
Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən xarici dillərdə yaradılmış www.teas.eu və www.visions.az internet resursları Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində yeni konsepsiya və formatda təqdim olunmuşdur. Azərbaycanın dünyada tanıdılması və beynəlxalq nüfuzunun artırılması işinə töhfə vermək məqsədilə yaradılan bu internet resurslarının formalaşdırılmasında Azərbaycanda 2013-cü ilin İKT ili elan edilməsi də mühüm rol oynamışdır.
TEAS-ın İnternet informasiya portalı - www.teas.eu əsasən xarici auditoriya üçün Ümumazərbaycan miqyaslı yenilənən informasiya bazası funksiyasını həyata keçirir. Portalda Azərbaycanın tarixi, mədəniyyəti, xarici siyasəti, iqtisadiyyatı o cümlədən dövlətin taleyüklü problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinə dair zəngin materiallar yerləşdirilmişdir. Materialların altı dildə-Azərbaycan, ingilis, rus, fransız, alman və türk dillərində təqdimatı onun istifadəçilərinin coğrafiyasını daha da genişləndirmişdir. Portalda yerləşdirilən on-layn videolar vasitəsi ilə dünya üzrə regionu yaxşı tanıyan siyasətçilərin, elm və mədəniyyət xadimlərinin Azərbaycan haqqında fikirləri ilə canlı tanış olmaq mümkündür. Məhz bunun nəticəsidir ki, TEAS-ın internet saytı dünyada Azərbaycan haqqında əsas informasiya bazalarından biri olub, istifadəçilərin geniş şəbəkəsinə malikdir. Əldə edilmiş nailiyyətlərlə eyni zamanda, bu internet resursunun daima yeniləşdirilməsi, informasiya texnologiyaları sahəsində əldə edilmiş yeniliklərin tətbiqi ilə daha da zənginləşdirilməsi üzrə iş müntəzəm olaraq davam etdirilir. Onun digər dillərdə təqdimatı da nəzərdə tutulur.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi qlobal vəzifənin həyata keçirilməsi sahəsində ingilisdilli informasiya bazası rolunu oynayan, TEAS tərəfindən 2006-cı ildən nəşr edilən “Vision of Azerbaijan” jurnalının İnternet səhifəsi - www.visions.az hazırda virtual məkanda ölkəmiz haqqında ən böyük resursdur. Saytda “Aktual”, “Dağlıq Qarabağ”, ”Diaspora”, “Tarix”, “Mədəniyyət”, “Ədəbiyyat”, “Ətraf mühit”, “Səyahət və turizm” və s.rubrikalar üzrə mindən artıq elmi-publisitik məqalə Azərbaycan haqqında obyektiv təəssürat yaradır. Saytdan istifadənin dinamikası sübut edir ki, o Azərbaycana dair akademik istiqamətli müraciətlər üzrə başlıca ingilisdilli resurslardan biridir.
TEAS informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi üzrə də hərtərəfli işlər aparır. Hazırda Cəmiyyət tərəfindən Azərbaycanın dünyada tanıdilmasına xidmət edən daha iki lahiyə həyata keçirilməkdədir. Dağlıq Qarabağ münaqişəsi haqqında ingilis dilində yaradılacaq informasiya portalı bu mövzuda ən geniş internet resurslardan biri olacaqdır. “Virtual Azərbaycan Akademiyası” adlı daha bir internet portalının hazırlanması və istifadəçilərin ixtiyarına verilməsi də internet məkanında yeni hadisə olacaqdır.Bu sayt vasitəsilə diasporamız və Azərbaycanla maraqlanan xaricilər Azərbaycan dili, tarixi və mədəniyyəti üzrə distant təhsil ala biləcəkdir.



