https://525.az/img/pics/medium/2024-04/310206_nzabxr6ypc.jpg İgid Kəngərli süvarisi Kərim ağa Şahtaxtinski
https://525.az/img/pics/medium/2023-10/288649_kygy3lxeql.jpg Qəfil yada düşənlər - Aydın Tağıyev yazır
https://525.az/img/pics/medium/2024-04/310290_6v4mu9weea.jpeg Xalq yazıçısı Anarla Sabirabadda görüş
https://525.az/img/pics/medium/2022-06/229553_nw21eh3jsz.jpg Hədiyyə - İmir Məmmədlidən yeni novella
search
16 Aprel 2024

AİJA - tarixə çevrilən 25 il

AİJA - tarixə çevrilən 25 il

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA-nın yaradılmasından 25 il ötür. Bu 25 ilin hər biri ölkənin idman mediası tarixinin parlaq səhifəsidir desək, əlbəttə, yanılmarıq. Nəzərə alsaq ki, müstəqil Azərbaycan Respublikasının cəmi 29 yaşı var, onda 25 rəqəminin də möhtəşəmliyi və heç də kiçik tarix olmadığı görünər.

Təməli 1995-ci ildə əməkdar jurnalist Eldar İsmayılov tərəfindən qoyulan, ölkənin idman mediasının yaradıcı əməkdaşlarının  milli birliyi missiyasını ləyaqətlə həyata keçirən Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA ölkə daxilindəki uğurlu fəaliyyəti ilə yanaşı, beynəlxalq əlaqələrini də möhkəm təməllər üzərində qura bilib. AİJA yaranışından bir il sonra, 1996-cı ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına - AİPS-ə müraciət edərək dünya idman və media aləmində yüksək nüfuza malik bu təşkilata müvəqqəti üzv statusu alıb, 1997-ci ilin mayında isə İspanıyanın Ovyedo şəhərində keçirilən 60-cı Ümumdünya Konqresində yekdil səslə AİPS-ə və təşkilatın qitə seksiyası Avropa İdman Mətbuatı İttifaqına (AIPS EUROPE/UEPS) tam hüquqlu üzvlüyü təsdiq edilib.

Həmin vaxtdan da AİJA Azərbaycan  idmanının və idman mediasının beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropaya və dünyaya inteqrasiya, müasir idmanın problemlərinin və ən aktual məsələlərinin idman ictimaiyyətinə, idmansevərlərə və peşəkarlara çatdırılması, media əməkdaşlarının peşə ustalıqlarının artırılması istiqamətində məqsədyönlü fəaliyyətini yüksələn xətlə inkişaf etdirir. Bu gün idmanın və idman mediasının ən nüfuzlu dairələrində AİJA üzvləri və tərəfdaşları bu missiyanı şərəflə yerinə yetirməkdədir.

Sonra Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə AİJA nümayəndə heyəti hər il keçirilən ümumdünya və qitə məclislərində - Macarıstanda, Kanadada, Yunanıstanda, Portuqaliyada, Mərakeşdə, İsveçrədə, Çində, Cənubi Koreyada, Qətərdə, Avstriyada və digər ölkələrdə keçirilən AİPS və UEPS konqreslərində ölkəmizin idman mediasını ləyaqətlə təmsil etdi, Bakının möhtəşəm saraylarında yaddaqalan maraqlı tədbirlərə imza atdı, bir sıra möhtəşəm layihələrin həyata keçirilməsinə nail oldu, üzvlərinin və təəssübkeşlərinin boy sırasını bir neçə nəfərdən 500-ə yüksəltdi, Avropa və dünya ölkələrinin tanınmış idman yazarları, həmçinin, Beynəlxalq Olimpiya Komitəsi (IOC), Avropa Olimpiya Komitəsi (UOC), Beynəlxalq İdman Federasiyaları Baş Assambleyası (GAİSF), Dünya Antidopinq Komitəsi (WADA), bir sıra Beynəlxalq İdman Federasiyaları, Beynəlxalq Universitet İdmanı Federasiyası (FISU) və digər nüfuzlu təşkilatlarla sıx və qırılmaz əlaqələr qura bildi.

Bütün bu məqsədyönlü işlərin nəticəsidir ki, həm AİJA, həm də onun rəhbəri, ömrünün 54 ilini peşəkar jurnalistikamıza həsr etmiş Eldar İsmayılov beynəlxalq media və idman aləmində Azərbaycana başucalığı gətirəcək bir səviyyəyə yüksələ bilmişdir.

Təsadüfi deyil ki, 2010-cu il aprelin 28-də Türkiyənin turizm cənnəti Antalyada, beşulduzlu «Riksos Premium Hotel»də 50-dək ölkənin milli idman jurnalistləri  qurumunu öz ətrafında birləşdirən Avropa İdman Mətbuatı İttifaqının - (AIPS EUROPE/UEPS) 32-ci Baş Assambleyasında gizli səsvermə yolu ilə keçirilən seçkilərdə həmin təşkilatın İcraiyyə Komitəsində yaxın dörd il üçün 12 yerə Yunanıstan, Rusiya, Malta, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, Serbiya, İrlandiya və Sloveniya nümayəndələri ilə yanaşı, ilk dəfə olaraq Azərbaycan təmsilçisi Eldar İsmayılov da yer tuta bildi. Belçika, Polşa, Xorvatiya və bir sıra ölkələrdən olan namizədlər isə lazımi miqdarda səs toplaya bilmədilər. Bu sevindirici hadisə, 145 illik Azərbaycan jurnalistikası tarixində beynəlxalq media təşkilatı rəhbərliyinə seçimlərdə ilk qələbəmiz kimi tarixə və yaddaşlarda yaşayacaq.

Milli təşkilatımızın Avropa İdman Mətbuatı İttifaqı rəhbərliyində təmsil olunması ilə əlaqədar 2011-ci ilin beynəlxalq əlaqələr qrafikinin daha çevik və dinamik olacağı gözlənilirdi. Belə də oldu. 2011-ci ildə  AİJA nümayəndələri müxtəlif ölkələrdə baş tutan 9 beynəlxalq tədbirdə uğurla iştirak ediblər.

AİJA prezidentinin təklifi ilə Avropa idman yazarları elitası öncüllərinin - AIPS EUROPE İcraiyyə Komitəsinin Bakıda toplanmasına qərar verilmişdi. Ölkə başçımız cənab İlham Əliyevin bilavasitə diqqəti və tapşırığı ilə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi tədbirin təşkilinə cəlb olundular. Nəticədə, Bakıda yenicə istifadəyə verilmiş “Hilton” hotelində AİJA bu tədbirin yüksək səviyyədə keçirilməsinə nail ola bildi.

Həmin vaxt dövlət başçımız xaricdə işgüzar səfərdə idi. Lakin Bakıdakı tədbirimizi diqqətdə saxlamışdı. AİPS prezidenti Canni Merlonun da qatıldığı Avropa İdman Mətbuatı İttifaqı İcraiyyə Komitəsinin üzvləri ölkəmizin Milli Məclisində yüksək səviyyədə qəbul olundular. Milli Məclisin o vaxtkı sədri cənab Oqtay Əsədovla olduqca səmərəli və yaddaqalan görüş oldu. Söhbət zamanı yaxın illərdə MDB məkanında ilk dəfə AİPS konqreslərindən birinin Bakıda keçirilməsi təşəbbüsü irəli sürüldü.



Daha sonra cənab Prezident bu işə öz xeyir-duasını verdi. 2012-ci ilin 12-16 fevralında AİJA prezidenti Eldar İsmayılov, vitse-prezident Nərgiz Mahmudzadə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, digər fəallarımızdan ibarət geniş tərkibli nümayəndə heyətimiz Avstriyanın İnsbrusk şəhərində keçirilən AİPS-in 75-ci konqresinə qatıldı.

Konqresin açılış mərasimində üç dövlətin başçıları - Avstriya prezidenti Hayns Fişer, federal kansler Verner Fayman, İordaniya şahzadəsi Feisal ibn Hüseyn, Monako knyazı Albert II iştirak etdilər. Konqresdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AİJA-nın üzvü Çingiz Hüseynzadə və AİJA-nın birinci vitse-prezidenti Nərgiz Mahmudzadə çıxış edərək ölkəmizin 2014-cü ildə AİPS-in 79-cu konqresinin Bakıda keçirilməsi təklifi ilə çıxış etdilər. AİPS tarixində ilk dəfə rəsmi dövlət zəmanət məktubu olmadan təklifimiz konqres iştirakçılarının alqışları ilə qarşılandı.

2013-cü ilin 15-19 aprelində AİJA-nın geniş tərkibli nümayəndə heyəti Soçi şəhərində təşkil olunan 78-ci konqresində növbəti ildə Bakıda keçiriləcək konqreslə bağlı AİPS və AİJA arasında müqavilə imzalandı, tədbirin son günü Rusuya Federasiyası baş nazirinin müavini Vitali Kozak, Ümumrusiya İdman Jurnalistləri Federasiyasını prezidenti Nikolay Dolqopolov ənənəvi olaraq AİPS-in bayrağını təntənəli şəkildə növbəti ildə konqresə ev sahibliyi edəcək ölkənin nümayəndələrinə  - Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılova təqdim etdilər.

2014-cü il aprelin 26-da Bakıda, “Marriot Abşeron” Hoteldə AIPS EUPOPE/UEPS-in Baş Assambleyası keçirildi. Burada növbəti dörd il üçün təşkilatın İcraiyyə Komitəsinə seçkilər keçirildi. AİJA prezidenti Eldar İsmayılov 4 il əvvəl Antalyadakı qələbəsini yenilədi.

Həmin axşam konqres iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin parlaq nitqi qonaqların hafizəsində silinməz izlər buraxdı.

27 aprel-1 may 2014-cü il tarixdə Bakıda AİPS-in 90 illiyinə təsadüf edən konqres müvəffəqiyyətlə keçdi.

Sonrakı illərdə də AİJA-nın beynəlxalq fəaliyyəti uğurla davam etdi və bu gün də davam etməkdədir.

Bəşəriyyətə meydan oxuyan COVİD-19 pandemiyası səbəbindən Azərbaycanda kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılıb. Bu səbəbdən AİJA özünün 25 yaşını rəsmi qeyd edə bilmir. Lakin yarandığı 1995-ci ildən bu günə kimi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası ölkə daxilində yüzlərlə maraqlı layihələrə imza atıb, çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlər keçirib. Bu gün də öz missiyasını ləyaqətlə davam etdirir. Arxada isə tarixə çevrilmiş 25 il vardır.

Nərgiz Mahmudzadə
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının 1-ci vitse prezidenti, AİPS-in üzvü

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.