|
|
|
|
Dostoyevskinin "Şeytanlar"ında belə bir ifadə var - "administrativnıy vostorq". Görün bu ifadəni nə cür izah edir yazıçı.
Deyir istənilən adam, hətta lap kiçik bir məmur da hər hansı vəzifəyə təyin olunanda həmin o "administrativnıy vostorq" kondisiyasına adlayır. Yəni (romandan sitat) lap heç nəyə yaramayan adi bir adamı billet satan qoyurlarsa və normal bir adam ona yaxınlaşıb bilet almaq istəyirsə, o anda satıcı səlahiyyətini nümayiş etdirmək məqsədilə qarşısındakına yuxarıdan aşağı baxır. Budur "administrativnıy vostorq". Bax bugünkü qəhrəmanım ən müxtəlif vəzifələrdə olsa da, bu "administrativnıy vostorq" mərəzinə bilmərrə tutulmayıb - buna adım kimi əminəm. Düz 19 il əvvəl elə bu qəzet üçün ondan müsahibə götürəndə yazını bax bu abzasla başlamışdım. Və düz 19 ildir ki, nə adamın özü dəyişib, nə yaratdığı təəssürat. Qəhrəmanım - Etibar Adiloğlu Babayevdir.
Tanışlığımız çox sonradan baş tutsa da, adını xeyli əvvəl eşitmişdim, hələ məktəbli olanda. O söhbət indiki kimi xatirimdədir. Əmim bəstəkar Rəşid Nəsiboğlu "İrs" folklor ansamblını yaradırdı. Bir gün sevincək atama xəbər verdi ki, bəs işim düzəldi. "Nə baş verib?" "Bizim Etibarı "Baksovet"ə vəzifəyə qoyublar, get-gəldən canımız qurtardı". Bilmədim kimdən gedir söhbət, uşaq idim, amma bildim o kimdirsə, "bizimki"dir.
***
Jurnalistikaya gəlincə lap dəqiq bildim kim olduğunu. İlk böyük müsahibədə mənə çox şey söylədi özü haqqında. Növbəti təyinatı barədə də eyni sözü eşitdim, eyni sevinclə - bu dəfə Gündüz Tahirli dedi: "Xəbərin var, dostumuz Etibar Babayev "Space"ə rəhbər təyin olundu?" Təbrik üçün zəng vuranda özünə elə belə də söylədim - "Nəhayət, bizim adamlardan da kiməsə vəzifə verildi".
"Space"ə 2001-ci ildə sıfır televiziya təcrübəsi ilə gəlmişdim, amma fəal qəzetçiliklə məşğul idim deyə, imzamı tanıyırdılar. Məni "Sabah"a baş redaktor təyin elədi, "mütləq bacaracaqsan", - dedi Etibar müəllim. O zaman Nərgiz Cəlilova departamentin rəhbəri idi. İşlədik və o çağ üçün bəlkə də ən demokratik, ən baxımlı səhər proqramı hazırladıq. Paralel olaraq "Gecə kanalı" layihəsinin də bir gününü bizə tapşırdı, Nərgiz Cəlilovanın apardığı proqramın yaradıcı heyətində İradə Tuncay və Lalə Əliyeva ilə birgə çalışdıq.
***
Bilirəm, bu pandemiya bəlası olmasaydı, Babayev 70 illiyini mütləq qeyd edəcəkdi. "Space"dən gedəndən 4-5 il sonra oğlu Adilin toyunda köhnə "Space"çiləri necə başına toplamışdısa, indi də hamımızı yığacaqdı bir yerə. Amma və lakin dünyanı bürüyən dəhşətli virus bütün ənənələri sıfırladı, yeni dövrün yeni qaydaları mindi qüvvəyə. Bir halda ki indi çox şey virtualdı, məclisimiz nədən virtual olmasın ki?
***
Beləliklə, məclisi idarə eləməyə çalışacam. Real məclis olsaydı, bu missiya, heç şübhəsiz, Nərgiz Cəlilovanın öhdəsinə düşəcəkdi. Yazılı məclisi-ünsdə isə, pardon, idarəçilik mənlikdir. Söz deyənlərin hamısı köhnə "Space"çilərdir, hər birini yaxşı tanıyırsınız deyə xüsusi təqdimat olmayacaq.
İlk söz İradə Tuncayda
Mən inciyib getdiyim teleməkana qayıdanda onunla rastlaşmasaydım, çətin bu aləmdə duruş gətirərdim. Nə isə yaza bilmək qabiliyyəti işin bir tərəfidi. Bu qabiliyyəti dəyərləndirmək və bunu efirə vermək cəsarəti əsas məsələdi. O beş ildə bir dəfə "gözün üstə qaşın var" sözünü eşitmədim. Və mən şadam ki, yaradıcılıq bioqrafiyamda Etibar Babayevin imzası olub. Nə isə kəskin bir söz deyəndə arxayın idim - o, ordadı, məni qoruyacaq. Bəzən də olurdu ki, bəyəndiyi nəyə görəsə inzibati qaydada yox, adi insan kimi oturduğum otağa gəlib mənə təşəkkür edirdi. Bu da hər rəhbər yoldaşa xas xüsusiyyət deyil.
Söz Nərgiz Cəlilovada
1999-cu ildə "Space" televiziyasından küsüb getmişdim. 2001-də Etibar Babayev məni yenidən ora dəvət etdi. Kanalda səhər proqramı açmağı təklif elədi. Tərəddüd elədim, dedim gündəlik canlı efirdi, birdən bacarmaram. Dedi ki, bir yerdə bərabər çalışacağıq və bacaracağıq. O illər televiziya həyatımdakı ən məhsuldar, ən sevimli illərdən oldu.
Azər Cabbarovun sözü
Etibar müəllim hadisələrə və insanlara qeyri-standart reaksiya verən adamdır. Müəmmalı, planları asanlıqla çözə bilmək qabiliyyətinə malik, fenomenal yaddaşı olan strateqdir. Yaradıcı məsələlərdə də, idarəetmə işlərində də bu adamın fərqli, amma daha doğru, konstruktiv və realist baxışlarının dəfələrlə şahidi olmuşam.
Söz Mehriban Ələkbərzadədə
TV fəaliyyətimdə ən qürur doğuran araşdırmalarım məhz Etibar Babayevin dövründə baş tutdu. Əminəm ki, heç bir rəhbər bu işlərə bu qədər dəstək və kömək olmayacaqdı. Təhsil Nazirliyində bir əyani vəsait kimi filmlərimin yayılması da Etibar Babayevə məxsus fikir idi. Etibar Babayev əslində, ən müasir bir TV məkanı qura biləcək holdinq düşüncəli bir televiziyonçudur.
Əhməd Əsgərin sözü
Etibar Babayevin polifonik düşüncə tərzi var. Ətrafında baş verən hadisə, rastlaşdığı iş və problemlərin həllinə heç vaxt bir istiqamətdən baxmaz. Hər kəsi dinləyər və heç kimin xətrinə dəymədən üstünlük verdiyi variantın üzərində dayanar. Çox dözümlüdür. Həyatında çətin və gərgin situasiyaların şahidi olmuşam. Hər adamın dözə biləcəyini düşünmürəm.
Elə çıxmasın, ancaq tərif edirəm. İndiyidək özünə deyə bilmədiyim bir məqam var, onu yazmasam olmaz. Sevdiyi bir mövzudan danışanda onu dayandırmaq olmur. Heç kimin tələsdiyini, harasa gecikdiyini nəzərə almaz. Canını qurtara bilməyəcəksən. Gərək səbrlə dinləyəsən.
Söz məndə
Günün birində ANS-ə dəvət aldım. Mirşahinlə Seyfulla Mustafayev "Nəzər nöqtəsi"nin mədəniyyət yönümlü şənbə buraxılışlarını aparmağı təklif elədilər mənə. İlk məsləhəti sözsüz ki, Etibar müəllimlə edəsiydim. "Nəyə görə getmək istəyirsən?" sualına bircə cavabım oldu - "orada efir var". "Burada niyə yoxdur ki efirin?" Susdum. Onca gün keçmədi, "Sabah"ın içində daimi efir vaxtı ayırdı mənə, bir il sonra həftəlik iki saatlıq "Sabah plus" proqramını bütövlüklə Lalə Əliyevayla mənə etibar elədi.
Söz Lalə Əliyevada
Mənim televiziyaya gəlməyim Etibar müəllimin adıyla bağlıdır. "Emalatxana" müəllif layihəsilə qəzetçilikdən televiziyaya keçid eləyə bildim. Sonra "Rəsmi gün" gəldi. Proqramın redaktorları Afaqla mən idim, aparıcısı Nərgiz Cəlilova. Hər həftə proqrama bir nazir çağırırdıq və əks arqumentlərlə çıxış eləyən müstəqil ekspert. Özü də canlı yayım, montajsız-filansız. Çox kəskin tənqidi suallar verilirdi. Etibar müəllim qəti senzura qoymurdu bizə. Peşəkarlığımıza o qədər arxayın idi ki, bizə tam azadlıq verirdi. Televiziya rəhbərləri arasında Etibar müəllimdən başqasında bu qədər azadlıq görmədim. O, istedadlı adamları ətrafına yığıb "İrəli" əmri vermişdi. Və biz indiyə qədər xatırlanan o layihələri həmin əmr sayəsində gerçəkləşdirə bilmişdik.
Üzlüfət Burayevanın sözü
Mənə "qızım" deyirdi, həqiqətən ata qayğısı göstərirdi. Heç yadımdan çıxmaz. Biləndə ki, ailə qurmağa hazırlaşıram, çağırıb 1500 dollar verdi, o vaxt üçün böyük pul idi. Utandım, dedi "Narahat olma, maaşından çıxaram". Amma toydan sonra da elə şərait yaratdı ki, əlavə işlər, qonorarlar filanlar, heç hiss etmədim maaşımdan nə çıxıldı. Adam supermenecerdi. Hər insanın dilini bilir. O, mənə çox şey öyrədib. Ən vacib - hamımıza bir insanlıq dərsi öyrədib. Bax əminliklə deyirəm ki, bu gün Etibar Babayev televiziya rəhbərlərinə təlim keçəcək bir adamdı əslində.
Söz Rövşanə Ağasəfqızında
"Space"ə dövlət televiziyasından gəlmişdim. Orada deyilirdi ki, çalışın sədrin gözünə çox görünməyəsiniz, dəhlizdə gördünüz gəlir, yolunuzu dəyişin və s. Yəni bu yanaşmanı görən gənc bir qızam, birdən görürəm ki, televiziya rəhbəri mənimlə hal-əhval tutur, dəhlizdə ayaq saxlayıb dəqiqələrlə rahat söhbət edir. TV-nin həyətində rastlaşanda kübarcasına xanıma yol verən rəhbər, problemlərini soruşan adam zamanla etibarını qazanmış doğma insana çevrilir. O, doğmadı, bizdəndir, içimizdəndir, özümüzdəndir, candan adamdır.
Söz Mehriban Əsgərovada
Bir gün Gürcüstana səfərə getmişdik. Ordada yaşayan azərbaycanlılar haqda film də çəkəcəkdik. Səfərin ikinci günü səhhətinin pisləşdiyini və elə Tiflisdə xəstəxanaya aparıldığını eşidən kimi getdim dalınca. Xəstəxanada telefonunu və əşyalarını mənə verib tapşırdı ki, anam zəng eləsə, bildirmə, narahat olmasın.
Nərgiz Cəlilovanın sözü
Televiziyanı o qədər dərindən bilirdi, gündəmi elə gözəl yaxalayırdı ki, düşündüyü layihələr də məhz günün tələblərinə cavab verirdi. Türklərin bir sözü var - içi-dışı televizionçu, bax elədir Etibar Babayev - təpədən dırnağa televizionçu.
Söz Azər Cabbarovda
Etibar Babayevə universitet adam demək olar. O, yanındakı adamlara sözün hərfi mənasında nəsə öyrətmir, amma öz yaşam tərzi, insanlara və hadisələrə münasibətilə dünyanı fərqli baxış bucaqlarından görməyi təlqin edir.
Lalə Əliyevanın sözü
Feysbukda bir qrup var - köhnə "Space"çilər hərdən köhnə fotoları, videoları paylaşırlar. Bəlkə Etibar müəllim heç bilmir ki, onun qurduğu "Space" hələ də yaşayır - həm xatirələrdə, həm də qrup kimi Fyesbukda. Gərək Etibar müəllimi də o qrupa tağ eləyək, görsün necə bir nostalji ilə biz ora bağlıyıq. Harada işləsək də, o qrupa yığışanda yenə özümüzü Etibar Babayev "Space"inin işçiləri sayırıq.
Söz İradə Tuncayda
Etibar kimi kadrlara bizim məmləkətdə ehtiyac çoxdur. İnsanlarla işləmək bacarığı, kimin-kim olduğunu dəyərləndirmək bacarığı təşkilatçı, inzibatçı üçün vacib şərtdi. Amma hər kəsdə bunu görə bilirikmi? Bunun üçün də böyük məktəb keçmək lazımdı. Və Etibar Babayev Ümummilli liderimiz Heydər Əliyev məktəbinin istedadlı nümayəndələrinin biridir. Mən istedad deyəndə idarəetmə istedadını nəzərdə tuturam və bu da elə bir vergidir ki, hər kəsə nəsib olmur. İclaslarda çığırıb-bağırmaq hələ rəhbərlik deyil, hər kəsi zora tabe eləmək olmur. Hər kəslə özünün anladığı dildə danışmaq lazımdır - Etibarın ən gözəl keyfiyyətlərindən biri budur. Soyuq baş, isti ürək və ən önəmlisi - anlamaq. Əgər sənə rəhbərlik edən adamdan anlayış görürsənsə, istər-istəməz ona tabe olursan, onun göstərişlərinə də hörmətlə yanaşırsan.
Söz məndə
Etibar müəllim əməkdaşını sevən və ona inanan, həm də çörək verən bir rəhbərdi. Ətrafında nə cangüdənlər dolaşıb, nə xüsusi vəzir-vəkil, papkadaşıyan əyan dəstəsi-filan. Qapısı həmişə üzümüzə açıq olub. Nə qəbul, nə xahiş, nə minnət? İstənilən dərdi, istənilən problemi birbaşa özü ilə çözmüşük hər zaman, çəkinmədən, qorxmadan, əsl yoldaş, böyük qardaş kimi. Səbəbi? Səbəb bəllidi - tutduğu vəzifəsindən asılı olmayaraq o - hər şeydən qabaq yaxşı adamdı, əsl peşəkardı. Yəni Etibar Babayev bizim adamdı, bizim adam.
Afaq VASİFQIZI