|
|
|
|

Azərbaycan Qarabağ münaqişəsində təkcə Ermənistanla deyil, fövqəlqüvvələrlə də qarşı-qarşıyadır.
525.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova "İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"ndə gənclərlə görüşü zamanı bildirib.
R.Aslanovanın sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinə sadə şəkildə, adi bir münaqişə kimi baxmaq lazım deyil.
Komitə sədri deyib ki, buna geosiyasi qüvvələrin maraqlarının toqquşduğu bir münaqişə kimi baxmaq lazımdır:
"Biz bu gün 26 ildir ki, davam edən Qarabağ münaqişəsində təkcə Ermənistanla qarşı-qarşıya durmamışıq. Bizim qarşımızda təkcə işğalçı və terrorçu Ermənistan deyil, onu dəstəkləyən, himayədarlıq edən fövqəlqüvvələr, güclü dövlətlər durur. Bu heç də təkcə Rusiya deyil, başqa digər qüvvələr də var. Yəni biz nə qədər böyük qüvvələrlə qarşı-qarşıya olduğumuzu və mübarizə apardığımızı anlamalıyıq. Xüsusilə də gənclər bunu dərindən anlamalı, dərk etməlidirlər".



