
"İxtisaslaşma dövrü insan həyatının ən həlledici və vacib mərhələlərindən biridir. Çünki bu mərhələdə gələcək həyat yolunu müəyyənləşdirən mühüm qərar verilir. Bu isə sıradan bir yanaşma tələb etmir. Ona görə də ilk növbədə abituriyentlər qərar verməzdən əvvəl ya əmək bazarını araşdırmalı, ya da mütəxəssislərin rəyinə müraciət etməlidirlər".
Təhsili eksperti Elçin Əfəndi bu fikirləri 525.az-a deyib. Təhsil eksperti qeyd edib ki, burada valideynlərin də rolu və əhəmiyyəti böyükdür. Xüsusilə də uzun illər təhsil sahəsində çalışan mütəxəssislər hansı ixtisasların mövcud əmək bazarına uyğun olduğunu və gələcəkdə daha çox əhəmiyyət kəsb edəcəyini daha düzgün qiymətləndirə bilirlər:
"Bu istiqamətdə şagirdlərə müəyyən tövsiyələr verilir. Təbii ki, şəxsi maraq və bacarıqlar da müəyyən qədər təsir göstərir. Amma əsas məsələ əmək bazarının tələbatıdır. Ola bilər ki, hansısa istiqamətə şəxsi maraq olsun, lakin əmək bazarında həmin sahə üzrə fəaliyyət göstərmək və karyera qurmaq çətin olsun. Ona görə də yaxşı olar ki, əmək bazarının tələbatı ilk növbədə nəzərə alınsın”.
Sevinc Qarayeva



