|
|
|
|

Çoxları qaradinməzliyindən, içinə qapanmağından gileylidi! Heç sevmirsən özündən danışmağı. Əzəldən beləsən! Uşaq ikən ananın da sorğu-suallarını qısa cavablandırardın... Nədən belə gizlənirdin hər kəsdən, nə idi hamıdan mübhəm saxlamaq istədiyin, heç özün də bilmirsən. Zamanla, yaşa dolduqca beynində, ürəyində yığılıb qalmış fikirlərin, xatirələrin ağırlaşdı, yordu səni... Həmdəm istədin bunları bölüşməyə! Bax onda, sən danışmaq istəyəndə heç kimi görmədin yanında... Ürəyinlə dərdləşməyə adət etdin artıq. Vaxt keçdikcə xatirələrin də soldu, korşaldı, unuduldu! Elə təklik qorxusu da o an sardı varlığını!
Amma birdən-birə nə baş verdi ki açıldı dilin? Bütün keçmişini oyadıb, yadına salıb gözünün önünə gətirən nə oldu axı? Sevgi! Sevginin möcüzələrindən biri də budu. İnsanın min il arxada qalmış yaddaşını da dirildir... danışmaq istəyirsən, bölüşmək istəyirsən hər şeyi. Yalnız biri ilə, sevdiyinlə! Heç qorxmursan da maraqsız görünməkdən, onu uzun söhbətlərinlə, adi hadisələri danışmaqla yormaqdan da ehtiyat etmirsən. Nə danışsan xoşdu ona, nə desən maraqlıdı... O da səni sevir çünki!
Azərbaycanın qüdrətli şairi Səməd Vurğun “Yadıma düşdü” şeirində də xatirələrini bölüşür sevdiyi ilə. Amma ən gözəl, qayğısız çağlarının xatirələrini... Axı doğrudan da insan xoşbəxt olanda, sevib-seviləndə yaddaşında məhz o qatlar oyanır, gözəl günləri yadına düşür.
Səməd Vurğun lirikasına xas millilik, kolorit bu şeirə də dad verib... təsvirlərdən isti, şirin bir qoxu duyulur. Şeirin ilk misrasından şair sevdiyi xanıma özünəməxsus xitabla müraciət edir, danışmağa başlayır, uzaq keçmişdə qalmış, bəlkə indiyə kimi unudulmuş anılarını yada salır. Ömrün ilk çağlarına, gəncliyə aid xatirələr son dərəcə poetik cizgilərlə, üsullarla ifadə olunur. Şairin danışdıqca nostalji keçirməsi, bəlkə o illərdən ötrü darıxması da açıq-aydın duyulur.
Amma yenə də sevginin ilahi gücü, möcüzəsi... Əsl, həqiqi eşq insanın dünənini bu gününə qatır, gələcəyini yönləndirir. Və zamanla sənə elə gəlir ki, illərdir məhəbbət bəslədiyin adam həmişə səninlə olub, heç onsuz yaşamamısan. Hətta hardasa uzaqda qalmış xatirələrində də görə bilirsən onu... İndi Səməd Vurğunun da “Yadıma düşdü” şeirini oxuyanda adamda belə təəssürat yaranır; sanki gül üzlü sona həmişə şairin yanında olub. O oylağları da birgə gəziblər, göylərə baş çəkən Göyəzən dağına ikilikdə tamaşa ediblər, toyda-mağarda bərabər gülüb-oynayıb, bayramqabağı fəsəlini, payızda qaymağı, qışda qatığı bir yerdə dadıblar... Və şeirə məhz bu cür baxanda nədənsə o daha yumşaq, ilıq gəlir adama. Çünki bir yerdə olanda hər şey dadlıdı, mənalıdı, maraqlıdı!
Səməd Vurğun: “Ömrümün ilk çağı yadıma düşdü...”
Başına döndüyüm gül üzlü sona!
Ömrümün ilk çağı yadıma düşdü.
Şairlər vətəni, bizim tərəflər,
Tərlanın oylağı yadıma düşdü.
Oxuyun qəlbimi dastan içində,
Ürək döyünməzmi astan içində?
Payızın fəslində bostan içində
Şamamanın tağı yadıma düşdü.
Töküldü kağıza sinəmin sözü,
O ana yurdumun ocağı, közü
Ceyranın duruşu, durnanın gözü
Kəkliyin ayağı yadıma düşdü.
Hanı at sürdüyüm boranda, qarda?
Gəzdim aşıq kimi min bir diyarda,
Gülüb oynadığım toyda, mağarda,
Qızların qolbağı yadıma düşdü.
Göylərə baş çəkir Göyəzən dağı
Axşam açıq olur ayın qabağı.
Bizim gəlinlərin bayram qabağı
Fəsəli yaymağı yadıma düşdü.
Sən bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir əziz qonaq.
Nişanlı qızların görüşdən qabaq
Telini saymağı yadıma düşdü.
Vurğunun xəyalı gəzdi aranı,
Gözümdə oynadı dağın boranı:
Qışın buz qatığı, yayın ayranı,
Payızın qaymağı yadıma düşdü.



