Sentyabrın 9-da “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin (AyAK) nümayəndələri Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-1” və “Qobu Park-2” yaşayış kompleksinə səfər ediblər.
Səfər Klubun “pandemiya dövründə məcburi köçkünlərə və hərbçilərə kitabların hədiyyəsi” layihəsi çərçivəsində həyata keçirilib.
Klubun əməkdaşları kompleksə 150-dən artıq kitab, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevdən bəhs edən “Qələmlə, silahla” toplusunu və yazıçı Elçin Hüseynbəylinin yenicə çapdan çıxmış “Vida” romanını təqdim ediblər.
“Qobu-1” və “Qobu-2” yaşayış kompleksinin məsul nümayəndəsi Əhməd Abdullayev çoxsaylı kitablar üçün “AyAK” rəhbərliyinə təşəkkür edib və bildirib ki, xüsusi karantin rejimi dövründə kitablar adamlar üçün əsl hədiyyədir.
Klubun sədri, yazıçı-dramaturq, publisist, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli qeyd edib ki, layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilir və adıçəkilən qurum artıq beşinci ildir ki, bu cür layihələrə maliyyə dəstəyi verir.