|
|
|
|
Ötən ay Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda böyük mütəfıkkirin 580 illik yubileyi münasibətilə beynəlxalq onlayn elmi konfrans keçirilmiş, mətbuatda yazılar dərc edilib.
525.az xəbər verir ki, bugünlərdə isə Bakıda Əlişir Nəvayinin məşhur “Məhbub ül-qülub” əsəri işıq üzü görmüşdür. Kitabı Azərbaycan dilinə tanınmış alim, Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri professor Ramiz Əskər çevirib.
Dünya və Şərq ədəbiyyatının məşhur “Kəlilə və Dimnə”, “Bustan”, “Gülüstan”, “Qabusnamə”, “Qutadğu bilik” kimi didaktik inciləri ilə yanaşı duran bu əsər Nəvayi humanizminin zirvəsidir. Türkoloq-alim nəşrə geniş önsöz yazmış, bu misilsiz əsərin məziyyətlərini açıb göstərib.
“Məhbub ül-qülub” Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu elmi şurasının qərarı ilə nəşr olunub. Ramiz Əskər ötən il Əlişir Nəvayinin xəmsəsinin tərcüməsini başa çatdırıb, “Əlişir Nəvayi və onun xəmsəsi”, “Özbək ədəbiyyatı tədqiqatları” adlı iki kitab yazıb. Özbək ədəbiyyatı qarşısında xidmətlərinə görə alim Babur adına büynəlxalq mükafata layiq görülmüş, Nəvayi şəhərinin fəxri vətəndaşı seçilib.