“Yaxın zamanlarda Karabükdə Azərbaycan və onun ayrılmaz parçası olan Qarabağın adını daşıyan park və küçənin salınacağı böyük önəm daşıyır”.
525.az-ın məlumatına görə, bunu Türkiyənin Karabük vilayətində keçirilən "Erməni soyqırımı iddiaları və XXI yüzildə Qafqazlar" adlı konfransda iştirak edən millət vəkili Qənirə Paşayeva Karabük valisi İzzəddin Küçüklə görüşündə deyib.
“Qarabağ problemi təkcə Azərbaycan xalqının deyil, bütün türklərin ağrısı, acısıdır”, - deyən vali isə bundan sonra da daim Azərbaycanın yanında olacaqlarını bəyan edib. Millət vəkili Qənirə Paşayeva Karabük valisi İzzəddin Küçüyə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar, materiallar,filmlər də təqdim edib.
Qənirə Paşayeva görüşdə Türk dünyasının qədim yurd yerlərindən olan Karabüklə Azərbaycanın qədim və gözəl bolgələrindən birinin qardaşlaşmış şəhərlər olmasının vacibliyi və önəmini də xüsusi vurğulayıb və yaxın zamanlar bu istiqamətdə çalışmaların başlanmasının məmnuniyyət doğurduğunu deyib. Millət vəkili Karabük valisi İzzəddin Küçüyü Azərbaycana rəsmi səfərə dəvət edib. Azərbaycanı vətəni kimi sevdiyini deyən Karabük valisi İzzəddin Küçük Azərbaycana gəlməkdən böyük məmnuniyyət duyacağını deyib.
Millət vəkili Qənirə Paşayeva Qarabağın Azərbaycanlı İcmasının üzvü Havva Məmmədova ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş “Hocalı Soykırımı: Tanıkların dilinden” kitabının və Akif Aşırlı ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitablarını da bələdiyyə başqanına və üzvlərinə təqdim edib.