|
|
|
|
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib.
Tədbirdə mərkəzin direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor Vilayət İsmayılov görkəmli poeziya ustası Nigar Rəfibəylinin həyat və yaradıcılığından geniş söhbət açıb: "Vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin tərənnümü onun yaradıcılığının ideyasını təşkil edib".
Tədbirdə "Nigar Rəfibəyli nəsli və Nigar Rəfibəyli", "Nigar Rəfibəylinin lirikası" və digər mövzularda məruzələr dinlənilib.
Məruzələrdə Prezident İlham Əliyevin Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq sərəncamı ədibin yaradıcılığına verilən ən yüksək qiymət kimi dəyərləndirilib: "Nigar Rəfibəyli XX əsr Azərbaycan ədəbiyyatına istedadlı şair, ustad sənətkar kimi daxil olub. O, Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan bir nəslin nümayəndəsidir. Nigar Rəfibəyli olduqca ziddiyyətli bir dövrdə, sovet ideologiyasının təzyiqi altında yaşamasına baxmayaraq gənc yaşlarından özünü şair kimi təsdiq edib, Azərbaycan və dünya ədəbiyyatının zəngin ənənələrini mənimsəyərək dəyərli əsərlər yaradıb. Nigar Rəfibəyli bənzərsiz şair olmaqla yanaşı, həm də dünya ədəbiyyatının ən dəyərli nümunələrini dilimizə tərcümə edib. O, Şərq poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin rübailərini böyük məharətlə Azərbaycan dilinə çevirib. Şairin sözlərinə yazılmış həzin mahnılar isə dillər əzbəridir və müğənnilər tərəfindən sevilə-sevilə ifa edilir".
Görkəmli şairin oğlu, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Ağdaş Rayon Mərkəzi Kitabxanasında da Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Nigar Rəfibəylinin həyat və yaradıcılığından geniş söhbət açılıb. Mərasimdə Nigar Rəfibəyli poeziyasının incəliklərindən söz açılmış, məktəblilər şairin şeirlərindən nümunələr söyləyiblər.
S.ABDULLAYEVA



