|
|
|
|

Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki,bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir.İkinci tərəfdən də Ermənistanın millətçi,vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdir - vəhşiliyin görünməmiş bir təzahürüdür.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı artıq iki əsrə yaxındır ki, erməni millətçiləri tərəfindən vaxtaşırı, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinin, həmçinin əsas insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və digər qeyri-insani, insan ləyaqətini alçaldan rəftarla müşayiət olunan etnik təmizləməyə və təcavüzə məruz qalmaqdadır. Çoxsaylı tarixi sənədlər sübut edir ki,erməni millətçiləri tərəfindən hələ 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə Qafqazda öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan yüzminlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından deportasiya olunmuşdur.
Azərbaycan xalqının başına gələn ən dəhşətli hərbi cinayətlərindən biri də erməni silahlı dəstələrinin və Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının mayor Seyran Ohanyanın başçılığı altında 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə törətdikləri Xocalı soyqırımı oldu.
Həmin gecə Ermənistan Respublikasının silahlı qüvvələri öz havadarları ilə birlikdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinə hücum edərək heç bir günahı olmayan mülki əhalinin şəhəri tərk edə bilməmiş hissəsini də qəddarlıqla qətlə yetirmişlər. Şahidlər təsdiq edirlər ki, həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək uşaqlar və qocalar güllələnmiş, bəzi meyitlərdə bir neçə xəsarət yerləri aşkar edilmişdir. Belə ki,bir neçə uşaq meyitinin qulaqları kəsilmiş, yaşlı bir qadının sifətinin sol yanağının dərisi soyulmuş, qoca kişinin kəllə sümüyü çıxarılmışdı. İlk dəfə 28 fevral 1992-ci ildə hadisə yerinə vertolyotla gələnlər 500 metr radiusda ərazinin meyitlərlə örtüldüyünü görmüşlər. Bir gecənin içində yüzlərlə günahsız insan xüsusi qəddarlıqla məhv edilib. Xocalı şəhərinin işğalının faciəli nəticəsi bunlardır: 613 nəfər, 487 nəfər şikəst olmuş, 1275 adam erməni əsirliyinə düşmüş, 150 nəfər itkin düşmüş, şəhər isə yerlə-yeksan edilmişdir.
Ermənistanın silahlı qüvvələri və muzdlular bütöv ailələri məhv edib, insanları amansızcasına qətlə yetirmişlər: adamların dərisi soyulub, qulaqları kəsilib və başlarının dərisi soyulub çıxarılmışdır.
Soyqırım hadisəsindən sonra cinayətin baş verdiyi yerdə olmuş fransız jurnalisti Can İv Yunet demişdir: "Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər".
Yüzlərlə dinc əhalinin qanına qəltan edildiyi bu hadisələr Xocalı genosidi - soyqımı kimi tarixə düşdü.
Soyqırımın hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən olunmuşdur. Bu Konvensiyada soyqırım cinayəti hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlərdən ibarətdir:
- bu cür qrup üzvlərinin öldürülməsi;
- belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;
- hər hansı bir qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitin yaradılması;
- bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi;
- uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.
Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini obyektiv cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırım cinayətini təşkil edən əməllərdən hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırım kimi tövsifi üçün kifayət deyil. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı əvvəlcədən mövcud olan konkret niyyəti ortaya çıxarmaq tələb olunur.
Qabaqcadan xüsusi olaraq düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki əhalinin avtomat, pulemyot və başqa silahlardan gülləbaran edilməsi məhz soyqırım niyyətini sübut edir.Həmin cinayətin azərbaycanlı milli qrupuna qarşı yönəlməsi də danılmaz faktdır.
Soyqırım cinayətini təhlil edərkən onun üç əsas ünsürünün mövcud olması aydınlaşır:
- tanınan milli, etnik, irqi və ya dini qrupun olması;
- bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması;
- tanınan qrupla bağlı soyqırım hərəkətlərindən hər hansı birinin törədilməsi.
Deməli, soyqırım aktı məhz milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlməlidir. Başqa qrupa, məsələn, siyasi və ya sosial qrupa qarşı yönələn bu cür hərəkətlər soyqırım kimi qiymətləndirilə bilməz.
Xocalı hadisələrinə soyqırım kimi qiymət verməyə istinad ediləcək bir çox beynəlxalq hüquq norması və müqavilə mövcuddur. Bunlardan:
1. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya.
2.Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur).
3. Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (4- cü mad.)
4. Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (1- ci mad.).
5. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (6- cı mad.).
Beynəlxalq hüquq soyqırım cinayəti ilə əlaqədar aşağıdakıları hüquqi nəticələri müəyyənləşdirmişdir:
1.Soyqırım cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür.
2. Soyqırım cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırımında iştirak etmək də cinayət məsuliyyəti doğurur.
3. Soyqırım cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır.
4. Soyqırım cinayətini törətməkdə əmrin icrasına istinad, şəxsi cinayət məsuliyyətindən azad etmir.
5. Soyqırım cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə rəhbər şəxs məsuliyyət daşıyır.
6. Soyqırım cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri tətbiq edilmir.
7. Soyqırım cinayətini törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb edən dövlətə verilməlidir.
Beləliklə, ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş bütün əməllər beynəlxalq hüquq sənədlərinə uyğun olaraq soyqırım kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə görə bəşəriyyətə qarşı cinayət sayılır.
Şəlalə QULUZADƏ,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə
Akademiyasının əməkdaşı



