Cəmi bir neçə gün öncə doğum günü ərəfəsində yaradıcılığı haqqında düşüncələrimi bölüşdüyüm görkəmli yazıçı, tanınmış publisist Əli İldırımoğlunun vəfatı haqqında yazmaq ağırdır, kədərlidir.
Əli İldırımoğlunun ömrünün doxsan dördüncü ilinə adladığı gündə - Vətən nisgilli narahat ruhunun Qubadlının və işğaldan azad olunan digər doğma yurdlarımızın zəfər müjdələrindən sonra mənəvi dinclik içində bu dünyadan haqqa yürüməyi onu sevənlərin tək təsəllisidir.
... Ölümündən az əvvəl dostları Şopenhauerdən harada dəfn edilməyi arzuladığını soruşduqda demişdi ki, mənim üçün fərqi yoxdur, axtaranlar məni tapacaqlar. Bu baxımdan dəyərli və yaradıcı ömür yaşayan şəxsiyyətlərin fiziki yoxluğu anlayışı nisbidir, onlar bizə kitabları qədər yaxındırlar. Mərhum yazıçı Əli İldırımoğlunun vaxtilə özünün yazdığı kimi: "Ey anıb axtaranlarım! Allaha inamım, ata-babama ehtiramım, övladlarıma məhəbbətim, elimə-obama bağlılığım, Vətənə sədaqətim, əyilən qəddim, qıyılan gözlərim, pozulmuş səhhətim, yuxusuz gecələrim, narahat günlərim, tapdığım və itirdiyim uğurlar, dosta etibarım, gəncliyimin əzabları, ahıllığımın gileyləri kitablarımın əmanətindədir. Məni və mənimi bilmək istəsəniz, ömür salnaməmin natamam parçası olan əsərlərimi vərəqləyin".
Biz həmişə Sizi özünüzün dediyiniz kimi, gələcək nəsillərə əmanət etdiyiniz yaradıcılığınızda axtaracağıq! Böyük nəsihətinə, ahıl tövsiyəsinə, ağsaqqal məsləhətinə ehtiyacımız olanda üz tutduğumuz mənəvi ünvanlardan biri kimi!
Yurd həsrəti ilə keçirdiyiniz 30 illik ayrılıqdan sonra məhz bu gündən etibarən aliməqam ruhunuzun Qarabağımızın, doğulduğunuz Qubadlının Əliquluuşağı kəndinin üzərində, həzin nəğməli Bərgüşadın sahillərində, doğmaca Vətən göylərində hüzur içində dolaşdığına inanırıq! Ədəbiyyatımızın, jurnalistikamızın və mənəviyyatımızın azman siması, xalqımızın dəyərli ağsaqqalı, məzarınız nurlu, ruhunuz behiştlik olsun!
Nüfuzlu qələm adamları da tanınmış yazıçının vəfatını dərin kədər hissi ilə qarşılayaraq üzüntülərini bölüşüblər.
Anar: "Qubadlı işğaldan azad olunanda ona zəng elədim"
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar görkəmli ədibin dünyasını dəyişməsi ilə bağlı dərin kədərini ifadə edib: "Əli İldırımoğlunun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım. Əli İldırımoğlu mənim çox hörmət etdiyim insanlardan biri idi. Aramızda çox xoş münasibətlər vardı. O, Yazıçılar Birliyinin ən qocaman üzvlərindən idi. Amma aramızdakı yaş fərqinə baxmayaraq, bizim yaxın münasibətimiz vardı. Yadımdadır ki, hər bayramda bir- birimizi təbrik edirdik. Çalışırdım ki, birinci mən Əli İldırımoğluna zəng edim, bəzən elə olurdu ki, o, birinci zəng edib təbrik edirdi. Mənim ad günümdə də, yubileyimdə də iştirak edib. Çox mehriban və çox ləyaqətli insan idi. Oktyabrın 25-də Qubadlı işğaldan azad olunanda təbrik etmək üçün ona zəng elədim. Səsi çox zəif gəlirdi, hiss elədim ki, xəstədir. Amma buna baxmayaraq, sevincimizi bölüşdük. Dedim ki, Əli müəllim, gözümüz aydın olsun, hamımızın çox istədiyi oldu, Qubadlı işğaldan azad edilib! Mənim indi təsəllim odur ki, hər halda Əli müəllim Qubadlı işğaldan azad olunduqdan, bu gözəl xəbəri aldıqdan sonra dünyasını dəyişdi. Allah rəhmət eləsin, qəbri nurla dolsun!"
Ramiz Rövşən: "Əli müəllim yazmaq üçün yaşayır və yaşamaq üçün yazırdı"
Əli İldırımoğlunun dünyadan köçməsi xəbərinə münasibət bildirən Xalq şairi Ramiz Rövşən deyib ki, əsl yazıçılar dünyadan heç vaxt getmirlər, hər yeni oxucuyla təzədən doğulurlar: "Noyabrın 17-si ağsaqqal yazıçımız Əli İldırımoğlunun doğum günüydü. Bu neçə ildə ilk dəfəydi ki, onu ən azı telefonda təbrik edə bilmədim. Bu gün onun haqqında vida sözü yazıram. Əli müəllimin dünyaya gəlişiylə gedişi eyni günə düşdü. Amma əsl yazıçılar dünyadan heç vaxt getmirlər, hər yeni oxucuyla təzədən doğulurlar.
93 yaşlı Əli müəllimin bir yazıçı kimi xüsusən bu son otuz ildəki məhsuldarlığına hətta otuz yaşlı cavan yazıçılar da həsəd apara bilərdilər. Əli müəllim yazmaq üçün yaşayır və yaşamaq üçün yazırdı. Həm də, bir vaxt doğulub böyüdüyü, 27 ildən bəri düşmən əsarətində olan Qubadlı torpağını, körpəlikdən sevdiyi o doğma dağları, çayları, meşələri və ən başlıcası, çoxu artıq haqq dünyasında olan o doğma və əziz adamları öz kitablarında yaşatmaq üçün yazırdı. Bu 27 ildə Əli müəllimin hər an Qubadlı həsrətiylə döyünən narahat ürəyi, bəlkə də, Qubadlının işğaldan azad olunmağıyla axır ki rahatlıq tapdı.
Rahat yat, Əli müəllim!
Mən inanıram ki, sənin ruhun bu dəqiqə doğma Qubadlının göylərində dolanır.
Allah sənə rəhmət eləsin!"
Qulu Məhərrəmli: "Ana dilimizin elə qatları var ki, o, yalnız Əli İldırımoğlu kimi yazıçıların yaradıcılığında üzə çıxır"
Tanınmış jurnalist, professor Qulu Məhərrəmli Əli İldırımoğlunun vəfatını müasir Azərbaycan nəsrinin, jurnalistikasının və publisistikasının çox parlaq simalarından birinin itkisi kimi dəyərləndirib: "Əli İldırımoğlu həmişə öz şəxsiyyəti, qələmi və varlığı ilə sözün həqiqi mənasında bu xalqın bədii düşüncəsinin, şüurunun oyanmasına, milli ruhun diri qalmasına xidmət edib. Əli İldırımoğlu jurnalistikadan yazıçılığa çox uğurla keçmiş qələm sahiblərindən biridir. Onun bədii əsərlərinin mayasında jurnalist müşahidəsi, publisist düşüncəsi, bədii təfəkkür sahibinin təhlilləri var. Əli İldırımoğlunun "Zorən jurnalist", "Mənim rəncbər atam", "Daş yağan gün" romanları müasir Azərbaycan ədəbiyyatının çox gözəl nümunələridir. Əli müəllimi bir yazıçı kimi önə gətirən onun təbiiliyidir. Əli İldırımoğlu nədən yazıbsa, qurama süjet əsasında deyil, həyat müşahidələrinə əsasən qələmə alıb. Onun bədii təfəkkürü çox dərinə işləyir. Ana dilimizin elə qatları var ki, o, yalnız Əli İldırımoğlu kimi yazıçıların yaradıcılığında üzə çıxır. Xalq dili, xalq ruhu, xalq düşüncəsi onun dilində çox parlaq görünür. Əli İldırımoğlu Süleyman Rəhimov, Əli Vəliyev, Sabir Əhmədov kimi yazıçıların dəst-xətti üstündə gedən qələm sahibidir. Əli İldırımoğlunun əsərlərindəki epoxal düşüncə, epik təsvirlər, hadisələrin geniş bədii lövhələrlə verilməsi onun yaradıcılığının əsas xüsusiyyətləridir. Bir neçə il bundan əvvəl Muğam Teatrında Əli İldırımoğlunun 90 illiyində iştirak etmişdik. Əli müəllimin ağlı, düşüncəsi, şəxsiyyəti o qədər parlaq, o qədər cazibədar idi ki, adam onunla söhbətlərdən yorulmurdu. Qubadlı işğaldan azad olunanda zəng eləmişdim, danışdıq ki, gedərik, görüşərik. Amma görünür, qismət deyilmiş... Əli İldırımoğlu əsərlərində yaşayır, onun ruhu, döyünən qəlbi Azərbaycanın hər qarış torpağına bağlıdır. Əli müəllimi həm də jurnalistikanın nüfuzunu yüksəldən bir şəxsiyyət kimi həmişə xatırlayacağıq. Allah rəhmət eləsin, ruhu şad olsun!"
Sevinc MÜRVƏTQIZI
"525"dən: Azərbaycanın görkəmli yazıçısı, tanınmış publisist, ağsaqqal söz adamı Əli İldırımoğlu əbədiyyətə qovuşub. Neçə illərdən bəri "525-ci qəzet"lə mütəmadi əməkdaşlıq edən sevimli ədibimizin vəfatından kədərləndiyimizi bildirir, ailəsinə, doğmalarına və dostlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin, məkanı cənnət olsun!