Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.
Müsahibəyə gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin, ona əlavənin əslini (xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamənin, cari ilin məzunları ali və ya orta ixtisas təhsili müəssisəsini bitirdiyini təsdiq edən arayışın əslini) gətirmələri tələb olunur.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib ki, müəllimlərin əlavə yerləşdirməsi üçün müsabiqəyə 4011 vakant yer çıxarılıb. Artıq namizədlər 4000-ə qədər vakant yer seçərək elektron ərizələrini təsdiq ediblər. Onun sözlərinə görə, müsabiqədə iştirak üçün 17 minə yaxın insan qeydiyyatdan keçsə də, hələ də ərizələrini təsdiqləməyiblər: "Sentyabrın 2-3-də elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanan namizədlər üçün müsahibə mərhələsinin təşkil edilməsi nəzərdə tutulub. Müsahibədən keçən namizədlər müddətsiz əsaslarla işə qəbul ediləcəklər".
M.Camalzadə bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsinin birinci mərhələsində 3000-ə qədər namizəd uğur qazanıb və onlar 2019-2020 tədris ili üçün daimi əsaslarla işə qəbul ediliblər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə mərhələsi üzrə vakansiya seçimi bu gün başa çatır. Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər bu gün saat 23:59-dək vakant yer seçib elektron ərizələrini təsdiq etməlidirlər.
Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən - vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.
Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
S.QARAYEVA