|
|
|
|

Nizami Kino Mərkəzində Türkiyədə ekranlaşdırılmış “Yunus İmrə: eşqin səsi” filminin qala-gecəsi keçirilib.
Filmin təqdimat mərasimi Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin, Türkiyənin Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyinin təşkilatçılığı ilə baş tutub. Təqdimat mərasimində çıxış edən Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov bu cür tədbirlərin ortaq türk dəyərlərinin formalaşmasına, eyni zamanda, yaradıcı insanlar arasında əlaqələrin inkişafına öz töhfələrini verəcəyini bildirib.
Daha sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun “Yunus İmrə: eşqin səsi” filminin təqdimatının Bakıda keçirilməsini Azərbaycan və Türkiyənin əbədi qardaşlığının bariz nümunəsi kimi dəyərləndirib.
Səfir bu cür tədbirlərin dostluq, həmrəylik və birlik körpülərinin daha da möhkəmlənməsinə zəmin yaradacağını, o cümlədən Azərbaycan-Türkiyə mədəni əlaqələrinə əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.
Filmin çəkilişi Yunus İmrənin məmləkəti olan Əskişəhərin – ötən il türk dünyasının mədəniyyət paytaxtının – “Qalıcı əsərlər” layihəsi çərçivəsində reallaşdırılıb.
Ekran əsəri yüzillikləri aşan fikirləri ilə tarixin önəmli mütəfəkkiri kimi qəbul edilən, humanizm carçısı, Allaha sevgisini, eşq və əxlaqla bağlı fikirlərini paylaşan, Türkiyə Anadolusunun ən böyük övliyalarından biri, ilahi eşq yolunda özünü axtaran, səkkiz əsr əvvəl yüksələn mənəviyyat memarı Yunus İmrənin həyatından bəhs edir.
Üç il müddətinə çəkilən bu film Anadolunun dörd mövsümünün rənglərini əks etdirir. Bir çox məşhur sənətkarın çəkildikləri filmin rejissoru Kürşat Kızbazdır. Yunus İmrə obrazını əvvəllər də tarixi şəxsiyyətlərin obrazını yaratmış Devrim Evin canlandırıb. Filmdə, həmçinin Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Əhməd Mekin iştirak ediblər. Qala-gecəyə filmin ssenari müəllifi və rejissoru Kürşat Kızbaz, aktyorlar Devrin Evin, Altan Gördüm, Milli Məclisin deputatları, Türkiyənin ölkəmizdəki səfirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da qatılıblar.
S.ABDULLAYEVA



