|
|
|
|

"Yada düşdü" ədəbi-bədii, nostalji jurnalın ötən il üçün son sayı işıq üzü görüb. Dərginin bu sayı "Yada düşdü"yə iki yaşı münasibətilə ünvanlanan təbriklərlə açılır. Təbrik ünvanlayanlar sırasında jurnalın təsisçisi Nəzakət Məmmədova, professor Qəzənfər Paşayev, Xalq şairi Nəriman Həsənzadə, şair Musa Yaqub, Xalq şairi Fikrət Qoca, filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist, şairə Sona Vəliyeva, dosent Salatın Əhmədli, yazıçı Elçin Hüseynbəyli, şairə-publisist Gülarə Munis, millət vəkili, professor Nizami Cəfərov, əməkdar jurnalist Flora Xəlilzadə, şairə Fərqanə Mehdiyeva, həmçinin yazıçı- dramaturq Firuz Mustafa, yazıçı Rasim Gəncəli, jurnalist Əlövsət Bəşirli, şairlər Qədir Tərtərli, Ramiz Qusarçaylının imzaları var.
"Yada düşdü" jurnalı haqqında Avropa və Türkiyədə yaşayan alim, şair, yazıçı və ədəbiyyat araşdırmaçılarının ürək sözləri də dərgidə öz əksini tapıb.
Jurnalın Türkiyə təmsilçisi, filologiya elmləri doktoru Tamilla Abbasxanlı-Əliyevanın “Yada düşdü”nün “Türkiyə zəfəri” adlı yazısında dərginin ikiillik fəaliyyəti ilə bağlı fikirlər qələmə alınıb.
Dərginin baş redaktoru Nahid Hacızadənin “Yox ayrı dərmanım, dözümdən ayrı” məqaləsində Xalq şairi Məmməd Arazla bağlı xatirələri yada salınıb.
Jurnalda Balayar Sadiqin “Sonetlər çələngi” və Cığatelin şeirləri oxuculara təqdim olunub.
Dərgidə yubiley yazıları da dərc edilib. Sözügedən yazılar şair-publisist Əbülfət Mədətoğlunun 55, professor Maarifə Hacıyevanın 75 illiyinə həsr olunub.
Jurnalın ənənəvi "Uşaqlar, ay uşaqlar" rubrikası bu dəfə də oxucuların görüşünə gəlib.
Dərgidə Şəmistan Nəzirlinin "Görüş" sənədli hekayəsi, Nahid Hacızadənin "Cəngi" hekayəsi, eləcə də, Eldar Nəsib, Dilarə Nağıyeva, Gülarə Munis və başqa müəlliflərin maraqlı yazıları çap edilib.
S.MÜRVƏTQIZI



