|
|
|
|
(Əvvəli 21 noyabr sayımızda)
Lakin rüşvətxorlara qarşı mübarizə başlanmışdır və nəticəsinə də böyük ümidlər yaranmışdır. Uğurlu sonluğa hamı sevinəcəkdir, yuxarılar xalqın dəstəyindən ilham alacaqdır. Əgər bu bəlanın qarşısı alınmasa, daha böyük fəsadlar meydana çıxa bilər. Rusiyanın təcrübəsində ibrətamiz hallar mövcuddur. 1837-ci ildə Peterburqda N.V.Qoqolun "Müfəttiş" pyesinin tamaşası göstərilirdi. Çar I Nikolay əyanları ilə lojada oturmuşdu. Tamaşa bitəndə, pərdə salınanda alqışlar qopdu, çar da əl çalırdı. O, ayağa qalxıb, ətrafındakılara dedi:
- Sizin hər birinizə layiqli pay düşdü, ən böyük pay isə mənim özümə düşdü.
Professor Səfərli güman edirdi ki, universitetdəki rüşvətxorlar barədə yazılan pyes tamaşaya qoyulsa, rektor da üzünü onlarla müəllimə tutub bu sözləri deyərdi. Çünki Rusiyanı dünyada biabır edən nümunə, bizim ölkəmizə qədəm qoysa, bu, xalqımıza, dövlətimizə heç də şərəf gətirməz. Ona görə də xalqın böyük əksəriyyəti bu bəlaya qarşı mübarizəyə tutarlı dəstək verməlidir. Uzun illər ərzində zibillənmiş Avgi tövləsini Herakl, çayın məhvərini dəyişib, onun üstünə istiqamətləndirməklə bir gündə təmizlədi.
O, rüşvətxorluğu nəzərdə tutaraq deyirdi:
- Sizin zibillə doldurmağa çalışdığınız məkanı da təmizləməyə belə bir iradə və fərasət lazımdır və əslində, uyğun gələn xarakterik fəaliyyətin uğuruna şübhə etmirik. Bəzi professorlar öz xoşagəlməz fəaliyyətlərini ört-basdır etməyə çalışır, buna üçün ələ keçirdikləri titulları ilə iri bığları kimi fəxr edirlər. Bığı qırxmağa bir ülgüc bəs elədiyi kimi, dövlətin möhkəm iradəsi ilə də sizin fəaliyyətinizə, pis əməllərinizə son qoyula biləcəkdir.
Südabə xanım universitetin dəhlizində başqa fakültədə işləyən, savadsızlığı və rüşvətxorluğu hamıya yaxşı məlum olan bir professorla rastlaşdı. Bu, həmin adam idi ki, arxasınca onu "dikbaş", "həyasız qadın" adlandırmışdı, dünya ədəbiyyatına sevgisinə görə isə onu "kosmopolit" yarlıkı ilə təltif etmişdi. Eşitmişdi ki, ölümünə yaxın ərəfədə Stalin yeni repressiya dalğası yaratmaq üçün "kosmoplitizm"ə qarşı mübarizə başlatmışdı. Südabə xanım ötüb keçmək istədikdə, professor həyasızcasına ona əlini uzatdı, az sonra əlini geri çəkməli oldu və hirsini soyutmaq üçün uca səslə dedi:
- Kefin necədir, ay kosmopolit alimimiz. Artıq bizi bəyənmirsən, tez-tez İngiltərədə olursan, oranı su yoluna döndərmisən. Səni qınamıram, ay qınını dəyişən bacım!
Südabə xanım onun belə hal-əhval tutmasından narazılığını gizlətmək üçün dedi ki, adalar ölkəsinə su yolu ilə getmək heç də eyib deyildir. Əlavə etdi ki, yəqin, məni adlandırdığınız sözün mənasını da bilmirsiniz. "Kosmopolit" yunan dilindən gələn sözdür, "dünya vətəndaşı" deməkdir. Hətta qədim Romanın nəcib imperatorlarından biri, böyük filosof Mark Avreli qürurla yazırdı ki, "Bir Antonim kimi (mənsub olduğu sülalənin adı belə idi) mən romalıyam, ancaq bir insan kimi mən özümü dünya vətəndaşı hesab edirəm". Siz mənə bu titulu verməklə layiq olduğumdan da daha yüksəklərə qaldırırsınız, buna görə sizdən yalnız razı qalmaq olar.
Elm və təhsil idarəsini öz votçinanız, şəxsi malikanəniz hesab edirsiniz. Əllaməlikləriniz hədd tanımır. Korrupsiyanın alovlu plazması təhsili öz əsarətinə alır, bu fəaliyyətinizlə hətta öyünürsünüz də. Siz güman edirsiniz ki, qanunların sizə aidiyyəti yoxdur. Qanuna məhəl qoymamaq pis nəticələrə gətirib çıxarır. Elə güman etməyin ki, bu, sizin ixtiranızdır. XIX əsr Almaniyasında kansler Otto fon Bismark da qanuna məhəl qoymaması ilə lovğalanırdı. Mənəvi əcdadı II Fridrix kimi o da nə Allaha, nə şeytana inanırdı. Yeri gələndə dövlət prinsiplərinə də məhəl qoymurdu. ABŞ-dakı alman partiyasının lideri, çox milyonluq var-dövləti olan Şurtsun Almaniyada olduğunu bildikdə, onunla görüşməyə can atdı. Şurtsun üzərində isə Bismarkın doğma vətəni olan Prussiyada ölüm hökmü var idi. Buna baxmayaraq, kansler tapşırdı ki, ona çatdırsınlar ki, "Şurts kimi adamlar üçün qanun yazılmamışdır". Bismark Berlində ona nahar verdi, naharda hökumətin üzvləri olan nazirlər iştirak etmişdi. Nahardan sonra təkbətək danışığında ona dedi ki, "Siz mənim yoldaşlarımı gördünüz və eşitdiniz, belə eşşəklərlə mən Almaniyanı idarə etməli və yaratmalıyam". Hökumət sədri öz silahdaşları olan nazirləri belə kobud qaydada təhqir etməyi də özünə rəva bilmişdi. Ona görə də sizin tikanlı sözlərinizdən incimirəm.
Bismark alman xalqı üçün çox şey etmişdi, Fransa üzərində asanlıqla qələbə çalmış, Almaniyanı vahid dövlət kimi birləşdirmişdi. Lakin onun militarizm ənənəsi zəhərli meyvələr verdi, I Dünya müharibəsinin və II Dünya müharibəsinin bədnam təşəbbüskarları olan kayzer II Vilhelm və fürer Hitler on milyonlarla insanın həyatını itirməsinə, əsasən Avropanın şəhər və kəndlərinin viran qalmasına, görünməmiş aclığın yaranmasına səbəb oldular. Bismarkın mirası Almaniyanın özünə çox baha başa gəldi.
Qanunlara məhəl qoymamaq, rüşvətxorluq dövlətə, ölkəyə böyük yara vurur. Onların miqyası böyüdükcə mübarizənin uğuruna inam zəifləyir. Yadıma bir Çin pritçası düşür. Çindəki keçmiş illərin birində adamlar və meymunlar bir qəfəsə salınmış və qəfəsin ağzı bağlanmışdı. Açar isə meymunun əlində idi. Adamlardan biri meymunu aldada və açarı əlinə keçirə bilir. Lakin o, açarı əlinə götürən kimi özü də meymuna çevrilir və qəfəsin qapısını aça bilmir. Rüşvətxorlar da, bədbəxtlikdən öz ətrafındakıları da bu xəstəliyə yoluxdururlar. Dünənə qədər normal insan olanlar eybəcər meymunların güclü təsiri ilə özləri də, onların nümunələrindən qidalanaraq bənzər meymunlara çevrilirlər.
Südabə xanım qəflətən üzə çıxan ittihamlarından sonra professorun təhqiramiz sözünə cavab vermək istədi:
- Hal-əhval tutanda mənimlə bərabər, özünüzü də yerli faunanın bir nümayəndəsi kimi təqdim etdinizsə, mən incimirəm, yəqin ki, həmin növü siz özünüzə totem qəbul etmisiniz, nəslinizin başlanğıcı hesab edirsiniz. Məni də öz tayfanızın üzvlüyünə keçirmək istəyirsinizsə, mən traybalizmin qəti əleyhdarı olsam da, bu məqamda tayfanızın imicinə, inancına, əcdadlarınızın rəmzi bünövrəsinə xələl gətirmək istəməzdim.
Professor bu sözlərin çoxunu anlamırdı, ona görə də narazı qaydada dedi:
- Məşədi İbad demişkən, o qədər qəliz danışırsan ki, heç nə başa düşmək olmur. Görərsən, bu qəlizlik gec-tez sənin axırına çıxacaqdır.
Südabə xanım:
- Xeyir-duanıza görə sizə böyük minnətdarlıq düşür. Əlinizə fürsət düşsəydi, mənə cəhənnəmin doqquz dövrəsini göstərərdiniz.
- Yoxsa elə bilirdin ki, səni qələbəmizdən sonra Şuşanın dolamalarına, sonra da Cıdır düzünə dəvət edəcəyəm.
Südabə xanım dedi:
- Şuşa hökmən azad olacaqdır. Mən də çoxları kimi görüşünə çoz darıxdığım bu müqəddəs məkana gedəcəyəm. Şuşa bizim üçün milli məbədə çevriləcəkdir. Oraya minlərlə, yüz minlərlə azərbaycanlı gedəcəkdir ki, uzun illərin həsrətindən sonra öz doğma qızını bağrına bassın, onun hərarət saçan ağuşuna qısılsın. Məkrli bələdçilərə də ehtiyac olmayacaqdır.
Sonra Südabə xanım təkcə öz kolleqasına deyil, onun təmsil etdiyi mənfur cəbhəyə ünvanlanan ittihamlarını dilə gətirdi, bunları deməyə bir imkan axtarırdı, indi həmin fürsət ələ düşmüşdü:
- Sizin alicənablığınıza az-çox bələdəm. Mənə hörmətdən uzaq münasibətinizə də dözərəm. Bircə elmə divan tutmayın. Siz xalqımızı da kastalara bölməyə cəhd edirsiniz. Elmi adlar layiq olub-olmasına məhəl qoyulmadan paylanır, özü də yaxın adamlara, klan üzvlərinə. Ona görə də bilik tələb olunan yerdə, elm məbədində bəzən cəhalət baş alıb gedir. Buna son qoyulmalıdır. Çində isə buna hələ bizim eradan əvvəl III əsrdə son qoyulmuşdu. Mərkəzləşdirilmiş Çin dövlətinin ilk imperatoru olan Tsin Şi Huan-di bütün irsi aristokrat titullarını ləğv etdi, əslində, qanun qarşısında bütün vətəndaşları bərabərləşdirdi. İmperator hətta öz oğlanları və qardaşları üçün də istisnalığa icazə verməmişdi, onları sadə adamlar səviyyəsinə endirmişdi. Təsadüfi deyildir ki, imperator Şi Xuan-di buna qədər hökmdar mənasını verən ənənəvi "van" titulundan da imtina etmiş, özünü yuxarıdakı qaydada "Qütb ulduzu" mənasını bildirən, ərəblər sonralar buna Quteyba deyirdilər, yeni titulu seçmişdi. Bu ölkədə iki min il bundan əvvəl dövlət idarəçiliyində "meritokratiya" sisteminə keçilmişdi, bütün ölkədə aşağıdan yuxarı imtahanlar keçirilir, biliyinə görə seçilənlər dövlət vəzifələrinə götürülürdü. Sadə kəndli oğlu da öz qabiliyyətinə görə imperator sarayında işləyə bilərdi, beləliklə, "ləyaqətlilərin hakimiyyəti" prinsipi meydana gəlmiş və öz real ifadəsini tapmışdı. Meritokratiyanın prinsiplərini, qəribə də görünsə, nağaraya bənzətmək olar. Nağara yeganə musiqi alətidir ki, heç vaxt başqa cür, fərqli, saxta səs çıxarmır.
Onların tikanlı dialoqu beləcə başa çatdı.
Südabə Səfərli bir elm adamı kimi xalqın maariflənməsini vacib vəzifə hesab edir, bunun üçün kitabın, mütaliənin böyük əhəmiyyətini qeyd edirdi. Dahi yazıçılar öz ölkələrində kitabın yayılmamasının, mütaliənin aşağı səviyyədə olmasını böyük milli bəla hesab edirdilər. Bu məqsədlə o, A.P.Çexovun XIX əsrin sonunda yazdığı iki hekayəsini misal gətirirdi. Qəflətən əyalət şəhərində varlanan bir adam kitab mağazası açdı ki, öz həmyerliləri savadlansın. Paytaxtdan çoxlu kitablar alıb gətirdi. Üç ay ərzində mağazanın qapısını açan olmadı, tək-tək buraya gələnlər isə başqa məişət malları axtarırdılar. Bir azdan o, mağazasında sənaye malları satmağa başladı, kitabları piştaxtanın altında gizlətdi. Kitabları saxlamağın özü də çətinlik törətdiyindən, bu bilik daşıyıcılarını ədəd ölçüsü qaydasında deyil, çəki ilə, özü də bir pudunu qəpik-quruşa satdı.
Digər hekayəsində isə Çexov bir qocaman müəllimi təsvir edir, bu adam son otuz ildə bir kitab və ya qəzet oxumaması ilə lovğalanır. Keçmiş şagirdlərinə də tövsiyə edir ki, romanları və qəzetləri oxumağa vaxt itirməsinlər. Yazıçı öz ölkəsindəki savadsızlığı, bilik mənbəyi olan kitaba pis münasibəti ifşa edir. Təəssüf ki, XXI əsrin əvvəlində bizim ölkəmizdə də Rusiyada xeyli əvvəl baş verən hallara rast gəlmək olur, kitab, jurnal hörmətini itirmiş bir əşyaya çevrilmişdir.
Professor Səfərli barama qurdu kimi milli mədəniyyət yuvasında gizlənməyi də səhv hesab edirdi. Xalqımız daim yad təsirlərə məruz qalsa da, öz mədəniyyətinin karkasını, özünəməxsusluğunu qoruyub saxlaya bilmişdir. Müasir dövrdə hasar çəkib onu qorumaq da ağılsızlıqdır. Mədəniyyət küləyi sərhədlər tanımır, beton sədləri də ötüb keçə bilir. Bir elm adamı kimi mən istəyirəm ki, bütün ölkələrin mədəniyyət küləyi mənim qapımda da mümkün olduğu qədər sərbəst əssin. Lakin mən istəmirəm ki, öz gücü ilə o, məni yıxsın, bizi milli dəyərlərimizdən ayrı sala bilsin. Heç kəs istəməz ki, özünü başqasının evində çağırılmamış qonaq kimi, dilənçi və ya qul kimi hiss etsin. Öz evimizdə rahat yaşamaqla yanaşı, qapılarımızı məhbəs qapısı kimi beş yerdən bağlamamalıyıq. Bunu təbliğ edənlər isə bizim mədəni inkişafımıza, onlar bunu başa düşməsələr də, əslində, mane olurlar.
(Ardı var)