QHT ƏMƏKDAŞLIQ ALYANSI MONİTORİNQİN YEKUN NƏTİCƏLƏRİNİ ELAN EDİB
Dünən Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansının
həmsədrləri Rufiz Qonaqov, Rəfail Becanov və Yadigar Məmmədli 9 oktyabr 2013-cü
ildə keçiriləcək prezident seçkisinin uzunmüddətli monitorinqinin yekun
nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Alyansın həmsədri Rufiz Qonaqov
çıxış edərək bildirib ki, prezident seçkisinin monitorinqinin ikinci mərhələsi
də artıq yekunlaşıb. O, bu mərhələnin 12 sentyabrdan başlandığını bildirib.
R.Qonaqov bu mərhələdə 5 regionda monitorinqin aparıldığını deyib: “Bu
mərhələdə 5 regionda monitorinqlər aparıldı. Ümumilikdə 11 region əhatə olundu.
11 regionda 78 rayonu əhatə etmişik. Monitorinqə ümumilikdə 19 500 nəfər
respondent cəl olunub. Əsas məqsədimiz əhalinin seçki hazırlığını müşahidə
etmək, partiyaların və namizədlərin reytinqini müəyyənləşdirmək, onların hansı
partiya və namizədə inandığının monitorinqinin aparılması olub. “Prezidentliyə
namizədlərdən daha çox hansına inanırsınız” sualına rəyi öyrənilən
respondentlərin 86.46 faizi Prezident İlham Əliyevə inandıqlarını bildiriblər.
6.54 faiz Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 2.5 faiz Ümid
Partiyasının sədri İqbal Ağazadəyə, 2.4 faiz Qüdrət Həsənquliyevə, 0.70 faiz
Sərdar Cəlaloğluna, 0.44 faiz Zahid Oruca, 0.43 faiz İlyas İsmayılova, 0.53 faiz
isə digər namizədlərə inandıqlarını bildiriblər. “Bu gün seçki keçirilərsə,
kimə səs verərdiniz” sualına cavabda da İlham Əliyev böyük üstünlüklə
irəlidədir. Monitorinqə cəlb edilən 19 500 nəfərin 86.46 faizi yəni 16 860
nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib. Onlardan 6.54 faizi, yəni
1276 nəfəri isə Milli Şuranın namizədi Cəmil Həsənliyə, 2.5 faizi, yəni 487.5
nəfər İqbal Ağazadəyə, 2.4 faizi, yəni 467.75 nəfər isə Qüdrət
Həsənquliyevə, 2.1 faizi, yəni, 408.75 nəfər isə digər namizədlərə “səs
verərdim” deyə cavab verib”.
Alyansın həmsədri Rəfail Becanov bununla bağlı bildirib ki,
namizədlərin reytinqi müəyyənləşdirilən kimi, siyasi partiyaların da yekun
reytinqlərinin öyrənilməsi monitorinqin əsas predmetlərindən biri olub: “Siyasi
partiyaların azad fəaliyyət imkanlarını ölkədə demokratik şəraitin mövcudluğu,
müasir sivil cəmiyyətin formalaşması, insanların siyasi baxışlarını azad ifadə
etməsinin nümunəsi sayan 91 faizi respondentin fikrincə, bu ölkəmizin
demokratik dəyərlərə sayğısı və Azərbaycanın demokratik inkişaf yolunda
olmasının təzahürüdür. Partiyaların reytinqində də birincilik Yeni Azərbaycan
Partiyasına (YAP) məxsusdur. Partiyaların fəaliyyətini dəyərləndirən
respondentlərin 16860 nəfəri, yəni 86,46 faizi YAP-ın fəaliyyətini daim müşahidə
etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox
olduğunu bildiriblər. Respondentlərin 2.640 nəfəri, yəni 13.54 faizi isə digər
partiyaların fəaliyyətini yüksək qiymətləndiriblər. Bu sırada isə 2.87 faizlə
AXCP, 2.82 faizlə Müsavat, 1.62 faizlə KXCP, 1,43 faizlə ALP, 1.36 faizlə Ümid,
1.18 faizlə BAXCP qərarlaşıb. 2.26 faizlə Ədalət, ASDP, MMP və digət
partiyalar arasında bölünür. Monitorinqin və sorğunun nəticələrindən aydın olur
ki, YAP və onun prezidentliyə namizədi İlham Əliyev sabit elektorata malikdir”.
Alyansın digər həmsədri Yadigar Məmmədli ölkədəki seçki mühiti ilə
bağlı çıxış edib. Onun sözlərinə görə, 11 regionda aparılan monitorinq zamanı
hər hansı qanun pozuntusu aşkarlanmayıb. Y.Məmmədli imzatoplama kampaniyasının
da namizədlərin qeydiyyatı kimi seçki təşviqatı prosesi də özünəməxsus və hər
hansı problem müşahidə edilmədən keçirildiyini diqqətə çatdırıb: “Namizədlərə
seçki təşviqatı ilə bağlı 68 rayon mərkəzində mitinq və kütləvi tədbirlər
keçirilməsi üçün açıq və qapalı yerlər ayrılıb. Pulsuz təşviqat kampaniyasının
aparılmasına, İctimai Televiziyada (İTV) və radioda, o cümlədən rəsmi
dövlət qəzetləri olan “Azərbaycan” və “Xalq” qəzetlərində ödənişsiz təşviqat
üçün imkan yaradılıb. Qeyd edək ki, namizədlərə təşviqat üçün yaradılan şərait
ekspertlər tərəfindən də müsbət qiymətləndirilir. Kampaniya dövründə
prezidentliyə namizədlər hər həftə 3 saat İctimai Televiziyanın, 3 saat isə
radionun imkanlarından istifadə edərək, seçicilərə öz fikir və platformalarını
çatdıra biliblər. Açıq havada seçicilərlə görüş keçirmək üçün də imkanlar
yaradılıb. İstər Bakı şəhərində, istərsə regionlarda namizədlər həm açıq
havada, həm də qapalı zallarda seçicilərlə müxtəlif formatlı görüşlər
keçiriblər. Keçirilən mitinq və görüşlərdə hər hansı insident və hüquq-mühafizə
orqanlarının müdaxiləsi halları müşahidə edilməyib. Bu da onu göstərir ki,
seçki təşviqatı seçki qanunvericiliyinə uyğun olaraq baş tutub”.
Daha sonra layihənin icraçı təşkilatlarının rəhbərləri və
ekspertləri çıxış edərək, monitorinqin 2-ci mərhələsinin ayrı-ayrı regionlar
üzrə nəticələrini elan ediblər. “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin
sədri, layihənin eksperti Xanoğlan Əhmədov Ağdaş-Göyçay və Şirvan bölgəsində
monitorinqin nəticələrini açıqlayıb: “İki bölgə üzrə 12 rayon əhatə olunub və
3000 nəfər respondentin rəyi öyrənilib”. Layihənin icraçı
təşkilatlarından olan Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi
İctimai Birliyinin sədri Mehriban Abdullayeva Naxçıvan Muxtar Respublikası və
Bakı-Sumqayıt regionu üzrə nəticələri elan edib. O, bildirib ki, iki
bölgədə 19 rayon üzrə monitorinqə 4750 nəfər cəlb edilib. Alyansın üzvü,
layihənin eksperti Nərgiz Nağıyeva isə Qarabağ və işğal olnumuş rayonlar üzrə
məlumat verib: “Biz 7 rayonu əhatə etmişik. Bu rayonlarda 1750 nəfər respondent
monitorinqə cəlb olunub”.
Xatırladaq ki, QHT Əməkdaşlıq Alyansı Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə
dəstəyi ilə “2013-cü il prezident seçkisinin monitorinqinin aparılması və
vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili” layihəsini
həyata keçirir. Monitorinqə ümumilikdə 19 500 nəfər respondent cəlb olunub. 11
regionda 78 rayonda monitorinq aparılıb.
AQİL



