|
|
|
|
Beynəlxalq nüfuzlu nəşrlər 2020-ci ili son 100 ilin ən pis ili olduğunu, "Time" Jurnalı isə daha sərt olaraq bəşər tarixinin ən pis ili olduğunu yazıb. Əslində bu fikirləri birmənalı qarşılamaq olmaz. Məsələn, Azərbaycan üçün 2020-ci il son 250 ilin ən uğurlu ili oldu. 3 əsrə yaxın idi ki daim torpaq itirən ölkə ilk dəfə revanş etdi. Ordumuz 2020-ci ili Azərbaycan tarixinə ən tünd qırmızı şriflərlə həkk elədi.
2020-cü ilin iqtisadi yekunlarına gəldikdə isə bu il bütün dünya iqtisadi modelləri üçün ən bərbad il oldu. Pandemiya səbəbindən əksər ölkələrin iqtisadiyyatı kiçildi. Bizim də iqtisadiyyatın əsas göstəticisi olan ÜDM-in 4%-dən çox azaldı. Daha dəqiq desək, Dövlət Statistika Komitəsindən verilən məlumata görə bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% az ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,9%, neft-qaz sektorunda isə 6,5% azalıb.
ÜDM istehsalının 34%-i sənaye, 11,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,4%-i nəqliyyat və anbar təsərrüfatı, 7,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3%-i tikinti, 2%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,7%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9%-ni təşkil edib.
Pandemiyanın və müharibənin təsirlərini nəzərə alsaq, bu göstəricilər başa düşüləndir. Qeyd etdiyim kimi sosial-iqtisadi geriləmə bütün ölkələrdə müşahidə edilir. Sadəcə bizdə olan geriləmə faizin həcmi haqda real təssəvvür yaratmaq üçün qonşu ölkələrlə müqayisə etmək istərdim. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə Gürcüstan iqtisadiyyatı, 2020-ci ilin ikinci rübündə əvvəlki dövrdə 2,2% artımdan sonra illik müqayisədə 12,3% azaldı. Ermənistan iqtisadiyyatı isə 2020-ci ilin üçüncü rübündə Covid-19 və Azərbaycanla olan müharibədən sonra əvvəlki dövrdə 13,7% azaldı. Bu məlumat da Ermənistan Milli Statistika Xidmətinin rəsmi məlumatıdır. Güründüyü kimi hər iki ölkənin bizimlə müqayisədə ÜDM göstəricisində daha aşağı nəticəsi var. Yalnız Rusiya iqtisadi geriləmənin nisbətində Azərbaycanda olan iqtisadi göstəriciyə yaxın durumdadır. Belə ki, Rusiyanın Federal Dövlət Statistika Xidməti ümumi daxili məhsulu 2020-ci ilin üçüncü rübündə əvvəlki üç aylıq dövr üzrə 8%-lik daralmadan sonra azalaraq 3,6% enməsin nəticəsində illik kiçilmənin 3,4% olduğunu bildirir.
Pandemiyanın iqtisadiyata təsiri başlamazdan əvvəldə Azərbaycan böyük fərqlə qonşularını üstələyirdi. Müqayisə üçün qeyd edim ki, 2019-cu ilin yekunlarına görə Azərbaycan, Gürcüstan və Ermənistanın ÜDM-nin ümumi həcmi 79,5 milyard dollara yaxın olub. Ermənistan 13.67 milyardla 17% lik paya, Gürcüstan 17.74 milyard dollarla 22% -lik paya sahib olduğu halda Azərbaycan 48.05 milyard dollar həcmində olan ÜDM hesabına təxmini 61% paya sahib olub.
2020-ci ildə hər üç ölkənin iqtisadiyatındakı geriləmə faizinə uyğun olaraq, hesablama aparsaq, görərik ki, cari ilin Cənubi Qafqaz üzrə ÜDM-lərin nisbəti növbəti dəfə Azərbaycanın xeyrinə dəyişəcək. Beləki, ötən ilki təxminən 61%-lik pay 64,2%-ə qədər yüksələcək. Ermənistanın payı, 17%-dən 15.4%-ə, Gürcüstan isə 22%-dən 20.4%-ə enəcək.
Eldəniz ƏMİROV
SOCAR əməkdaşı, iqtisadçı ekspert