyan olmalı, media susmamalı, bunun üzərinə getməlidir. Bu, bizim üçün vacibdir”.
AQİL



