Azərbaycanın Ukraynadakı səfirliyi yeni tip koronavirusun (COVlD-19) Ukraynada sürətlə yayılması ilə bağlı soydaşlarımıza və bu ölkədə yaşayan vətəndaşlarımıza müraciət edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Ukraynada yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyində “Qaynar xətt” yaradılıb. Əlaqə telefonu: +380735050000
Səfirlik soydaşlarımızdan və vətəndaşlarımızdan koronavirusdan effektiv şəkildə qorunmaq üçün Ukraynada dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etməyi, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmağı və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda təcili tibbi müayindən keçməyi xahiş edir.
Eyni zamanda səfirlik diqqətə çatdırır ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azadılması məqsədilə təcilli olmayan konsulluq əməliyyatları təxirə salınır. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacaq.