Azərbaycan iqtisadiyyatının inkişafını artıq qeyri-neft sektorunun dinamikliyi təmin edir. Son zamanlar müşahidə olunan vəziyyət sığorta sahəsinin ön sıralara keçdiyini göstərir. Ekspertlərin rəyinə görə, bu sahə yaxın gələcəkdə Azərbaycanın aparıcı iş sferasına çevriləcək. İqtisadiyyatı günü-gündən inkişaf edən bir ölkədə zaman özü bu sahənin inkişaf etməsini zəruri etdi.
İlk öncə dünyada sığorta sözünün etimoloji mənasına nəzər salaq: “straxovaniye” – “strax” – “qorxu” sözündən götürülüb, hərfi mənası “qorxudan qorunmaq” anlamını verir. İngilis dilində “insurance” – “sure” – “əmin olmaq”, “əminlik” sözündən götürülüb. Artıq sözün ilkin anlamından məlum olduğu kimi, sığorta olunmaq – başına gələ biləcək qorxduğun hər hansı bir zərərli hadisədən “az zərərli” çıxmağa yardımçı etmək deməkdir. Sığortanın fəlsəfəsini “həyatın sənin üçün dəyərlidir. Nə dərəcədə dəyərli olmağını isə sən özün müəyyən edirsən” kimi cümlə ilə ifadə etmək olar. Və ən əsası da odur ki, nəinki insan həyatını, istənilən əşyanı, hadisəni və s. əvvəlcədən sığortalamaq mümkündür.
İqtisadiyyatı çiçəklənməkdə olan bir ölkədə sığorta sahəsinin imkanları da genişlənməkdədir. Dünya təcrübəsinə əsaslanaraq, Azərbaycan qanunverici orqanları bəzi sahələrin sığortalanmasını məcburi elan edi. (Məsələn, işçilərin icbari sığortası, icbari avtomobil sığortası və s.). Bu qanunlar sırf əhalinin təhlükəsizliyini nəzərə alaraq qəbul olunub. Məsələn, bu yaxınlarda baş verən bir hadisəyə nəzər salaq: Biz nəfər qadın Barselonaya istirahətə getmişdi. Viza almaq üçün səyahət sığortası məcburi olduğu üçün, cəmi 8 AZN verməklə sığorta olunmuşdu. Bədbəxtlikdən, səfər zamanı həmin xanım yıxılaraq ayağını sındırdı. Sığorta şirkəti 20.000 AZN dəyərində ödəniş edərək bütün xərcləri öz üzərinə götürdü. Həmin qadına hadisə zamanı telefonla istifadə etdiyi xərcləri belə geri ödədilər. Əgər sığortası olmasaydı, bütün bu xərclər onun özündən çıxacaqdı. Və ya digər bir baş vermiş hadisəni misal gətirim: bir nəfər avtomobillərin sığortasının icbari olmasına baxmayaraq 2 avtomobilinin ikisini də sığortalamamışdı. Bir gün polis əməkdaşı həmin insanı saxlayaraq icbari sığortası olmadığını görüb cərimə tətbiq edir. Avtomobil sahibi, cəriməni verməkdən imtina edir. Maşını onun əlindən alırlar. Əsəbləşən maşın sahibi “maşınımdan imtina edərəm, amma sığortaya pul vermərəm” deyir. Gedib o biri maşınını götürür sürmək üçün. Elə həmin gün, həmin yerdə işıqforda qəza törədir. Digər bir maşına ziyan dəyir. Həmin polis yaxınlıqda olduğu üçün yaxınlaşır. Bayaqkı sürücünü görəndə gülümsəyərək, “avtomobillərinizi sığortalamış olsaydınız, indi hər iki maşınınız özünüzdə olardı, bu qəzanı törətməzdiniz və zərər yetirdiyiniz maşının xərclərini ödəməkdən azad olardınız. Siz icbari sığortadan imtina etməklə həm cərimə verəsi olacaqsınız, həm hər iki maşınınızdan oldunuz, həm də törətmiş olduğunuz qəzanın xərclərini özünüz çəkəsi olacaqsınız” deyir. Baxın, bu hər bir insanın başına gələ biləcək hadisələrdir. Sığortalanmış insan mümkün qədər az zərərlə canını qurtarır. Əgər hadisə baş verməzsə, itirəcəyimiz sadəcə cuzi məbləğdə ödəniş olur. Bu baxımdan, qanun sırf insanların təhlükəsizliyinə xidmət edir. Təhlükəsizliklə yanaşı, sığorta şirkətləri yeni iş yerləri deməkdir. Bütün dünyanın iqtisadi böhrandan əziyyət çəkdiyi bir dövrdə, Azərbaycanda geniş iş imkanları yaranmaqdadır. Hər bir iri sığorta şirkətinin minimum 250-500 nəfər işçisi, onlarla sığorta şirkəti – əhalinin müəyyən hissəsinin işlə təmin olunmasına səbəb olur.
Sığorta şirkətləri sığortanın nə demək olduğunu sığorta agentləri vasitəsilə edir. Bunun üçün sığorta şirkətləri daima yeni kadrlar axtarışındadır. Sığorta agenti – sığortalanmanın nə demək olduğunu, əhəmiyyətini və sığorta imkanlarını əhaliyə çatdıran insan deməkdir. Sığorta agenti bir növ insanları sığorta sahəsi üzrə maarifləndirir. Bunun üçün isə şirkətlər ilk öncə həmin kadrın özünü maarifləndirirlər. Bu o deməkdir ki, istənilən şəxs sığorta agenti ola bilər. Azərbaycan qanunvericiliyi hal-hazırda bəzi sığorta növlərini icbari etməklə çox geniş imkanlar açıb. Agentlərə sadəcə onları təqdim etmək qalır.
Samira MƏMMƏDOVA
Yazı “Atəşgah” Sığorta Şirkətinin keçirdiyi müsabiqəyə təqdim olunmaq üçün verilir.



