|
|
|
|
Xəbər verdiyimiz kimi, Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı "Yaşayan Dədə Qorqud" və "Türk Dünyasına üstün xidmət" mükafatlarının sahiblərini açıqlamışdı.
525.az xəbər verir ki, Türk Ədəbiyyatı Vəqfi İdarə Heyətinin oktyabrın 10-da "Xüsusi Gündəm" toplantısında qəbul etdiyi qərarla 2018-ci ildən bu yana Türk Dünyası nəzdində verilən mükafata bu il Azərbaycanın Xalq şairi, ömrü boyu Türk mədəniyyətinə xidmət edən, SSRİ zamanında belə bütün təzyiqlərə baxmayaraq, milli ruhu yenidən diridən, milli köklər üzərində qurduğu əsərləriylə gənc nəslə türk kimliyini aşılayan Sabir Rüstəmxanlı layiq görülüb.
Vəqfin bu il birincisi verilən "Türk Dünyasına üstün xidmət" mükafatının ilk laureatı isə Avropa Birliyi başda olmaqla, qatıldığı bütün platformalarda Türk Dünyasının "Qarabağ", "Kipr", "Krım", "Axıska", "Kərkük", "Şərqi Türküstan" kimi qanayan yaralarını gündəmə gətirən, zülmə məruz qalan hər bir türkün, müsəlmanın dərdini dilləndirən Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva seçilib.
Bu münasibətlə Vəqfin başqanı Sərhad Kabaklı, məsul işçiləri Bəxtiyar Aslan və İmdat Avşar bu günlərdə Bakıda qonaq olublar. Onlar hər iki mükafatçıyla görüşüb onlara mükafatlarını təqdim ediblər. Görüşdə Sabir Rüstəmxanlı və Qənirə Paşayeva Vəqfin ümumtürk ədəbiyyatının inkişafında və türkdilli xalqlar arasında ədəbi əlaqələrin qurulmasında gördüyü mühüm işlərdən söz açıb, önəmli fəaliyyətlərində onlara uğurlar arzulayıb, bu cür anlamlı mükafata onları layiq gördüklərinə görə təşəkkür ediblər.
Şahanə MÜŞFİQ