Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.
Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!
Esmira FUAD
Filologiya elmləri doktoru
***
Duman ƏRDƏM
1983-cü ildə Təbrizdə anadan olub. Şeir, hekayə və pyesler yazmaqla bərabər, həm də romanlar müəllifidir. Güney Azərbaycanın gənc yazarları arasında ən çox oxunan və öncül imzalardan biri kimi tanınır.
Nəşr olunan şeir kitabları: "Öp ölümünü", "Kola qutusunda it ölüsü" və "Sonuncu sufi"...
Şairi bəzən antiədəbiyyatçı adlandırsalar da, özü bu fikirlərlə qətiyyən razılaşmır. Onun belə bir fikri var ki: "Heç nə tənqid olunmayacaq dərəcədə ülvi deyil".
Dumanın əsərlərini oxuyub anlamaq oxucudan müəyyən hazırlıq tələb edir.
Qaçmaq
Hamı yatırsa gecələr
Mən yerin altına qulaq asıram,
Sən demə, gördüyümüz röyalar
yer altında yaşanan həyatlardır...
Hamımız dustağıq,
hamımız sürgün
bu yer üzündə.
Ulduz keşik çəkir,
it keşik, pişik keşik çəkir...
Dənizdəki bəyaz quşlar
həbsxanaya göndərilən məktublardır.
Hələ ki yeri qazırıq,
hələ ki qaçmağı düşünürük.
Qaçmağı...
Məzar
Mən əvvəlcə quş idim,
Mən əvvəlcə balıq.
Göy üzündəki təyyarələr,
Dənizdəki gəmilər
Ən böyük xatirədirlər.
Sonra qovulanda,
Yəni insan kimi doğulanda
İçimə bir məzar verdilər,
Hər kəsin içinə bir məzar verdilər,
Daşı dedilər.
Sonra vaxtı gələndə könüllücə
"Uzan və öl" dedilər.
Məzarlıqda qoca bir itdən sordum:
- Ay it, ay it, mən nəyəm?
- Sən məzarsan, - dedi, - məzar...
Bulud
Əgər bu buludların altında
saçlarımız ağarırsa,
Əgər saçlarımızın üzərində
buludlar yox olursa,
başmaqlarımız yırtılırsa,
buludların altında
sevdiyimiz köynək
təmizlik köhnəsinə çevrilirsə,
əgər bu buludların altında
biz iki baş, iki bədəniksə,
gəl sevgiylə yormayaq özümüzü,
sevməmişdən ayrılaq...